Görünən budur ki, Naxçıvan “canişinliyi” tədbir keçirməyə yarayan xüsusi gün qıtlığından əziyyət çəkir. Xüsusilə də iyun ayında. Baxmayaraq ki, rəsmi təqvimdə iyun ayına 2 mühüm bayram düşür: 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyunun 16, 17-də isə Qurban bayramı. Üstəlik, bu ay Batabatda Qərbi Azərbaycan günləri də keçirilib. Belə anlaşlır ki, ayda cəmi 2 rəsmi bayram və bir neçə günlük Qərbi Azərbaycan gecələri Naxçıvan “canişinliyi” üçün xeyli az gəlib. Belə olmasaydı, hər halda “Doğum günü iyun ayına düşən şəhidlərin anım gecəsi” keçirməyə ehtiyac duyulmazdı. Naxçıvan rəsmi media orqanlarının məlumatına görə, ““Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə doğum günü iyun ayında olan şəhidlərin anım tədbiri iyunun 28-də keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Televiziyasının doğum günü iyun ayında olan şəhidlərlə bağlı hazırladığı videoçarx izlənilib. Tələbələr videoçarxda adları çəkilən Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin (37 şəhid) portretlərini səhnədə nümayiş etdiriblər” və sairə və ilaxır.
Yanlış anlaşılmasın, mən şəhidlərin xatirəsinə tədbirlərin keçirilməsinin əleyhinə deyiləm. Əksinə, vətən uğrunda canını fəda edən bu oğullarımızın xatirəsi həmişə əziz tutulmalı, onlardan ailə və uşaqlarının ata, yoldaş və ya oğul sıxıntısı çəkməsinə imkan verməməliyik. Bununla belə, hansısa ayda anadan olan şəhidlərin anım günü kimi tədbirlər də mənə psevdo-vətənpərvərlik, daha loru dillə desək, vətənşüvənlik kimi gəlir (Naxçıvan “canişini” isə, maşallah, maşallah, psevdo-şüvənliyin ən bariz nümunələrindəndir). Məncə, belə tədbirlərin yerinə, həmin şəhid ailələrinin ziyarət edilməsi, onların problemlərinin həlli istiqamətində müəyyən addımlar atılması daha faydalı olardı. Hansısa tədbirlərə xərclənən vəsaitlər isə onların ürəyi dağlı yaxınlarının problemlərinin həllinə xərclənməlidir.
Görünür, dövlət tədbirlərinə pul silmək şakərinə yaxalanan “canişin” hökumətinin dar beyninə daha yaradıcı ideyalar gəlmədiyindən, belə elastik topantılar keçirməyə qərar verilib. Necə olsa, tədbirin adı şəhidlərlə bağlı olduğundan heç kim cəsarət edib buna ağız büzməyəcək və ən əsası, aylara bölünən bu anım gecələrini hər ay keçirmək mümkündür. Yəqin, Naxçıvan “canişinliyi”nin beyni o qədər balacadır ki, həftənin günlərinə görə də anım günləri keçirilməyib. Bəlkə də bu iradımızdan sonra bunu da nəzərdən keçirər və gözəlim məmləkətimizdə hər günümüz anım gecələri ilə keçər. Məsələn, həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar günü doğulan şəhidlərin anım gecələri niyə qeid olunmasın? Axı, bu minvalla Naxçıvanda hər gün anım gecələri təşkil etmək olar.
Eşitdiyimə görə, öz xoruz banı görməmiş ideyalarına müqəddəs dəyərləri alət etməyə çalışan “canişin” əfəndinin bu “xeyirxah təşəbbüsü” şəhid ailələri tərəfindən də xoş qarşılanmayıb. Bir çox şəhid ailələri “canişin” həzrətlərinə onlara müxtəlif zamanlarda verilən sözləri xatırladıb və niyə öz vədinə əməl etməməsinin hesabatı soruşublar. Hətta bəzi şəhid yaxınları ona açıq şəkildə iradlarını bildiriblər ki, “deputat seçilmək, yaxud hansısa işlə təmin olunmaq üçün mütləq şəhid övladlarını hansısa rayonda dünyaya gətirməli idilər?”. İddialara görə, onu və nazirlərini Naxçıvan əhalisinin haqqını yeməkdə günahlandıran şəhid ailələri öz iradları ilə “canişin” əfəndinin “xeyirxah təşəbbüsü”nü burnundan gətiriblər.
Paylaş: