Xəbər lenti

 

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların daxil olduqları təhsil müəssisəsinə qeydiyyatı başlayıb. 

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, boş qalan yerlərə qəbul olunanlar avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. I mərhələdən sonra qəbul olunanlar qeydiyyatı isə avqustun 15-dən başlayıb və avqustun 27-dək davam edəcək. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə sentyabrın 29-dək davam edəcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmənin nəticələrini avqustun 20-də elan edib.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub. I mərhələdən sonra isə ali təhsil müəssisələrinə 42062 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunmuşdu. İlk mərhələdən sonra qəbulolma faizi 88.06 idi.

Beləliklə, hər iki mərhələdən sonra ali təhsil müəssisələrinə 43480 (o cümlədən 4774 subbakalavr) nəfər qəbul olunub. 17947 (o cümlədən 632 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25533 (o cümlədən 4142 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq 91.03 olub.




Ana səhifəyə qayıt        Baxış: 388          Tarix: 23-08-2019, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma