Xəbər lenti

 

 

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat ofisində jurnalistlərlə görüşən Cim Mattisin əsas gündəm mövzusu yenə Türkiyə olub.

Ovqat.com xarici mətbuata istinadə xəbər verir ki, ABŞ-ın Müdafiə naziri mətbuat konfransında Türkiyənin PYD/PKK-ya qarşı apardığı “Zeytun budağı” və ehtimal olunan Münbiç əməliyyatlarına dair sualları cavablandırıb.

 Jurnalistlərin suallarını cavablandıran Mattis PYD/PKK-ya qarşı aparılan “Zeytun budağı” əməliyyatının İŞİD-ə qarşə mübarizədən diqqəti yayındırdığını iddia edib.

O, Suriyadakı hadisələrlə, xüsusilə də Münbiclə bağlı məsələləri türkiyəli həmkarı Nurəddin Canikli ilə telefonla danışdığını, amma bu barədə təfsilatlı məlumat verməyin vaxtı yetişmədiyini bildirib:

"Bunlar barədə indi danışmayacağam. Söhbətimizin məğzini ictimaiyyətə açıqlamanın vaxtı deyil. Ölkələrin ictimai rəyləri vəziyyəti daha da çətinləşdirə bilər. Təkcə onu deyə bilərəm; bu məsələ hazırda müttəfiqimiz Türkiyə ilə aktiv müzakirə mövzusudur".

Qeyd edək ki, ABŞ-la Türkiyə arasında terrorizmə qarşı mübarizə mövzusunda dərin fikir ayrılığı var. ABŞ-ın Şimali Suriya siyasətini Kürdüstan dövlətinin qurulması istiqamətində atılan addım və öz suverenliyi üçün açıq təhdid kimi görən Ankara bunun qarşısını almaq üçün Münbicə də hərbi əməliyyata başlamaq fikrindədir. İŞİD-ə qarşı mübarizə bəhanəsilə kürd separatçılarını silahlandıran ABŞ isə bunu istəmir, Ankaranı mövqeyindən çəkindirməyə çalışır.

Uzun zamandan bəri iki NATO müttəfiqi arasında gedən mübahisələr ən kritik zirvəyə yüksəlib. Bu yaxınlarda Türkiyə prezidenti R. T Ərdoğan Münbic əməliyyatına mütləq başlayacaqlarını, hətta qarşısına çıxan digər dövlətlərin də əsgərlərinə acımayacaqlarını bəyan etməklə, faktiki olaraq, ABŞ-ı təhdid etmişdi. ABŞ isə PYD/PKK qüvvələrini yalnız buraxmayacaqlarını açıqlamışdı.

İki müttəfiq arasındakı gərginliyin artdığı bir zamanda Türkiyənin müxtəlif sərhəd şəhərlərinin raket zərbələrinə məruz qalması PKK/PYD qruplaşmasının vəziyyətdən yaralanmağa  və Ankaranı digər bölgələrdə də əməliyyata başlamağa vadar etməyə çalışdığını göstərir. Görünür, separatçılar bu əməliyyatlar baş verərsə, ABŞ-dan ciddi dəstək alacaqlarını və müttəfiqləri üz-üzə gətirə biləcəklərini düşünürlər.

Bu cür qarışıq bir vəziyyətdə Pentaqon rəhbərinin Türkiyə ilə danışıqlarının nəticəsi barədə ictimaiyyəti məlumatlandırmaqdan yayınması tərəflərin ortaq məxrəcə gələ bilmədiklərindən xəbər verir.




Ana səhifəyə qayıt        Baxış: 819          Tarix: 2-02-2018, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma