Dünən, iyunun 7-də Naxçıvan Muxtar Respubilkasında növbəti kadr dəyişikliyi baş verdi.
Muxtar Respublikanın Ali Məclisinin sədr müavini Anar İbrahimovun imzaladığı sərəncamla Elvin Əlimərdanov adlı bir şəxs Maliyyə nazirinin müavini vəzifəsinə gətirildi.
Report.az yeni nazir müavinini belə tanıdır: “Elvin Yusif oğlu Əlimərdanov əmək fəaliyyətinə 2013-cü ildə Kəngərli rayon İcra Hakimiyyətində başlayıb, daha sonra Kəngərli rayon Vergilər Şöbəsində, Naxçıvanqaz İstehsalat Birliyində və Naxçıvan Şəhər İcra Hakimiyyətində maliyyə sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. Həmçinin, eyni illərdə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində maliyyə istiqaməti üzrə pedaqoji fəaliyyətlə məşğul olub.
21 yanvar 2022-ci il tarixində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin İqtisadiyyat departamentinin müdiri vəzifəsinə, həmin ilin 11 fevralında isə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin müdir müavini vəzifəsinə təyin edilib.
Elvin Əlimərdanov maliyyə sahəsi üzrə bir sıra yerli və beynəlxalq sertifikatlara malikdir və “Mühasibat uçotu” adlı dərs vəsaitinin müəllifidir”.
Təbii ki, bütün bunlar rəsmi məlumatlardır. Rəsmi məlumatlar bir çox hallarda haqqında bəhs olunan şəxsin gerçək kimliyinə və onun hansı məqsədlə önə çəkildiyinə işıq tutmazlar. Adətən, əsl həqiqətlər kadrları yenilənən idarələrdə gedən “pıçı-pıçı”larda gizlənər.
Bəs, yeni nazir müavininin barəsində Naxçıvanda paytaxta gəlib çıxmayan hansı fikirlər səsləndirilir?
Ovqat.com-un Naxçıvan MR Maliyyə Nazirliyindəki mənbələrdən aldığı məlumata görə, Elvin Əlimərdanovun bu vəzifəyə təyinatının olduqca mühüm səbəbi var. Məqsəd onu nazir gətirmək və indiki nazir əvəzi Həsən İsmayılovu çıxdaş etməkdir.
Bəs kimdir nazir postuna yeni namizəd Elvin Əlimərdanov və onu bu qədər şanslı qılan hansı keyfiyyətidir?
İnformasiya mənbəmizin iddiasına görə, Elvin Əlimərdanov bu posta “DOST” Agentliyindən gətirilib. Əvvəlki postunda Ceyhun Cəlilovun işçisi olub. Ən böyük müsbət keyfiyyəti isə özündən çox, hazırda həmkarı olduğu nazir müavini Həsən İsmayılovdan qaynaqlanır.
Vasif Talıbovun vaxtında nazir müavini təyin olunan Həsən İsmayılov yeni Baş nazir Ceyhun Cəlilovla yola getməyən birisi imiş. Ceyhun Cəliliov hələ Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə naziri işlədiyi qısa müddətdə Həsən İsmayılovu dişinə vurub və onun “sözəbaxmayan kadr” kimi tanıyıb. İddialara görə, Həsən İsmayılov onun bir sıra mübahisəli layihələrinə vəsait ayırmamaqla bu mənfi ünvanı qazanıb. İndi isə Baş nazir təyin olunan Ceyhun Cəlilov daha “sözəbaxan” Maliyyə naziri ilə işləməyi daha uyğun bilib. Böyük ehtimalla, “sözəbaxmaz” nazir əvəzi Həsən İsmayılov yaxın zamanlarda istefaya göndəriləcək və Elvin Əlmərdanov Maliyyə Nazirliyində tam əvəzedilməz kadr kimi qalacaq.
Yeni nazir müavini ilə əlaqədar ən maraqlı məlumat onun Naxçıvan şəhər İcra Hakimiyyətində işlədiyi dövrlə bağlıdır. Məlumata görə, ötən il Naxçıvan şəhər İcra Hakimiyyətində audit yoxlamaları aparan Hesablamalar Palatası idarənin fəaliyyətində 5.2 milyon yeyinti aşkarlayıb. Maraqlıdır ki, audit yoxlamaları Elvin Əlmərdanovun İcra hakimiyyətində maliyyə şöbəsinin rəisi işlədiyi dövrləri əhatə edib – 2021-2022-ci illəri.
Sabiq İcra başçısı Mirsənani Seyidovun yoldaşının xala oğlusu olduğu və bu səbəbdən maliyyə şöbəsinin müdiri vəzifəsinə gətirilən Elvin Əlmərdanovun bu yoxlamalardan əvvəl işindən uzaqlaşdırılması onun məsuliyyətdən yayınmasının əsas səbəbi kimi göstərilir.
“Gündəlik Naxçıvan” informasiya kanalı bu audit yoxlamaları barədə yazırdı:
“Naxçıvan şəhər İcra Hakimiyyətində yoxlamalar aparan Hesablama Palatası 5 milyon manatdan artıq yeyinti aşkarlayıb. Yoxlamalar 2021/22-ci illəri əhatə edir. Həmin dövrdə adı keçən icra hakimiyyətinə hazırkı başçı Mirsənani Seyidov rəhbərlik edib. O, 2018-ci ildən bu vəzifədədir.
Mirsənani Seyidov ötən ay iki müavinini vəzifədən uzaqlaşdırıb. İcra hakimiyyətindəki mənbənin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, milyonlarla yeyintinin məsuliyyətinin məhz işdən çıxarılan bu şəxslərin üzərinə atılacağı ehtimal olunur.
Palatadan verilən məlumata görə isə, yoxlamalar zamanı 1.792.167 manat məbləğindən artıq və qanunsuz əmək haqqı ödənilməsi, 564.407 manat məbləğində mal alışının əmtəəsiz sənədləşdirilməsi, 2.955.000 manat məbləğində vətəndaşlardan vəsaitin qanunsuz tələb edilməsi halları müəyyən edilib.
Auditlə həmçinin İcra Hakimiyyətinin tabeli qurumlarında küçələrin işıqlandırılması xərclərinin sayğac göstəricilərinə uyğun aparılmadığı, istehsalçılara satılmış suyun faktiki həcminin rəsmiləşdirilmiş göstəricidən nəzərəçarpacaq dərəcədə az olduğu, malların baha qiymətə rəsmiləşdirildiyi, dövlət əmlakından qanunsuz istifadə edildiyi və büdcəyə çatacaq vergilərin ödənilmədiyi də aşkar olunub.
Müəyyən olunmuş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal edilməsi nəzərə alınaraq, müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb. Bu materiallar əsasında icra hakimiyyəti vəzifəlilərinə qarşı cinayət işinin açılacağı gözlənilir”.
İddiaların nə qədər səhihliyini yoxlamaq bizim imkanımız xaricindəndir. Bununla belə, Hesablamalar Palatasının audit hesabatına inanmamaq üçün əlimizdə əsaslı dəlillər də mövcud deyil. Ən əsası isə, nazirlikdə bu cür söz-söhbətlərin yayılması Naxçıvan MR hakimiyyətində ikitirəliyin hələ də davam etdiyindən xəbər verir.
Paylaş: