Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan MR Ali Məclisinin növbəti “qarınqululuğu”nu ifşa edib.
Palatanın yaydığı rəsmi məlumata görə, aparılan audit yoxlamaları nəticəsində Ali Məclisin 2023-cü ildəki fəaliyyəti üçün dövlət büdcəsindən 6,3 mln. manat vəsait ayrılıb. Ali Məclis isə ayrılan bu vəsatinin hardasa üçdə birinə qənaət edib. Yəni cəmi-cümlətanı 4,3 mln. manat xərcləyib.
Amma zənn etməyin ki, Naxçıvanın “canişin” hakimiyyəti dövlət büdcəsinə qənaət etməklə kifayətlənib. Faktiki olaraq, dövlət idarəçiliyinə çəkilən xərclərdə bu qədər xəsis davranan Ali Məclis dövlət smetasında nəzərdə tutulmayan sahələrə olduqca əliaçıq davranıb.
“Audit zamanı müəyyən edilib ki, Ali Məclisin saxlanılması üçün ayrılmış vəsaitlərdən smetası rəsmiləşdirilməyən tədbirlərə, funksional fəaliyyətlə birbaşa əlaqəsi olmayan və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə 78,9 min manat artıq vəsait xərc olunub”, - Hesablama Palatasının rəsmi məlumatında bildirilir.
Palatanın təsbitlərinə görə, əliaçıqlıq təkcə hansısa qeyri-rəsmi tədbirlərdə özünü büruzə verməyib. “Canişin” hakimiyyəti öz işçilərinin mükafatlandırılmasında da eyni alicənablığı göstərib. “Ali Məclisin əməkdaşlarına artıq və qanunvericiliyin tələblərinə uyğun olmayan 79,2 min manat əməkhaqqı, əlavə və mükafatlar ödənilib və buna uyğun sığorta haqqı xərcləri hesablanıb”, - bu da Hesablama Palatasının sözügedən rəsmi açıqlamasındandır.
Bundan əlavə, “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin 4-cü bəndinin tələbləri gözlənilmədən ödənişli fəaliyyətlə məşğul olduqları halda 35 deputatın statusu saxlanılıb və həmin şəxslərə 2023-cü ildə hesablanmış əməkhaqqı xərcləri 312,2 min manat təşkil edib.
2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saxlanılması üzrə vahid büdcə təsnifatının tələbinə əməl edilməyərək ümumillikdə 32,4 min manat və satınalma keçirilmədən isə 69,3 min manat xərc edilib.
Ali Məclisin aparatı üzrə satınalma prosedurları həyata keçirilmədən, tələbatı əsaslandırılmayan və müvafiq qaydada rəsmiləşdirilməyən, tarixi, mədəniyyəti təcəssüm etdirməyən və xatirə xarakteri daşımayan hədiyyələrin və s. alınmasına 5,2 min manat vəsait birbaşa xərc edilib.
Təşkilatın xəzinə hesabından əlavə Naxçıvanın İnkişafı və Müdafiə Fonduna məxsus 31,5 mln. manat vəsait bank hesabında qalıq olaraq saxlanılıb.
Hesablama Palatasının Kollegiyası tərəfindən əsassız xərclənmiş vəsaitlərin büdcəyə bərpası, xərclərin düzgün rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə, eləcə də dövlət əmlakının təyinatına uyğun istifadəsi üzərində nəzarətin gücləndirilməsi barədə qərar verilib”.
Bir sözlə, Hesablamalar Palatası Naxçıvan Ali Məclisinin qeyri-qanuni xərclərinin geri qaytarılması barədə qərar çıxarıb. Yeri gəlmişkən, bu da Azərbaycana xas yeni kəşflərdəndir. Başqa ölkələrdə korrupsiyaya yol verən məmurlar əmlakları müsadirə edilməklə yanaşı həm də ağıllanmaları üçün barmaqlıqlar arxasına göndərilir. Bizdə isə nədənsə, sadəcə oğurlanmış və ya mənimsənilmiş pullar sadəcə geri alınır. Məhz bu səbəbdən də korrupsiyanın qarşısını almaq mümkün olmur. Çünki məmur dövlət əmlakını oğurlayarkən düşünür ki, uzaqbaşı oğurladığımı tutub əlimdən alacaqlar. Onu da təsbit edə bilsələr. Elə bu səbəbdən də “ya qismət” deyib soyğunçuluğa davam edirlər.
Hesablama Palatası həzmi-rabedən keçirilən vəsaitlərin konkret haralara xərcləndiyi barədə çox ayrıntılara girməsə də, Naxçıvanda mötəbər mənbələrə malik olan TNS saytı mənimsənmənin bəzi detallarını ortaya çıxarıb. TNS-in iddiasına görə, “Fuad Nəcəflinin Naxçıvandakı qonaq evində yaşaması hər ay bir neçə on min manata başa gəlir. Fuad Nəcəflinin qaldığı qonaq evində təkcə spirtli içkilərə xərclənən vəsait 40 min manatdan çoxdur”.
Təsəvvür edirsinizmi, Hesablama Palatasının üzə çıxardığı yüzminlərlə manatın sadəcə 40 mini spirtli içkilərə gedib. TNS-in iddialarından belə çıxır ki, Fuad Nəcəfli öz qarnına doldurduğu arağın pulunu belə dövlət büdcəsindən çırpışdırırmış.
Saytımızın baş redaktoru Heydər Oğuz öz facebook paylaşımında Naxçıvan səlahiyyətli nümayəndəsinin bu hünərini Koroğlu “qəhrəmanlığı” ilə müqayisə edərək yazıb:
“Kim daha çox qarınquludur – Koroğlu, yoxsa...?
Uşaqkən atam mənə “Koroğlunun dastanı” kitabını almışdı. Mən də dastanı oxuyub Koroğlunun əsrarəngiz qəhrəmanlıqları ilə tanış olurdum. Açığı, dastanda diqqətimi cəlb edən əsas epizod Koroğlunun plov yeməsi ilə əlaqədardı. Bildirilirdi ki, Koroğlu səfərlərindən birində bir qarı nənənin qonağı olur. Qonaq qaldığı evə gəlməmişdən əvvəl yoldan 1 put düyü alır və nənəyə verir ki hamısını bişirsin. Nənə də bişirib onun qabağına qoyur. Koroğlu nənəni də plov ziyafətinə dəvət edir. Nənə isə fikirləşir ki, onsuz da Koroğlu bu qədər plovu təkbaşına yeyə bilməyəcək. Ən yaxşısı, özünü tox tutsun, ac deyiləm desin. Necə olsa, plovun böyük qismi yeyilməmiş qalacaq və qarı nənə 1 həftə boyunca ondan həzmi-rabedən keçirib Koroğlunun atası Alı kişinin ruhuna dualar oxuyacaq. Koroğlu nənəyə deyir ki, peşman ola bilərsən, gəl mənimlə bir süfrədə otur bu təamdan nuş elə. Nənə də çoxbilmişdir, axı, Koroğlunun israrlı xahişlərini eyni israrçılıqla geri çevirir. Sonunda həqiqətən də nənə gecəni ac qarına keçirməli olur. Zira Koroğlu 1 but plovu son düyüsünə qədər aşırıb yatmağa gedir.
1 putun 16 kq olduğunu bilirdim. Məni maraqlandıran o idi ki, bu 16 kq-lıq düyüdən neçə adamın yeməyi çıxar. Anamdan plov bişirində nə qədər düyüdən istifadə etdiyini soruşdum. Məlum oldu ki, o, 6 nəfərlik ailəmiz üçün ya 1 kq, ya da uzağı 1.2 kq düyü bişirir. Anladım ki, Koroğlu biroturuma ən azı 60-70 nəfərin plovunu yeyirmiş. Sonradan Koroğluya yazdığım şeirlərdən birində bu “faktı” qeyd edərək bildirmişdim:
“Bir put plov yeyən nəhəng qarınla,
Yaşaya bilmərsən namus, arınla.
Sənin də haqqını arsız harınlar
Gözünün önündə tıxıb gedərlər”.
İndi isə Naxçıvan barədə açıqlanan məlumatlara nəzər salanda Koroğlunun o qədər də qarınqulu olmadığını düşünürəm. Hər halda, Koroğlu əfəndi 5 gün ərzində 50 dəlisi ilə hər biri nəinki 1 put, hətta 5 put plov yesəydi, yediyini bədənindən kənara atandan sonra 33 min manatlıq tualet kağızı istifadə etməzdi. Və yaxud bir aya 40 min manatlıq spitli içki istemal etmək də, necə deyərlər, Koroğlu həzrətlərinin yemi deyildi.
Açığı, indi oturub fikirləşəndə Koroğlunun ruhu qarşısında xəcalət çəkirəm. Onu dünyanın ən qarınqulu qəhrəmanı hesab edib “nəhəng qarın” adlandırdığıma görə. Qul haqqını əfv etməyən Allah və Koroğlunun ruhu məni bağışlasın.
P.S. Yazının başlığının sonuna üç nöqtə qoymuşam. Ümidvaram ki, o nöqtələrin yerini doldurmaq sizlər üçün çətin olmaz.”
Paylaş: