“Mənim üçün nə Paşinyanın, nə də onun dəstəsindən başqa bir kəsin açıqlaması ən kiçik əhəmiyyətə belə malik deyil. Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi təyin olunduğu beynəlxalq təşkilatların rəsmi sənədləri var və heç bir beynəlxalq qurum sərhədlərimizə etiraz etməyib. Əksinə, dünya ərazi bütövlüyümüzü tanıyır".
Bunu virtualaz.org-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın "...Azərbaycan SSRİ-ni tərk etdi və burada qəribə bir şey yox idi, Dağlıq Qarabağ Muxtar Vilayəti də Azərbaycan SSR-ni elə tərk etdi və bu da qəribə bir şey sayılmamalıdır" yalançı elmi nəticələrini şərh edərkən A .Mütəllibov bu xadimə xatırladıb ki, "SSRİ Konstitusiyasına görə, Azərbaycan, bütün ittifaq respublikaları kimi, İttifaqdan ayrılmaq hüququna sahib idi, halbuki muxtar qurumlarda belə hüquqlar yox idi".
“Paşinyan siyasətdə diletantdır və qoy bu cür pafoslu bəyanatlar verməzdən əvvəl tarixi sənədləri diqqətlə araşdırsın. Azərbaycan BMT və digər beynəlxalq qurumlara Dağlıq Qarabağla birlikdə daxil olub və bu, rəsmi sənədlərdə öz əksini tapıb. Yeri gəlmişkən, Azərbaycan MDB-yə daxil olanda, hətta Ter-Petrosyan da Dağlıq Qarabağla bağlı bir söz demədi. O, bütün MDB prezidentləri kimi, Azərbaycanı mövcud sərhədlərdə tanıdı. Buna görə bu problemin etimologiyasını hələ də başa düşməyən və açıqlamalarında çaşqınlıq çəkən bir adamla polemika aparmağa dəyməz”, - deyə eks-prezident qətiyyətlə vurğulayıb.
Zaur Rəsulzadə
Virtualaz.org
Paylaş: