Bayram İsgəndərli həm də uşaqlar üçün yazan yazıçılarımızdandır. Onun müxtəlif illərdə “Günəş həmişə olacaq” ,”Balaca nağılçı”, “Qorxaq ayı balası Toxmaq”, “Çil xoruzun aqibəti”hekayələr kitabları işıq üzü görüb. Uşaq hekayələri “Azərbaycan pioneri” və “Tumurcuq” qəzetlərində, “Pioner” ,”Göyərçin”,”Bala dili”,”Günəş” jurnallarında və digər mətbu orqanlarda çap olunub. Bundan əlavə onun Naxçıvan Dövlət Kukla Teatrında “Cırtdanın yeni sərgüzəşti”, “Xeyirxah kirpi”, Naxçıvan Dövlət Uşaq Teatrında “ Meşə əhvalatı”, ”Siçanların hiyləsi” pyesləri tamaşaya qoyulub. Naxçıvan Dövlət Kukla Teatrı yenidən Bayram İsgəndərlinin yaradıcılığına müraciət edib; 2018-ci də onun “Özgəyə quyu qazanın özü quyuya düşər “ pyesini repertuarına daxil edib. Ovqat.com müəllifin uşaqlar üçün təzə yazdığı hekayələrdən birini sizə təqdim edir.
BƏXTİ GƏTİRƏN MUHAMMED
Nəvəm Muhammedə və dünyanın
bütün uşaqlarına
(Hekayə)
Dünya uşaqlarının hərəsinin bəxti bir cür gətirir. Balaca Muhammedinsə bəxti onların bəxtindən daha yeyindir: onun iki babası, iki də nənəsi var. Hə, hə, iki babası, iki də nənəsi. Ana babasını görən kimi iməkləyə-iməkləyə rəngli topunun üzərinə şığıyır: topu qamarlıyıb babasına sarı atır,-“top,top”,- deyir, yəni, gəl top oynayaq. Babası əyilib topu götürür, ona sarı diyirlədir, yəni, gəl oynayaq. “Top –top”oyunu başlayır: baba da uşağa çevrılir, balaca nəvəsi kimi otaq boyu ora-bura iməkləyir, topu böyük sevinclə nəvəsinə sarı istiqamətləndirir. Daha gücü qalmayıb, daha iməkləyə bilmir, dayanır. Amma balaca Muhammed oynamaq istəyir; gücü, həvəsi aşıb-daşır. Topu babasına tərəf atıb kəkələyir,-top, top... Babası qəddini düzəldir, qalxıb divan-kresloda oturur, nəvəsini topla bərabər qucaqlayır. Muhammed babasının yorulduğunu hiss edir, amma onun oynamaq ehtirası sönmür, gözlərini qapıya zilləyir. Görünür, o biri babasını gözləyir ki, yarımçıq qalmış “top-top” oyununu onunla davam etdirsin... Budur, qapı açılır, ata babası daxil olur... Bir azdan Muhammed “top-top” oyununu ata babasının iştirakı ilə davam etdirir... Sonra nənələr oyuna qatılır... Onlar da yorulurlar, amma Muhammed yorulmaq bilmir, gah babalarına, gah da nənələrinə sarı sürətlə iməkləyə-iməkləyə deyir,-top-top... ... Bax, belə. Dünya uşaqlarının hərəsinin bəxti bir cür gətirir. Muhammedinsə bəxti daha uğurlu oub ; onun iki babası, iki də nənəsi var... P.S. Bu hekayəni yazanda xəyalımda gözəl bir dünya görürdüm; orada bütün uşaqlar xoşbəxt idi...Onlar əmin-amanlıq içində yaşayırdılar....
Paylaş: