Xəbər lenti

 

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun İcra hakimiyyətinin məsul işçisi Söhrab Kərimovun qulağını kəsiblər. Yox, yox, söhbət qulağın məcazi mənada kəsilməsindən getmir. Haqqında danışdığımız şəxsin qulağı sözün həqiqi mənasında kəsilib.

 

Ovqat.com-un əldə etdiyi məlumata görə, insidenti zərərçəkənin qonşusu törədib. 

 

Hadisənin çıxma səbəbi bizə bəlli olsa da, məişət söhbətlərinin dərinliyinə girmək istəmədiyimizdən bu barədə susmağa üstünlük veririk. Bizi maraqlandıran daha ciddi məsələ var. Bildirildiyinə görə, Söhrab Kərimov cəmi bir həftə əvvəl Prezident tərəfindən dövlət qulluğunda fərqləndiyinə gorə mükafatlandırılmışdı. Üstündən az keçməmiş isə ona həyatı boyu unuda bilməyəcəyi “mükafat” qonşusundan gəlib. Sirr deyil ki, Prezident Söhrab Kərimov adlı adam tanımırdı. Ona bu adamı mükafata layiq kadr kimi təqdim edən olub. Təqdimatı isə böyük ehtimalla Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli verib. Bizə maraqlı gələn də elə budur: Fuad Nəcəfli Prezidentə “böyük şəxsiyyət” kimi təqdim etdiyi adamları tanıyırmı? Yoxsa, sırf öz rayonlarındandır deyə, onların hamısının birdən Prezident tərəfindən mükafatlandırılmasını məsləhət bilir? Əgər belədirsə, bunun adı etibardan sui-istifadədir.

 

Naxçıvandakı mənbəmiz qulağı kəsilən məmurun mükafata layiq görülən “əsrarəngiz dövlət qulluğu” barədə yazır: “İcra aparatının inzibati ərazi dairələri ilə iş üzrə şöbə müdiri vəzifəsində çalışan Söhrab Kərimov rayon ictimaiyyəti içərisində ən çox nifrət edilən adam olub”. Dediyinə görə, məhz bu səbəbdən də onun Prezident tərəfindən mükafata layiq görülməsi Şahbuz əhalisini xeyli heyrətə salıbmış.

 

O da vurğulanır ki, əslində S.Kərimovun qulağı dövlət qulluğundakı əsrarəngiz xidmətlərinə yox, məişət zəminində baş vermiş bir hadisəyə görə kəsilib. İddialara inansaq, əlini qana bulayan qonşusu “qəhrəman”ımızın digər bədən üzvlərini də kəsmək fikrinə düşübmüş. Qonşular haraya gəlib, Söhrab Kərimovu daha böyük bədbəxtçilikdən xilas ediblər.

 

Pis burasındadır ki, Söhrab Kərimov dərhal xəstəxanaya çatdırılsa da, onun qulağını yerinə tikmək mümkün olmayıb. Yəqin ki, bundan sonra o, kosmetik əməliyyata getməli olacaq. 

 

Söhrab Kərimov üçün başqa pis xəbər də var. Bildirilir ki, “dövlət qulluğunda qulağını fəda etmiş” məmur başına iş gələr-gəlməz vəzifəsindən azad olunub. Necə deyərlər, “canişin” əfəndinin vəfası bu qədərmiş.




Ana səhifəyə qayıt        Baxış: 17 843          Tarix: 2-07-2024, 21:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma