Seymur Quliyev: “Mən dövlətə arxalanıram”
“Hacı Qalib Salahzadə əvvəllər də olduğu kimi qeyri-ciddi açıqlamalar verməklə yaxasını kənara çəkməyə çalışır. Gah deyir ki, mənim o işə aidiyyətim yoxdur, gah da ki, Bilgəhdə Aslan Salahzadə küçəsini olmadığını iddia edir, həccə adam göndərməkdən dəm vurur. Faktiki isə mənim 25 sot özəl torpağımı, həmin torpaq üzərindəki 2 və 3 mərtəbəli mülklərini darmadağın edib, hansını ki, heç düşmən də düşmənə etməzdi, o edib. Həyətimdəki böyük hovuzu dağıdıb, şirin su quyusunu məhv edib, ağacları buldozerin qabağına verib. İndi də bizə şər atmaqdan çəkinmir” - Azərbaycan vətəndaşı Seymur Quliyev belə deyir. Bir neçə gün əvvəl Seymur Quliyev və digər bir neçə şəxs sabiq deputat Qalib Salahzadənin qanunlara məhəl qoymaması, məhkəmə qərarlarını icra etməməsi, Bilgəh qəsəbəsində vətəndaşlara məxsus torpaqları zəbt etməsinindən dolayı Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətində mətbuat konfransı keçirib.
Həmin mətbuat konfransında çıxış edən Seymur Quliyev Qalib Salahzadənin onun Bilgəh qəsəbəsi A.Salahzadə küçəsi döngə 21, 2 saylı ünvanını zəbt eləməsi, oranın dayanacağa çevrilməsindən bəhs edib. Bundan sonra Qalib Salahzadə açıqlama verərək Bilgəhdə ümumiyyətlə belə bir küçə olmadığını, deyilənləri yalana çıxarmağa cəhd etmişdi. Seymur Quliyev deyir ki, Qalib Salahzadənin sözləri cəfəngiyyatdır, növbəti uydurmadır.
“Redaksiyanıza təqdim etdiyim bu sənədi Əmlak Məsələləri Dövlət Komitəsi 30 may 2017-ci ildə Sabunçu Rayon icra Hakimiyyətinə, mənə və qonşum Əliyev Nurid Məcid oğluna göndərib.
Həmin məktubun mətni belədir:
- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi. ASalahzadə küçəsində yerləşən daşınmaz əmlaka gediş-gəliş yolunun kənar şəxslər tərəfindən zəbt edilməsi məsələsinin araşdırılması barədə vətəndaşlar Quliyev Seymur İsrafil oğlu və Əliyev Nurid Məcid oğlunun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş 14 aprel 2017-ci il tarixli 16/Q-1676-148 saylı müraciətinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla bağlı Komitənin mütəxəssisləri tərəfindən yerində aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-319/2015 saylı, 11 noyabr 2015-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-561/16 saylı, 17 mart 2016-cı ıl tarixli qərarları əsasında Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 21, 2 saylı fərdi yaşayış evinin 0.20 ha həyətyanı torpaq sahəsi üzərində vətəndaş Quliyev Seymur İsrafil oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Buna baxmayaraq S.İ.Quliyevin həyətyanı sahəsinə, eləcə də Xəzər dənizinin (gölünün) sahilinə nəzərdə tutulmuş gediş-gəliş yolu əvvəlki mülkiyyətçi Salahzadə Xatirə Allahşükür qızı tərəfindən daş hasara alınma yolu ilə bağlanmışdır. Mütəxəssislər tərəfindən qanunvericiliyin tələbləri izah edilərək hasara alınmış gediş-gəliş yolunun açılması barədə vətəndaş X.A.Salahzadənin nümayəndəsinə xəbərdarlıq edilmişdir. Azərbaycan prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16 1-ci və 4.16 3-cü bəndlərinə əsasən müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil etmək, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlər həyata keçirmək, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyyəti başçısının vəzifələri olaraq müəyyən edilmişdir.
Xahiş edirik nəzərə alasınız.
Seymur Quliyev
Bunu yazan Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirovdur. Yəni Qalib Salahzadənin dediklərinin həqiqət olmadığını bu məktubun mətni ortaya qoyur. Qalib Salahzadə 2012-ci ildə mənə məxsus özəl mülkü zəbt edəndən sonra bu iş üzrə dəfələrlə məhkəmələr qərar, qətnamə, hökmlər çıxarıblar. Hər birində də mənim torpağımın zəbt olunması açıq-aşkar görünür".
Seymur Quliyev deyir ki, Qalib Salahzadənin bir-birinin ardınca uydurduğu yalanlar, hörmətli şəxslərin də düzgün nəticə çıxarmamasına səbəb olur: “Bu adam dövlət qurumlarına gedir, çox hörmətli, respublikada tanınan adamların adlarını hallandırır. Məmurlar da çəkinirlər. Halbuki hər kəs mənim Bilgəh qəsəbəsində yerləşən özəl mülkümün zəbt olunmasını bilir. Qalib Salahzadə yalanlarla vəziyyətdən çıxmaq istəyir. Mən ona bu imkanı verməyəcəyəm. Azərbaycan dövlətinə arxalanıram, dövlətimin özəl mülkiyyətimi dağıdan şəxslərin cəzalandıracağını, mülkiyyət hüququnun bərpa edəcəyinə inanıram”.
Paylaş: