Xəbər lenti

  Yazıçı Bayram İsgəndərli ilə uzun illərə dayanan dostluğumuz var. Bu illər ərzində həmişə bir-birimizin yanında olmuşuq, dərd-sərimizi birgə yaşamış, baş verən hər hansı bir problemin öhdəsindən birgə gəlmişik.
   Bu günlərdə qələm dostuma qəfil bir xəstəlik üz verdi. Yerimək və danışmaq qabiliyyətini qismən itirdi. Jurnalist dostum Əşrəf Hümmətovla birgə getdik, görüşdük, xeyli zəifləmişdi. Hiss edirdim ki, kövrəlir, amma üzə vurmur.Təsəlli verdim. əlimdən ayrı iş gəlmirdi. Bir xeyli oturduq. Zarafat dolu dəqiqələr keçirdik. Əşrəfin duzlu-məzəli zarafatları Bayram müəllimin könlünü açdı, ona qol-qanad oldu, çətinliklə də olsa xeyli güldü. Ayrılanda gözlərinə baxdım:Həyat dolu bir inam var idi o gözlərdə.
Daha bir-iki həftə keçdi. Demək olar ki, hər gün zəngləşirdik.
Bu günlərdə qələm dostum, istedadlı şair Hüseyn Bağıroğlu zəng vurdu ki, bəlkə Bayram müəllimi yoluxmağa gedək. H. Bağıroğlu ilə Bayram müəllim arasında olan dostluq da keçmişlərə dayanır və bu əlaqə heç vaxt qırılmayıb. Odur ki, mən düşünmədən razılığımı verdim və vaxt təyin etdik.
 Günortanın istisində “Gənclik” metrostansiyasının yanında görüşüb Biləcəriyə yollandıq. Uzun bir toz-torpaqlı yol keçib Sumqayıt şosesi deyilən bir yerə vardıq. Ordan da sağa dönüb Bayram müəllimgilə çatdıq. Həyat yoldaşı Afiyət bacı həmişəki kimi bizi qapıda qarşıladı. Xoş-beşdən sonra içəri keçdik. Dostumu görəndə gözlərimə inanmadım. İçıqlı gözləri , şux sifəti ilə dayanmışdı qarşımda Bayram İsgəndərli. Bir-birimizə sarıldıq. İllər ayrısı kimi görüşdük.
 Ortalığa məxməri çay gəldi, bir də həyətlərində bitən əncir stolumuzu bəzədi. Çay içə-içə söhbət etdik, kimləri, nələri xatırlamadıq, nələri yada salmadıq.
Məlumat üçün deyim ki, 1943-cü ilin 17 iyununda Naxçıvan şəhərində doğulub. Cəmi iki iş yeri olub: Naxçıvan Televiziyası və Lider TV. İlk kitabı “Bir payız günü” 1981-ci ildə ,”Günəş həmişə olacaq” 1983, ”Balaca nağılçı”1985, ”Yeddi ilin ayrılığı” 1989, ”Vaxtla üz-üzə”1999,  “Sevgi məktubları” 2004,  “Qorxaq ayı balası toxmaq” 2012, ”Çil xoruzun aqibəti” 2015-ci ildə işıq üzü görüb.
Çapa hazır daha 4 kitabı fürsət gözləyir. Təəssüf ki, vəsait yoxdur.
 Söhbətin səmti yenə ötənlərə düşür. Yaradıcılıq axtarışlarından danışır. Təzəcə yazdığı bir hekayəni bizə danışır. Doğrusu qibtə edirəm dostuma. Belə ağır bir xəstəliklə vuruşa-vuruşa yenə də yaradıcıığa ara vermir. Arada nəvələrinin şəkillərinə baxır:”Onlar mənim nəfəsimdi” deyir.
Həyətə düşürük. Bizi yola salır. Onu da deyim ki, Bayram müəllim çox işgüzar adamdı. Yaxşı bağ salıb.Hər növ ağac əkib. Həyət- baca səliqə-sahmanlıdı.Alma, nar, heyva ağacları bar üstədi, meyvələr ağaclara xüsusi bir gözəllik verir.
Ayrılırıq. Hüseyn Bağıroğlu “Bir daha xəstələnmə” deyir . Bayram müəllim gülümsünür. Düşünürəm ki , gülüş Bayram İsgəndərliyə necə də yaraşır.Astadan deyirəm:”Dostum, qoy, üzün həmişə gülsün”.
   Məmməd Tahir
   Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 434          Tarix: 13-09-2017, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma