Xəbər lenti

 

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub. Bu barədə virtualaz.org-a məlumatlı mənbələr bildiriblər.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qalır. Bu baxımdan Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.

H.Hacıyev 1979-cu ildə Gəncədə anadan olub. BDU-nun beynəlxalq münasibətlər fakültəsinin məzunudur, habelə Belçikanın ULB universitetində təhsil alıb. 2000-ci ildən XİN-də işləyir. 2014-cü ildə nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub.

Axar.az xəbər verir ki, bu təyinat XİN mətbuat xidmətinin rəhbəri olaraq çalışan şəxslərin karyeralarını gündəmə gətirib. Artıq XİN-nin mətbuat xidməti rəhbərlərinin daha yüksək posta yiyələnməsi ənənəyə çevrilməkdədir.

Qısaca xatırladaq: Hikmət Hacıyevin sələfi Elman Abdullayev də 3 illik XİN mətbuat xidməti rəhbəri vəzifəsindən sonra diplomat kimi xaricə göndərilib. Ali təhsilini Misirin Qahirə Universitetində alan E.Abdullayev magistr dərəcəsinə ABŞ-ın Kaliforniya Dövlət Universitetində yiyələnib.

Azərbaycan və rus dillərindən başqa, ərəb, fars, ingilis və fransız dillərini bilən E.Abdullayev 1999-cu ildən Azərbaycan XİN-də işləyib, Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluğumuzda konsul vəzifəsində çalışıb.

2011-ci ildə XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilən E.Abdullayev 3 illik fəaliyyətdən sonra 18 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

E.Abdullayevin sələfi Elxan Poluxov da XİN mətbuat xidmətinin rəhbəri təyin edildikdən sonra həm diplomatik sahədə, həm də mətbuatda tanınmağa başlayıb. E.Poluxov 2009-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov tərəfindən XİN mətbuat xidmətinin rəhbəri təyin edilib. E.Poluxov 2 ildən sonra, 2011-ci ildə Azərbaycan Respublikasının Svazilenddəki fövqəladə və səlahiyyətli səfiri olub.

Poluxovun sələfi Xəzər İbrahim isə 2007-ci ildə XİN-in mətbuat xidmətinə rəhbərlik etməyə başlayıb. 2009-cu ildə Azərbaycanın ABŞ-dakı səfirliyinə müşavir vəzifəsinə göndərilən X.İbrahim 2011-ci ildə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.

O, 2017-ci ildən isə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.

X.İbrahimin sələfi isə Tahir Tağızadə olub. Çox az müddət bu vəzifəni icra edən T.Tağızadə 2007-ci ildə Azərbaycanın Çexiyadakı səfiri vəzifəsinə təyinat alıb. Daha sonra Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.




Ana səhifəyə qayıt        Baxış: 911          Tarix: 18-09-2018, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma