Xəbər lenti

  

Bir neçə gün öncə saytımız vasitəsilə AYB sədri Anara müraciət ünvanlayan İsa Mirzəyev növbəti məktubunu e-mail ünvanımıza göndərib. Budəfəki məktubunda bir çox özünü “yaradıcı adam” adlandıranlar olduğu halda, niyə təkcə Anara yükləndiyinə aydınlıq gətirən İsa müəllim bunu AYB sədrinin “daha ictimai dəyərli” şəxsiyyəti ilə əsaslandırıb:

“Eyni məzmunlu dəstək çıxışlarını ard-arda digər "yaradıcılar” da, “akademiklər” də və s. də etdilər. Onlar davam etsinlər. Belələriylə işim yoxdur. Anarı daha ictimai dəyərli hesab etdiyimdən, ona bu davranışı yaraşdırmadım, məyus oldum”.

Xatırladaq ki, İsa Mirzəyevi, öz təbirilə desək, məyus edən hadisə Anar müəllimin prezident seçkiləri ərəfəsində mövqeyini “məddahığa varan üslubla” ifadə etməsidir. Belə ki, AYP sədri Azərbaycanın yaradıcı ziyalılarının Dövlət Filarmoniyasında keçirdikləri toplantıda çıxış edərək demişdi: “Prezident İlham Əliyev Azərbaycanda yaradıcılığın inkişafına böyük dəstək verir, daim yaradıcı insanları diqqətdə saxlayır, onların problemlərinin həllinə çalışır. Ona görə də bu gün yaradıcı insanlar Prezident İlham Əliyevin növbəti seçkilərdə namizədliyini dəstəkləyir və qalib gələcəyinə əmindir. Biz yaradıcı adamlar cənab Prezident İlham Əliyevə səs verəcəyik və buna borcluyuq".

İsa Mirzəyev növbəti məktubunda Anar müəllimin dilə gətirdiyi “yaradıcı insan” ibarəsiylə də razılaşmır. Onun fikrincə, yaradıcı insan yoxdur, istehsalçı və istehlakçı insan vardır. Bütün insanlar kimi, intellektual məhsul istehsal edənlər də əməyinin maddi qarşılığını öz alın tərləri hesabına alır və buna görə heç kimin qarşısında öhdəliyi olmamalıdır.

Növbəti məktubdan ən mühüm hissələri Ovqat.com oxucularına təqdim edirik:

““Biz yaradıcılar" - bu ifadəni yanlış hesab etmişəm hər vaxt . İnsan iş görür, maddi, intellektual dəyər istehsal edir ve maddi olaraq da dəyərini, qarşılığını alır. Təbiri caizsə, istehsal və istehlak edir, əmtəə-məhsul ortaya qoyur. Bu mənada o, yaradıcı ola bilməz. Tək Yaradan O`dur, Mutləq`dir, Allah`dır! Bəndə icracıdır. Sənət aləminin adamları (şair, yazıçı, musiqiçi, rəssam,aktyor...) məmurlaşmamalı, məmur qarşısında (ranqından asılı olmayaraq) öhdəlik götürməməli, vicdanından başqa kimsəyə özünü borclu durumuna endirməməlidir.

Bu aspektden Anara irad bildirdim: uman yerdən küsərlər. Eyni məzmunlu dəstək çıxışlarını ard-arda digər "yaradıcılar” da, “akademiklər” də və s. də etdilər. Onlar davam etsinlər. Belələriylə işim yoxdur. Anarı daha ictimai dəyərli hesab etdiyimdən, ona bu davranışı yaraşdırmadım, məyus oldum”.




Ana səhifəyə qayıt        Baxış: 1 977          Tarix: 16-02-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma