
"İsrailin İrana hücum təhlükəsi hələ də qalmaqdadır, münaqişənin tamamilə başa çatdığını düşünmək olmaz".
Oxu.Az-ın IRNA agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran ordusunun baş komandanı general-leytenant Əmir Hatəmi deyib.
"Bir faizlik hücum ehtimalı belə 100 faizlik təhlükə kimi qəbul edilməlidir. Düşməni lazımi qədər qiymətləndirməmək və bütün təhdidlərin keçmişdə qaldığını düşünmək olmaz", - deyə o qeyd edib.
Hatəminin sözlərinə görə, İranın raket və pilotsuz aviasiya qüvvələri əvvəlki kimi hazır vəziyyətdədir və yeni təhlükələr yaranarsa, istifadə olunacaq.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbəsi endirib. Daha sonra Amerika Prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. 24 iyunda atəşkəs qüvvəyə minib.
Paylaş: