Xəbər lenti


BİR ÖMÜR YAŞADIM...

Bir ömür yaşadım acıdan-acı, –

Qolumun qandalı, başımın tacı.

Mən sevib oxşadım hər ehtiyacı,

Sevinci gözümə təpə bilmədim.
 

Dostlar birər-birər düşdü gözümdən,

Kimlər ocaq çatdı ürək közümdən?

Öz doğru yolumdan, halal izimdən

Bəzən istəsəm də, sapa bilmədim.
 

Soruşdum taleyin şərbəti bumu? –

Qoydu qabağıma zəhər-zəqqumu.

Ana südü kimi halal haqqımı

Quzğunlar ağzından qapa bilmədim.
 

Mənim nə azarım, nə acım vardı,

Bir dərdə min cürə əlacım vardı.

Dünyanı düzəltmək amacım vardı, –

Bir quş yuvası da yapa bilmədim.
 

Mən neçə qaraya ağ kimi baxdım,

Mən neçə ölüyə sağ kimi baxdım.

Mən neçə təpəyə dağ kimi baxdım,

Mən bircə dağı da təpə bilmədim.
 

Kədəri könlümə qonaq gətirdim,

Neçə qəm dastanı yazıb bitirdim.

Hər kəsdə özümü bir az itirdim,

Heç yerdə özümü tapa bilmədim.
 

* * 

Elə ki, başında qar-sazaq olur,

Ən yaxın adamlar ən uzaq olur.

Tula da çevrilib yalquzaq olur,

Bir gün yalağında yal olmayanda.
 

Hanı güvəndiyim qarlı dağlar ki?

Gen dünya başıma o qədər dar ki...

Bülbülün qarğadan nə fərqi var ki? –

Nazını çəkməyə gül olmayanda.
 

Ya əlli yaşadın, ya da ki səksən;

Onsuz da dünyada tək oğlu təksən.

Yıxılsan, tapdanıb əziləcəksən,

Sənə dayaq duran qol olmayanda.
 

Yedi ömrümüzü “kaş”lar, “əgər”lər,

Düşdü məzənnədən uca dəyərlər.

Arı sürüsünü basıb yeyərlər,

Birdən pətəyində bal olmayanda.
 

İlahi, dönəlgən neçəyə dönür?

Nədən gündüzlərim gecəyə dönür?

Soyuqda islanmış cücəyə dönür,

Adamın cibində pul olmayanda.
 

Vaxt-zaman yanından çay kimi axır,

Gözündə od yanır, ildırım çaxır.

Adam özü gedib kötüyə çıxır,

Getməyə başqa bir yol olmayanda.

 

 

 

* * *

Nə vaxtdır ürəyimdə neçə söz pərvazlanır,

Elə bil ki, tumurcuq puçurlayır içimdə.

Misralar da sənin tək neçə donda, biçimdə,

Baxıb dəftər-qələmə cilvələnir, nazlanır.
 

Düşmüsən yaradanın kefinin kök vaxtına,

Heç nə əsirgəməyib rəngləri qatan zaman.

Sonra da peşman olub sanki yaratdığından,

Qara rəngi calayıb yaraşmayan baxtına.
 

Sən həm yanar ürəyim, həm ağrıyan canımsan,

Bizi ayrı salsa da bu dünyanın gərdişi.

Hamı səni özləyir, sən də mən tək dərvişi,

Mənim həm ilham pərim, həm də qəhrəmanımsan.
 

Bütün gözəl geyimlər tikilibdir səninçün, 

Ən ucuz “sarafan” da əynində “brend” olur.

Cavan qızlar, oğlanlar baxıb sənə bənd olur, 

Ünvanına nə qədər məktublar gəlir hər gün.
 

Telefonda yol çəkən gözlərindən öpürəm;

Bir sevgiyə ömürlük dustaq etmişəm səni. 

Səndən oğurladığım bir neçə dəqiqəni

Sənin üçün yazdığım şeirlərə səpirəm.
 

Dağlar da məcnunlaşır sən seyrinə çıxanda;

Leyli gəlib döşündə çadır qurub dincələr.

Yamaclardan dərdiyin ahu gözlü qönçələr

Can atır ki, süslənib açılsınlar yaxanda.
 

Duymaz heç bir kişini heç bir qadın, sevdiyim,

Sən məni bir baxışdan duya bildiyin kimi.

Göz yaşları içində hərdən güldüyün kimi,

Tale gülsün üzünə, xanım-xatın sevdiyim.

 

* * *

Dayan, sənə bir söz deyim, 

Salma qalmaqal, a dünya.

Düz oturub, düz danışaq,

Edək həsbi-hal, a dünya.
 

Yox Kərəmi, yox Lələsi,

Qanla dolu piyaləsi.

Mərdə kədər, qəm şələsi,

Nadana yağ-bal, a dünya!
 

Arzularım düşdü suya, 

Nə oyana, nə uyuya.

Salıb Yusiftək quyuya,

Haray-həşir sal, a dünya!
 

Mənim dərdim bişən deyil,

Yığvalım dəyişən deyil.

Sümüyümə düşən deyil,

Nə istəsən çal, a dünya!
 

Yüz suala cavab oldum,

Gah sim, gah da mizrab oldum.

Mən yaralı Söhrab oldum,

Sən – Rüstəmi-zal, a dünya!
 

Çökübdür fələyin damı,

Sozalır ömrümün şamı.

Öldürüb Zəki Bayramı

Yana-yana qal, a dünya!

 

 

* * *

Hər alçaq yolumda bir tələ qurub,

Hər tula üstümə bir dəfə hürüb.

Hər kəsi bir rolda oynayan görüb,

Oynayır beynimdə qurd, oynayıram.
 

Bu əyri zəmanə məni çox əyib,

Şəstimə toxunub, xətrimə dəyib.

Həyat özü də bir oyunmuş, – deyib,

Namərd rəqiblə də mərd oynayıram.
 

Kimsə deyəcəkmi? – ay oğul, yetər,

Özündən gəlməyən özündə itər.

Doğmaca vətəndə Qəribdən betər,

Kədər oxuyuram, dərd oynayıram.
 

Mənim bu ocaqda əlim çox yanıb,

Haqsızlar çox yerdə haqqımı danıb.

Neçə dost itirib, düşmən qazanıb,

Utana-utana, pərt oynayıram.
 

Qəzəbim, kədərim arağa çıxır,

Ürəyimin qanı varağa çıxır.

Tez-tez cızığımdan qırağa çıxır,

Çılğın oynayıram, sərt oynayıram.
 

Süzülür badələr, deyilir tostlar,

Bir-bir adaxlanır boşalan postlar.

Kimin diqtəsiylə qohumlar, dostlar

Qoyur qabağıma şərt, oynayıram.
 

Gözüm hər soyuğu, sazağı görüb,

Yaxını gözləyib, uzağı görüb.

Hər tində əxlaqsız tuzağı görüb,

Eyləyib gözümü dörd, oynayıram.


Güzəran gəlirsə gün-gündən ağır,

Qəfəsdə şir kimi bağır, ha bağır.

Təbrizə qanadlı bombalar yağır,

Mənsə çayxanada nərd oynayıram.




Ana səhifəyə qayıt        Baxış: 1 554          Tarix: Dünən, 09:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma