AYB sədri yazıçı Anarın prezident seçkilərində ölkə başçısı İlham Əliyevi dəstəkləməsi cəmiyyətimizdə nədənsə birmənalı qarşılanmadı. Bir çox insanlar xüsusilə Anar müəllimin üslubunu bəyənmədilər. Hətta onun əsərlərinin yandırılması təklifləri belə, zaman-zaman sosial şəbəkələrdə müzakirəyə çıxarıldı.
Yazıçıya etiraz edənlərdən biri də özünü “oxucu” kimi təqdim edən İsa Mirzəyevdir. Ovqat.com vasitəsilə yazıçıya iki məktub ünvanlayan İsa bəy Anarı ahıl çağında bu cür mübahisəli addımlar atmamağa çağırmış, məddahlığa varan müdafiə tərzini ona yaraşdırmamışdı.
Anar müəllimin Oxucusuna cavabı özünü çox gözlətmədi. “Yeni Müsavat” qəzetinə müsahibə verən yazıçı, İlham Əliyevi niyə dəstəklədiyinə aydınlıq gətirib. Bu gün dərc olunan həmin müsahibənin mövzuyla əlaqədar qismini Oxuculara təqdim edirik:
“Birincisi, ondan başlayaq ki, əgər demokratiyadan söhbət gedirsə, gərək hamının fikrinə hörmətlə yanaşasan. İndi başqaları da prezidentliyə namizədliyini verib. Deyərdilər ki, siz İlham Əliyevi müdafiə edirsiniz, gərək filankəsi müdafiə edəydiniz. Kimi müdafiə edəydik? Mən namizədlərin siyahısına baxmışam, onların hansı biri bu saat İlham Əliyevin alternativi ola bilər? Birincisi, burdan başlayaq. İkincisi, illər boyu - əvvəl Heydər Əliyev, sonra da İlham Əliyev - yaradıcı insanlara, mədəniyyətə, ədəbiyyata, sənətə qayğı göstərib - hələ ayrı sahələri bir qırağa qoyuram - hörmətlə yanaşıblar, kömək ediblər. Müxalifət isə həmişə bizi söyüb, təhqir edib, bizim əleyhimizə yazıb. Bu, ona oxşayır ki, niyə siz bizi hakimiyyətə gətirmirsiniz? Yaxud “aç qapını, gələk, səni öldürək!” Bizi hakimiyyətə gətirin ki, sizi boğaq! Kim buna gedər? Ona görə biz yaradıcı adamlar yığışdıq, mən özümü demirəm, bilirsiniz, hamısı orada hörmətli adamlardır. Yaxşı, mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin, - vaxtilə Çində bir gəncin barmaqlarını sındırmışdılar ki, Çaykovski kursunda mükafat alıb - Fərhad Xəlilovun fırçasını əlindən alın, Şəfiqə xanımın, Amaliya xanımın, Hacı İsmayılovun çəkildiyi filmləri qadağan edin, Firəngiz Əlizadənin bütün dünyada səslənən musiqisini Azərbaycanda qadağan eləyin, Elbay Qasımzadənin tikdiyi binaları sökün! Nə qalacaq Azərbaycanda?! Bir bunu fikirləşirlər?! Fikirləşirlərmi ki, bu adamlar bütün ömrünü Azərbaycan mədəniyyətinə, ədəbiyyatına xidmət ediblər, indi bu adamlar yekdil fikirdədirlərsə... Kimin nə ehtiyacı var ki, yaltaqlıq eləsin? Biz hər şeyi almışıq. Yaxşı, biz öz fikrimizi deyiriksə, elə hesab ediriksə ki, bu gün Azərbaycanı bu çətin vəziyyətində İlham Əliyev çox doğru siyasət aparır, bizə düşmən olan, dost olan qonşularımızla münasibəti elə qurur ki, Azərbaycan bu saat sabitlik içində yaşayır... Yaxşı, biz bunu düşünərək ona səs verməyə çağırırıqsa, niyə bizim kitablarımızı yandırırlar, yaxud özümüzü hədəfə alırlar, mən bunu başa düşmürəm. O adamlar ki, bunu deyirlər, onlar 1991-ci ildə gəlmişdilər də hakimiyyətə, gördük nələr oldu. Gördük Azərbaycan neçə yerə parçalanırdı, Bakıda küçəyə çıxmaq mümkün deyildi. Ermənilər az qala gəlib Yevlaxa çıxırdılar. Bunları görmüşük axı...”
Paylaş: