Ramiz Qəhrəmanovun dediyinə görə, onun milyonlarla dollarlıq əmlakının mənimsənilməsində Şeyxülislam Allahşükür həzrətlərinin və onun oğlu Məhəmmədin bilavasitə rolu var
Din təkcə inanış sistemi deyil. O, həm də cəmiyyətlərin idarə olunmasında müstəsna rol oynayır. Bu mənada tarixin bütün kəsimlərində din hüquq qədər əhəmiyyət daşıyıb və əksər hallarda bu iki vacib sahə birgə hərəkət edib. Hətta bəzən din hüquqdan belə üstün sayılıb. Çünki hüquq baş vermis bir hadisəni araşdırıb cəzalandıraraq yaxşını pisdən ayırır və cəmiyyətlərə nümunə göstərir, bir növ, çəkindiricilik gücünü ortaya qoyaraq, insan oğlunu islah etməyə çalışır. Din isə dünyanın yaradıcısı olan Allahın adından danışaraq halalla haram arasında konkret ayırıcı xətlər cızır və “hüququn gözündən yayına bilərsən, Allahın gözündən isə əsla” məntiqi ilə potensial günahları - cinayətləri beşikdə beşikdəcə boğub.
İnsafən, Azərbaycanda da hüquqla din adamları da bəzən eyni mövqedən çıxış edirlər. Amma insanları haramdan uzaqlaşdırmaqda yox, əksinə haramxorluğun müdafiəsində, haqlının haqqının qəsb olunmasında, haqsızın himayə altında alınmasında.
Hər halda iş adamı Ramiz Qəhrəmanovun Ovqat.com-a açıqlamalarından belə anlaşılır.
Ramiz Qəhrəmanovun dediyinə görə, onun milyonlarla dollarlıq əmlakının mənimsənilməsində Şeyxülislam Allahşükür həzrətlərinin və onun oğlu Məhəmmədin bilavasitə rolu var. Belə ki, o, 2008-ci ildə Aşağı Güzdək ərazisində 1 ha torpaq sahəsi alaraq armatur zavodu tikib. Əvvəl dəmir inhisarçısı kimi tanınan Ramiz Mehdiyevin dövründə dəfələlər basqılara məruz qaldığından zavodunu işlədə bilməyən iş adamı daha sonra adaşının cəzalandırılmasıyla dərindən nəfəs alıb. “Artıq daha rahat işləyərəm” ümidiylə qollarını çırmalayıb fəaliyyəti başlayıb. Amma bu ümidi uzun sürməyib. Ona 2016-cı ildə “birgə fəaliyyət göstərək” təklifi ilə müraciət edən İlqar Əsədov adlı iş adamı ilə razılaşıb və işlərini birləşdiriblər. Birgə fəaliyyət göstərmək üçün “Milan-A” adlı şirkət qurublar. Razılaşmaya əsasən, Ramiz Qəhrəmanova məxsus olan obyektə hər iki iş adamı investisiya qoyacaq və qazandıqlarını yarı böləcəkdilər. Şirkətin idarəçiliyi isə İlqar Əsədovun ixtiyarında olacaqdı.
Bir neçə ay İlqar Əsədov razılaşmaya əməl edib. Daha sonra isə ondan səs-soraq kəsilib. Ramiz Qəhrəmanov bir də gözünü onda açıb ki, ortağı iş adamının mülkiyyətini öz hesabına keçirmək üzrədir. Beləcə, Ramiz Qəhrəmanovun hüquq mübarizəsi başlayıb.
Mülkiyyət haqqının bərpası üçün müracət etdiyi hüquq mühafizə orqanlarının elə qeyri-adi qərarları ilə qarşılaşıb ki, bunun bənzərinə hüquq tarixində belə rast gəlmək mümkün deyil. Belə ki, Baş Prokukorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsi 20.09.2022-ci il tarixində onun şikayəti üzrə Cinayət Məcəlləsinin 179.4, 308.2, 313, 188.4.2 və 213.3-cü maddələri ilə 222026303 nömrəli cinayət işi açıb. Audit yoxlamaları nəticəsində ona məxsus olan şirkətdə xüsusilə külli miqdarda gəlirinin mənimsənilməsi və vergidən yayınma faktları aşkarlanıb. İstintaq materiallarında qanunsuzluqların kim tərəfindən törədilməsi də göstərilib, amma yekun qərarda cinayəti törədəni müəyyənləşdirməyin mümkün olmadığı bildirilib.
Təsəvvür edirsinizmi, eyni sənədin əvvəlində cinayəti törədənin adı açıq göstərilir. Cəmi bir səhifə olan sənədin axırında isə əməli törədənin kimliyinin müəyyənləşdirilmədiyi vurğulanır: “Müstəntiq Tural Yaqubov öz qərarında əvvəlcə şirkətin direktoru Abdulla Hüseynovun cinayət əməllərini təsdiq edir, sonra isə göstərir ki, cinayət əməllərini törədən şəxs müəyyən olunmadı”, - iş adamı əməkdaşımızla söhbətindən deyib.
Həmsöhbətimizin iddiasına inansaq, bu müəmmanın arxasında şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd dayanır. “Sonradan mənə məlum oldu ki, həqiqətən İlqar Əsədovun arxasında duran şəxs var və o, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadənin oglu Məhəmməddir”, - Ramiz Qəhrəmanov bildirir.
İş adamı dalana dirənən problemin həlli üçün 4 dəfə Baş Prokuror Kamran Əliyevin də yanında olub. Kamran Əliyev işlə ciddi məşğul olması üçün müstəntiqə zəng edib və həqiqətən də vacib göstərişlər verib. Di gəl ki, bu göstərişlərdən sonra işi aparan müstəntiq şikayətçinin nömrəsini telefonun qara siyahısına salıb. İndi iş adamı nə qədər zəng edirsə etsin, müstəntiq onun telefonuna cavab vermir. Həmsöhbətimiz bunu Şeyxülislamın “qorxu duasının kəraməti” ilə izah edir: “Belə anlayıram ki, cənab Şeyxülislam həzrətləri işi aparan müstəntiqə əməlli-başlı qorxu duası yazıb. Duanın kəramətindəndir ki, indi o, Baş Prokurorun tapşırığını yerinə yetirmir, bir növ, onu saymır”.
Şeyxin “qorxu duası” yazıb yazmadığını deyə bilmərik, amma onu bilirik ki, Ramiz Qəhrəmanovun işi həqiqətən də hansısa səbəbdən ofsuna düşüb. İllərdir əlləşməsinə, 4 dəfə Baş prokurorun qəbulunda olmasına baxmayaraq, onun işinin “iynə yarım qədər yol getməsi” başqa cür düşünməyə əsas vermir.
İş adamı qarşılaşdığı problemlərlə bağlı ölkə başçısına məktub yazıb. Hadisənin təfsialtını və Şeyxülislam əfəndinin “ofsunlama və ya qorxu duası yazmaq” qabiliyyətinin detallarını əks etdirən məktubu təqdim edirik:
“Cənab Prezident!
Cənab Baş prokuror!
2008-ci ildə Abşeron rayonu Aşağı Güzdək ərazisində 1 ha torpaq sahəsi alaraq, 2010-cu ilə qədər armatur zavodu inşa etdim. Bu barədə mənə məxsus əmlakın və torpağın çıxarışı var.
2010-2012-ci illər ərzində zavodu işlədərək, armatur istehsal etdim.
2012-ci ildə “Baku Steel Company” QSC-nin rəhbəri Rasim Məmmədov özünün qocu dəstəsi vasitəsi ilə bizim zavodun fəaliyyətini dayandırdı.
2016-cı ildə yenidən işə başladım. Uzun illər boyu tanıdıgım İlqar Əsədov adlı şəxs mənə təklif etdi ki, hər ikimiz əlavə vəsait qoyub, zavodun istehsal gücünü artıraq və gəliri bölək. Mən razılaşdım.
2016-cı ildə “Milan-A” şirkətini təsis edərək, mənə məxsus əmlakı “Milan-A” şirkətinə icarəyə verdik.
2016-2018-ci illər ərzində zavodun istehsal gücünü artırıb, işə başladıq. Elə həmin vaxtdan da problemlər başladı.
Belə ki, İlqar Əsədov mənə acıq şəkildə bildirdi ki, ya zavodu könüllü surətdə mənim adıma rəsmiləşdirməlisən, ya da birgə iş dövrümüzdə sənin qazanc əldə etməyinə imkan verməyəcəyəm. Ona bildirdim ki, mənə məxsus olan zavodu heç kimin adına rəsmiləşdirmək istəmirəm və sənə də bu qanunsuz əməllərindən əl çəkməyi təklif edirəm.
Bundan sonra İlqar Əsədov gizli surətdə Abşeron Rayon 4 Saylı Reyestr Xidmətində mənim əmlakımı saxta sənədlər əsasında özgəninkiləşdirməyə cəhd edib. Mənə məlumat çatan kimi, onun qanunsuz əməllərinin qarşısını aldım.
İlqar Əsədov 2018-2022-ci illər ərzində mənə məxsus olan zavodu işlədərək, mənə çatacaq dividendi ödəməyərək, qanunsuz hərəkətlərini davam etdirdi. Mən ona dəfələrlə bildirdim ki, mənə məxsus dividendi ödəyib, zavodu tərk etsin. O isə bildirdi ki, kimə şikayət edirsən et, xeyri olmayacaq, mənim arxamda duran qüvvələr də var, lazım olsa istənilən məsələni pul gücünə də həll edərəm.
Mən məcbur olub hüquq-mühafizə orqanlarına şikayət etdim. Nəticədə 20.09.2022-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4, 308.2, 313, 188.4.2 və 213.3-cü maddələri ilə 222026303 nömrəli cinayət işi başlanıldı. Araşdırma nəticəsində cəmiyyətin xüsusilə külli miqdarda gəlirinin mənimsənilməsi və vergidən yayınma faktları öz təsdiqini tapdı. Korrupsiya idarəsinin müstəntiqi Tural Yaqubov öz qərarında əvvəlcə “Milan-A” MMC-nin direktoru Abdulla Hüseynovun saxta alış sənədləri və əmtəəsiz əməliyyatlarla 24 841 759.99 (İyirmi dörd milyon səkkiz yüz qırx bir min yeddi yüz əlli doqquz manat doxsan doqquz qəpik) mənimsəmə faktını və 7 792 604,28 (yeddi milyon yeddi yüz doxsan iki min altı yuz dörd manat) vergi ödənişlərinin azaldılması faktını təsdiq edir. Sonra isə öz qərarında göstərir ki, mənimsəmə faktı təsdiqini tapmadıgına görə, heç kim təqsirləndirilən şəxs kimi cəlb olunmayıb. Daha doğrusu, müstəntiq Tural Yaqubov öz qərarında əvvəlcə şirkətin direktoru Abdulla Hüseynovun cinayət əməllərini təsdiq edir, sonra isə göstərir ki, cinayət əməllərini törədən şəxs müəyyən olunmadı.
Ən maraqlısı isə odur ki, müstəntiq Tural Yaqubov vergidən yayınma, yəni 7 792 604.28 manat vergi ödənişlərinin azaldılması faktına da göz yumaraq, Azərbaycan dövlət büdcəsinə ödəniləcək vəsaitin də qarşısını almışdır.
Sonradan mənə məlum oldu ki, həqiqətən İlqar Əsədovun arxasında duran şəxs var və o, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadənin oglu Məhəmməddir. Bu məsələni bilən kimi, Qafqaz Müsəlmanları İdarəsinə gedərək, Şeyx həzrətlərinin qəbuluna düşmək istədim. Mümkün olmadı. İdarənin işciləri Etibar və Rüfət adlı şəxslərlə danışdım(Məndə həmin şəxslərin telefon nömrələri də var). Onlar bildirdilər ki, Şeyx həzrətləri tapşırıq verib, İlqar Əsədov sizinlə ortaq məxrəcə gələcək. Bundan əlavə, Məhəmmədin nümayəndəsi Xəyal Bəşirov adlı şəxs də mənimlə görüşdü. O da mənə bildirdi ki, ortaq məxrəcə gəlin. Lakin heç bir nəticə olmadı.
Onu da bildirmək istəyirəm ki, bütün bunlar azmış kimi, “Milan-A” MMC-nin gəlirlərini mənimsəyən İlqar Əsədov öz qocu dəstəsi vasitəsi ilə əmlakımı işgal edərək, mənə məxsus olan əmlakın ərazisinə girməyə icazə vermir.
Cənab Prezident!
Cənab Baş prokuror!
Ulu öndərimiz dəfələrlə çıxışlarınızda vurğulayıb ki, “təqsirsiz şəxs cəzalandırıldıqda, cinayt törətmiş şəxs isə cəzasıq qaldıqda dövlət sarsıla bilər”.
Cinayət təqibi orqanı və digər vəzifəli şəxslər hazırkı cinayət işi üzrə Cinayət Prosessual Məcəlləsinin müddəalarını kobud şəkildə pozmuşlar. Mən digər vəkil və hüquqşünaslardan maraqlanıb öyrənmişəm ki, hələ indiyə qədər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəllsinin 308-ci maddəsi ilə başlanmış cinayət işlərinə xitam verilməmişdir. Ən yaxşı halda belə cinayət işləri baxılması üçün məhkmə orqanlarına göndərilmişdir.
Şeyxin oğlunun adı QARA İŞLƏRDƏ HALLANIR - Qurub yaratdığı şirkətə BELƏ ƏL QOYDULAR...
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinə xitam verilməsi məni məyus və müflis etmişdir. Zərərçəkmiş şəxs kimi hüquqularım kobud surətdə pozulmuşdur. Mən indi başa düşmüşəm ki, Korrupsiya idarəsi İlqar Əsədovun mənafeyinə uyğun hərkət edərək cinayət işinin xitamına nail ola bilmişdir. Orqan öz nüfuzundan istifadə edərək mənə müxtəlif vədlər verib, cinayət işinin məhkəməyə göndərilməsinə inandırmışdır. Mən də onların dediklərinə inanaraq, cinayət işinin məhkəməyə göndərilməsini gözləmişəm.
Lakin sonradan cinayət işinə qanunsuz əsaslarla xitam verildiyini öyəndim. Həmin qərardan çətinliklə olsa da şikayət verdim. Lakin məhkəmələr də nəzarət qaydasında verdiyim şikayətləri təmin etməyib, həmin qanunsuz və ədalətsiz qərarları qüvvədə saxladılar.
Cənab Prezident!
Cənab Baş prokuror!
Sizin ədalət və mərhəmətinizə arxalanaraq, əmlakımı mənimsəyib əlimdən alan İlqar Əsədovun qanunsuz əməlləri barədə Baş Prokurorlugun Korrupsiya qarşı Mübarizə Baş İdarəsində xitam olunmuş cinayət işinin ləgv olunaraq yenidən cinayət təqibinin davam etdirilməsinə göstəriş verməyinizi xahiş edirəm”.
Paylaş: