Xəbər lenti

 Oktyabrın 19-da Naxçıvan ­Muxtar Respublikası Yazıçılar Birliyinin III konfransı keçirilib. 
Konfransa Yazıçılar Birliyinin üzvü Akif İmanlı sədrlik edib. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərinə Ali Məclis Sədrinin salamlarını çatdırmış, birliyin III konfransına öz işində uğurlar arzulayaraq demişdir: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada Yazıçılar Birliyinin fəaliyyəti, o cümlədən ədəbiyyatımızın və mədəniyyətimizin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Birliyin 2012-ci ildə keçirilən konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yazıçılar Birliyinə muxtar respublikada ədəbi prosesin və bədii yaradıcılıq işinin gücləndirilməsi, bədii tərcümənin, uşaq ədəbiyyatının və dramaturgiyanın inkişaf etdirilməsi, eləcə də kitab müzakirələrinin təşkili ilə bağlı tapşırıqlar vermişdir. Ötən 5 ildə Yazıçılar Birliyi bu istiqamətdə fəaliyyətini qurmağa çalışmış, bir sıra işlər görülmüş, tədbirlər keçirilmişdir. Lakin etiraf etməliyik ki, görülən işlər Ali Məclis Sədrinin qarşıya qoyduğu tələblər səviyyəsində deyil. Yazıçılar Birliyinin yeni seçiləcək İdarə Heyəti işdə dönüş yaratmalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifələr əsas fəaliyyət istiqaməti olmalı, bununla bağlı Tədbirlər Planı hazırlanaraq icra edilməlidir.

Əli Həsənov muxtar respublika rəhbərinin qarşıya qoyduğu vəzifələrin icrasında Yazıçılar Birliyinin üzvlərinə, bütün yaradıcı ziyalılara uğurlar arzulamışdır. 
Sonra Yazıçılar Birliyinin sədri Asim Yadigarın hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, muxtar respublikada yaşayıb-yaradan şair və yazıçılara hərtərəfli diqqət və qayğı göstərir. Ötən beş il ərzində Yazıçılar Birliyi tərəfindən 12 ədəbi almanax hazırlanıb və bu almanaxlar Ali ­Məclis Sədrinin qayğısı ilə çap olunaraq oxucuların ixtiyarına verilib, “Naxçıvan” jurnalının bir neçə nömrəsi görkəmli şair və yazıçıların əsərlərinə, onlar haqqında yazılan məqalələrə həsr olunub. Asim Əliyev Yazıçılar Birliyinin üzvləri adından göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, göstərilən bu qayğının müqabilində fəaliyyətlərini gücləndirəcəklərinə, muxtar respublikamızda nəsr, dramaturgiya, uşaq ədəbiyyatı, tərcümə, bədii publisistika sahəsindəki nöqsanların tezliklə aradan qaldırılacağına, teatrlarımızın sanballı əsərlərlə zənginləşdiriləcəyinə, milli dəyərlərimizin, tarixi abidələrimizin bədii əsərlərdə daha geniş təbliğ ediləcəyinə söz vermişdir. 
Hesabat məruzəsi ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri İbrahim Yusifoğlunun və Elxan Yurdoğlunun çıxışları dinlənilib. 
Sonra konfransda 5 nəfərdən ibarət idarə heyəti seçilib. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri Qafar Qənbərov və Fərəc Fərəcov Asim Yadigarın yenidən Yazıçılar Birliyinin sədrliyinə namizədliyini irəli sürüblər. Təklif səsə qoyulub və qəbul olunub. 
Konfransda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Nəzarət-Təftiş Komissiyasının da yeni tərkibi müəyyənləşib. Komissiyanın üzvlüyünə namizədlər səsə qoyulub və qəbul olunub. İbrahim Yusifov (Yusifoğlu) Nəzarət-Təftiş Komissiyasının sədri seçilib. 
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin III konfransının qərar layihəsi oxunub və qəbul olunub. 
Bununla da, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin ­ III konfransı öz işini başa çatdırıb.

“Şərq qapısı”




Ana səhifəyə qayıt        Baxış: 1 389          Tarix: 20-10-2017, 12:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma