Xəbər lenti

  

Aprelin 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov 5641 seçki məntəqəsində prezident seçkiləri ilə əlaqədar səsvermə keçirildiyini bildirib. O deyib ki, seçki məntəqələrinin 92 faizindən çoxundan – 5201-dən səsvermənin nəticələrinə dair məlumatlar Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə daxil olub. Həmin məlumatlar araşdırılarkən 3 milyon 712 min 120 səs etibarlı sayılıb. Bu səslər namizədlər arasında aşağıdakı kimi bölünüb:

Əliyev İlham Heydər oğlu – 3 milyon 192 min 522 səs (86 faiz);

Əlizadə Araz Məmməd-Mübariz oğlu – 51 min 738 səs (1,39 faiz);

Hacıyev Hafiz Ələmdar oğlu – 56 min 153 səs (1,51 faiz);

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 112 min 915 səs (3,04 faiz);

Quliyev Fərəc İbrahim oğlu – 43 min 546 səs (1,18 faiz);

Məmmədov Sərdar Cəlal oğlu – 112 min 78 səs (3,02 faiz);

Nurullayev Razi Qulaməli oğlu – 27 min 706 səs (0,75 faiz);

Oruc Zahid Məhərrəm oğlu – 115 min 462 səs (3,11 faiz).

Beləliklə, etibarlı səslərin 86 faizini qazanan İlham Heydər oğlu Əliyev prezident seçkilərində böyük üstünlüklə liderlik edir.

MSK sədri deyib ki, hələlik çox az məntəqədən məlumatlar alınmayıb. Bunlar əsasən ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən məntəqələrdir. Ölkə daxilində bəzi köçkün seçiciləri əhatə edən məntəqələrdən məlumatların seçki dairələrinə çatdırılması ilə bağlı müəyyən problem yarandığına görə həmin məlumatlar gecikir. Səhər saatlarında məntəqələrin 100 faizindən alınan nəticələr ictimaiyyətə çatdırılacaq.

Səsvermənin çox sakit, Azərbaycan seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verən şəraitdə keçirildiyini bildirən Məzahir Pənahov qeyd edib ki, səsvermə zamanı heç bir xoşagəlməz hala yol verilmədi. Bu, Azərbaycan ictimaiyyətinin seçki mədəniyyətinin kifayət qədər yüksək olmasının göstəricisidir. Baxmayaraq ki, seçkilərdə 6 siyasi partiyanın namizədləri, ümumilikdə, 8 namizəd mübarizə aparırdı. Bütün proseslər qanunvericiliyin tələbinə uyğun həyata keçdi. Məntəqə, dairə seçki komissiyaları öz vəzifələrinin öhdəsindən çox yüksək səviyyədə gəldilər. Gün ərzində təhlükəsizliyin təmin edilməsi baxımından da heç bir problem yaşanmadı. Azərbaycan polisi öz fəaliyyətini Seçki Məcəlləsinin tələbinə uyğun qurduğu üçün bununla bağlı Mərkəzi Seçki Komissiyasına heç bir narazılıq daxil olmadı.

Müvafiq dövlət qurumlarının seçkilərin hazırlanmasında Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığını qeyd edən Məzahir Pənahov onlara minnətdarlığını bildirib. O, həmçinin deyib ki, həm komissiyalar, həm çoxsaylı müşahidəçilər, həm də namizədlərin səlahiyyətli nümayəndələri qanunvericiliyin tələbinə riayət etdilər. Kütləvi informasiya vasitələri də öz növbəsində gün ərzində ölkənin bütün bölgələrindən seçki prosesi ilə bağlı ətraflı, operativ məlumatlar yaydılar.

Sonra MSK sədri jurnalistlərin suallarını cavablandırıb.




Ana səhifəyə qayıt        Baxış: 893          Tarix: 12-04-2018, 06:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma