Xəbər lenti

 

Milliyətcə erməni olan və “sadist” adı ilə tanınan Nikita Krimyan 1913-cü ildə Qarsda anadan olub. Rəsmi anketində valideynlərinin “erməni soyqırımı” qurbanları olduğu göstərilib. Əslində isə anası 1932-ci ildə vərəm xəstəliyindən ölüb. Atası haqqında isə özünün də dəqiq məlumat olmayıb, Arkadi Krimyan evləndikdən dörd il sonra ailəsini atıb və bir daha geri qayıtmayıb.

Krimyan Vladiqafqazda 9 illik təhsil aldıqdan sonra ilk əmək fəaliyyətinə elə həmin şəhərdə dülgər sexində başlayıb. Sonra gön-dəri zavodunda usta köməkçisi işləyib, daha sonra Ermənistanda sovxozların birində direktor müavini vəzifəsinə sahib olub.

İşini və yerini “çevikliklə” dəyişən Krimyan 1931-ci ildə Azərbaycanda da özünə yer tapıb. Qaradonluda (Qaradonlu 1938-ci ilə qədər İmişli rayonun mərkəzi olub) pambıqçılıq sovxozunda işlər idarəsinə rəhbərlik edib.

1932-ci ildə Nikita Krimyan Tiflisdə Baş Siyasi İdarədə (QPU) işə qəbul olunub. Qısa bir müddət ərzində amansızlığı ilə fərqlənən Krimyan 1937-ci ildə Gürcüstan “NKVD”-sinin istintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə xidmət edərkən o, səlahiyyətlərini aşmaqla yanaşı, əlavə gəlir əldə etmək üçün maxinasiyalara da əl atıb. Belə ki, Krimyan özü və tabeçiliyində olan üç nəfər dayısının direktor olduğu tikiş kombinatına rəsmi işə “qəbul” olunublar. İşə getmədən Krimyan hər ay dörd nəfərin maaşını alıb.

Mövcud qanunvericiliyə görə, “NKVD” əməkdaşlarının digər qurum, təşkilat və müəssisələrdə işləməsi qadağan olunub və bununla bağlı cinayət məcəlləsində xüsusi maddə də əks olunub. Krimyanın tikiş kombinatında “işləməsinin” üstü açılanda onun haqqında ciddi tədbirlərin görülməsi nəzərdə tutulub. Krimyanın həbs olunma məsələsi gündəmə gələndə məsələyə Lavrenti Beriya müdaxilə edib. Beləliklə, hiyləgər erməninin başının üstündən təhlükə sovuşub.

Sonralar uzun illər Gürcüstanda “NKVD”-də idarə rəisi işləmiş Qazaryan bu haqda yazıb:

“Nikita Krimyanın qanuna zidd olaraq başqa bir müəssisədən əməkhaqqı alması cinayət və dələduzluq idi. Ümumiyyətlə, bu adam xidməti vəzifəsini icra edərkən həmişə səlahiyyətlərini aşırdı. Şəxsən bu mənim üçün yolverilməz idi və mən onun haqqında dəfələrlə məsələ qaldırmışdım, işdən xaric olunmağını tələb etmişdim. Krimyanın həbs olunması üçün yetərincə tutarlı faktlar var idi. Amma nə etməli ki, hər dəfə Beriya onu sudan quru çıxarırdı. Sözsüz ki, Krimyan kimi amansız, qəddar, cəllad bir şəxsin əməlləri çox da davam edə bilməzdi. Sonda o, öz layiqli cəzasını aldı...”

İstintaq apararkən Nikita Krimyanın özünəməxsus cəza metodları olub. O, ittiham olunan şəxsi özü döyüb və bu döyülmə prosesi həmin şəxsin hansısa bir əzasından qan açılmasına qədər davam edib. Bundan sonra Krimyan həmin şəxsi yerə tökülmüş qanının yalamağa məcbur edib.

Lazım olan ifadəni almaq üçün Krimyan kameralarda buxar buraxan istilik sistemləri quraşdırıb. Temperatur o həddə çatdırılıb ki, içəridə olan şəxs ya ölüb, ya da Krimyanın dedikləri ilə razılaşıb.

Aradan götürülməli adamlar adətən iki cinayətdə ittiham olunublar, Stalinə və Beriyaya sui-qəsd cəhdində.

Gürcüstandan sonra 1939-1945-ci illərdə Krimyan Lvov və Yaroslavl vilayətlərində yerli dövlət təhlükəsizliyi idarələrində rəis vəzifəsində xidmət edib.

1945-ci ilin may ayında polkovnik rütbəsində olan Nikita Krimyan Ermənistanın dövlət təhlükəsizliyi naziri təyin edilib. Ancaq bu vəzifədə Krimyan çox tab gətirə bilməyib. Onun özbaşınalığının, qudurğanlığının həddi o dərəcəyə çatıb ki, ermənilər özləri Krimyandan qurtulmaq üçün bütün vasitələrə əl atıblar.

Həmin dövrdə Ermənistanın birinci katibi olan Qriqori Arutinov Krimyanla bir neçə dəfə söhbət aparıb, ona xəbərdarlıq edib. Krimyan isə bir cümlə ilə birinci katibi susdurub:

- Sizin bizim işlərə qarışmağa hüquqi ixtiyarınız yoxdur və mən birbaşa Lavrenti Beriyanın tapşırıqlarını icra edirəm.
Sonuncu görüşdən və bu cavabdan sonra Arutinov Moskvaya yollanıb, Stalinlə görüşüb, Kremldə Krimyanın məsələsi həll olunub. Onu nazir vəzifəsindən azad edib Ulyanovsk vilayətinə idarə rəisi göndəriblər. Bu hadisə Beriya ilə Arutinov arasında soyuq münasibətə səbəb olub.

Krimyan Leninin vətənində az da olsa ağıllanıb, təhsil almaq fikrinə düşüb və qiyabi yolla Ulaynovsk Pedaqoji İnstitutunda “təhsil alıb”.

Amma bu ağıllılıq da çox uzun sürməyib. Krimyan vilayətdə özünü mütləq hakim kimi aparıb. Onun sorağı növbəti dəfə Kremlə çatıb və nəhayət, 1950-ci ildə o, “yararsız işçi” kimi orqandan xaric edilib.

Bir müddət işsiz qalan Nikita Krimyan köhnə əlaqələrini işə salıb, bu dəfə o, Anastas Mikoyanın köməyi ilə 1951-ci ildə Ermənistanın qida sənayesi nazirliyində kadrlar idarəsinə rəis təyin edilib.

Köhnə vərdişlərindən əl çəkməyən Krimyan bu nazirlikdə də at oynadıb, Beriya ilə yaxınlığını tez-tez dilə gətirərək özünü nazirliyin birinci şəxsi sayıb. Elə iki il sonra, 1953-cü ildə Beriyanın özü nazirliyi Krimyanın əlindən “xilas” edib. Beriya həbs olunduqdan sonra Nikita Krimyan da “dəmir nazir”in yaxın adamı kimi qandallanıb.

Nikita Krimyan ən ağır cəzaya, güllənməyə məhkum edilib. 15 noyabr 1955-ci ildə hökm icra edilib.




Ana səhifəyə qayıt        Baxış: 410          Tarix: 19-09-2019, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma