Xəbər lenti

 İki dəfə ağır devalivasiyadan sonra iqtisadi ekspertlər bədbin proqnozlar verirdilər. Azərbaycan təcili islahatlara getməsə, tezliklə defolt olacağımızı bildirənlər belə vardı.

Bütün pessimist proqnozlara rəğmən, ölkəmiz iqtisadi böhranı qismın stabilləşdirə bildi. Düzdür, bir çox gündəlik tələbat mallarının qiyməti qalxsa da, hər halda iqtisadi gərginliyin defolt həddinə çatmadığı da ortadadır. Maraqlıdır ki, bunun üçün əslində heç bir islahat da aparılmadı. Heç Azərbaycan iqtisadiyyatının tamamən asılı olduğu neftin də qiyməti qalxmadı. Bəs, bizi bu ağır taledən hansı müqəddəs güc qurtardı?

Bu gün mətbu orqanlarda gedən bir məlumat yuxarıdakı suala yetərincə aydınlıq gətirir. Sən demə, bu zamana qədər “qara qızılı”nı satıb qarnını doyuran ölkəmiz, neftin ucuzlaşmasıyla yaranan böhranı da elə qızılla atlada bilib. Amma bu dəfə söhbət həqiqi qızıldan gedir. Məlumata görə, ölkəmiz bu ilin ilk günündən etibarən qızıl ehtiyatımızı da hərraca çıxarıbmış. Dolayısıyla biz də həmin qızılımızı yeyə-yeyə bu ilin ilk yarısına qədər başımızı girləmişik. Acınacaqlı hal budur ki, həmin qızıl ehtiyatımız da artıq tükənib. Bəs, bundan sonra nə edəcəyik?

Lütfən, bura qədər oxumağa səbriniz çatıbdırsa, Ovqat.com-u əsassız bəd xəbər yaymaqda günahlandırmayın. Ən yaxşısı, Azərbaycanın yarırəsmi mətbu orqanı kimi tanınan “Report”-un aşağıdakı xəbərini oxuyun!

 Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb.

Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatına görə, Azərbaycan qlobal reytinqdə yer almayıb.

Qeyd edək ki, yanvar ayında Azərbaycan 18 ton rəsmi qızıl ehtiyatlarına sahib olub və qlobal reytinqdə 63-cü sırada yer alıb. Ümumdünya Qızıl Şurasının hesabatına görə, Azərbaycan rəsmi qızıl ehtiyatlarını 2016-cı ilin sentyabr ayından etibarən satmağa başlayıb. Belə ki, sentyabr ayında satış həcmi 1 ton, oktyabrda 4,2 ton, noyabrda 3 ton, dekabr 2 ton, cari ilin yanvarında 2 ton və fevralda 18 ton təşkil edib. Yəni, Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb.

Xatırladaq ki, ARDNF martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. Qurumdan “Report”a ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib: “Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur".




Ana səhifəyə qayıt        Baxış: 1 338          Tarix: 3-08-2017, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma