Xəbər lenti

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunda “İnformasiya cəmiyyətində ailə, qadın və uşaq məsələləri: real­lıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Naxçıvan Muxtar Respublikası Tele­viziya və Radio Şurasının üzvü Sara Əzimova, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Asəf Orucov çıxış edərək muxtar respublikada ailə dəyərlərinə verilən önəmdən söhbət açıblar. 
Qeyd olunub ki, ulu öndər ­Heydər Əliyevin əsasını qoyduğu ailə, qadın və uşaq siyasəti bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Bu siyasətin tərkib hissəsi olaraq ailə, qadın və uşaq məsələlərinin dəyərlərimizə uyğun, cəmiyyət olaraq inkişafımıza təsir edəcək yöndə təbliği də zəruri hesab olunur.
Muxtar respublikada ailə dəyərlərimizin qorunması və yaşadılmasına, qadınların ictimai fəallığının artırılmasına, uşaqların təlim-tərbiyəsinin təşkilinə hərtərəfli qayğı göstərilir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr ­tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyətinin təmin olunması ailə institutunun formalaşdırılması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərdəndir. Ailələrin bütövlüyünün açarı ailə dəyərlərinin üstün tutulmasındadır ki, bu da ailənin uzunömürlü olmasına gətirib çıxarır. 
Çıxışlarda cəmiyyətin inkişafına birbaşa təsir edən amillərdən olan ailənin mənəvi sağlamlığının, ailə dəyərlərinin qorunub saxlanmasında kütləvi informasiya vasitələrinin, sosial şəbəkələrin maarifləndirici rolundan, bu istiqamətdə birgə həyata keçirilən tədbirlərdən danışılıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq muxtar respublikanın şəhər, rayon və kənd­lərində müvafiq mövzularda konfranslar, seminarlar, yazı və rəsm müsabiqələri təşkil olunur, kütləvi informasiya vasitələrində sağlam ­ailənin formalaşması, ailə dəyərləri, uşaqların tərbiyəsi ilə bağlı çıxışlar edilir. 
Muxtar respublikamızda milli dəyərlərimizin əsas hissəsi olan ailə dəyərlərinin qorunub yaşadılması, ailələrin bütövlüyünün möhkəmləndirilməsi istiqamətində bundan sonra da ardıcıl tədbirlər görüləcək. “Ailə dəyərlərimiz film və fotolarda” II yaradıcılıq müsabiqəsi də məhz Azərbaycan ailəsinin tarixi dəyərlərinin təbliğ olunması məqsədilə təşkil olunub. 
Sonra müsabiqənin qalibləri elan olunub. Onlara Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən diplom, hədiyyə və pul mükafatları verilib.
Tədbirin sonunda müsabiqəyə təqdim edilmiş fotolardan ibarət hazırlanmış videoçarxa baxış olub, “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülmüş film nümayiş etdirilib. 
Məlumat üçün bildirək ki, müsabiqəyə həvəskar və peşəkarlar olmaqla, 34 nəfər 106 ədəd film və foto təqdim etmişdi.

 Səbuhi HÜSEYNOV




Ana səhifəyə qayıt        Baxış: 1 123          Tarix: 22-07-2017, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma