Xəbər lenti
 
Bu müsahibə tanınmış şair Tofiq Nurəli ilə keçən il baş tutmuşdu.Aktuallığını nəzərə alıb həmin söhbəti şairin doğum günündə yenidən oxucularımıza təqdim etməyi məqbul saydıq.
Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən idi. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk “Şehli kəpənəklər” adlı kitabı da böyük rəğbətlə qarşılanmışdı. 1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin “Literaturnaya qazeta” da dərc olunması həmin müvəffəqiyyətin davamı idi. “Şehli kəpənəklər”dən sonra şairin “Yağışdan sonra”, “Tənha bir qüssə”, “Tənha payız yarpağı”, "Yarpaqlarım ağrıyır", “Darıxan nəğmələr” adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə nəşr edilən dövri mətbuatda, ədəbi toplularda da dərc olunub. Tanınmış həkim, şair həmyerlimiz həm də, 1918-də qaniçən erməni-daşnak quldurlarına, 1920-ci ilin aprelindən sonra işğalçı Qızıl Orduya müqavimətin təşkili və ondan sonrakı dövrlərdə baş verən hadisələrdən bəhs edən “Qaçaq Mayıl” kinopovestinin müəllifidir. 
--Bu günkü oxucuların xeyli qismi siz yaşadığınız dünəni yaşamayıb. Odur ki, tarixə bir az ekskursiya etsək pis olmaz. Elə "Şehli kəpənəklər"dən başlayaq. 
--Bu mənim ilk kitabımdır. 1983-də "Gənclik” nəşriyatıda çap olunub, 1978-dən ötürə-ötürlə gəlib çıxmışdı 83-ə. O vaxt gənc yazıçıların məşhur Şüvəlan seminarından sonra dörd nəfərin ilk kitabının çap oluması qərara alınmış və AYB sədri rəhmətlik İmran Qasımov nəşriyyata məktubla müraciət etmişdi. Nəşriyyat dərhal qovluqları qəbul etsə də, İmran müəllim vəfat edən kimi o kitabların əvəzinə almanax buraxmaq qərarına gəldilər, yəni kəmfürsətlik. O biri gənclər çox ciddi döyüşdülər, mən də bir-iki dəfə qapıları döyməli oldum. Kitab çox çətinliklərdən keçərək nəhayət 1983-cü ildə çapdan çıxdı. Kitab ədəbi mühit və oxucular tərəfindən çox yüksək qarşılandı. Redaktoru gənclərin xeyirxahlarından olan Çıngiz Əlioğludur. Bi müddət sonra kitab tapılmırdı. Sonra məlum oldu ki, kitab dəfələrlə təkrar-təkrar çap olunub-- pirat şəkildə. Elə burada deyim ki, ikinci kitabım da bu yolu keçdi... Gənc oxucular məni tez-tez yaxalayırdılar, qızların sualları həmişə qəliz və adamı qızardan olurdu. Olub ki, bir neçə dəfə rastıma çıxan tələbə qızlar dövrəyə alaraq məni o ki var kəkələdiblər, tərlədiblər... Hələ iş yerimə, "Azərbaycan" juralına gələn çoxsaylı məktubları demirəm... O vaxt o jurnalda ışləmiş Müslüm müəllim çox sonralar danışırdı ki, redaktor Ə.Əylisli tapşırdı ki, bu məktubların birini də ona göstərməyin-- korlanar… Elə 120 ədəd məktubu da mən yandırdım... Nə isə... Kitabın belə uğuru mənə baha oturdu. Bir il sonra Gənc Yazıçıların Moskvada keçırilən 8-ci Ümumittifaq Müşavirəsindəki uğurlar isə vəziyyətimi lap ağırlaşdırdı: bütün ədəbi orqanların redaksiyalarında çap üçün qəbul olunmuş yazılarım  hərəsi bir bəhanə ilə geri qaytarıldı, növbəti kitabım 1985-ci ilin planından çıxarıldı, obiri nəşriyyat kitabımı heç qəbul etmədi, başqa nəşriyyatdakı kitabım itdi, Azərbaycan Yazıçılar İttifaqına üzvlük üçün verdiyim qovluq qeyb oldu (onu da deyim ki, SSRİ Yİ-na üzv qəbul olunmağım barədə qərar həmən müşavirənin haqqımda olan qərarlardan biri idi). Sanki görünməyən güclü bir əl varıydı ortada. Ədəbi tənqid də kitaba qarşı  dövrəyə buraxıldı və bu məsələdə o qədər ağ elədilər ki, Yazıçılar İttifaqındakı gənclər günündə bir yazının "Azərbaycan gəncləri" qəzetində dərc olunması qərara alınanda baş redaktor rəhmətlik Yusif Kərimov qəti imtina etdi. Dedi ki, mən o gənc şairi tanımıram, heç bilmirəm burdadır ya yox, amma imzasını tanıyıram, bu yazıda tənqidə məruz qoyulan bəndlərin özü gözəl şeirlərdir və açıq görünür ki, yazı çox qərəzlidir, odur ki mən bunu çap edə bilmərəm. Allah sənə rəhmət eləsin, böyük insan! O yazını  başqa redaktor cüzı dəyişikliklə göydə çap eylədi... Bu da bəs eləmədi, televiziyada kütləvi bir tədbirdə yenə də qıçımdan tutdular... Amma karvan keçdi ki, keçdi… Nəhayət 1989-da ikinci kitab da çap olundu. Əzizim Məmməd müəllim, birinci dəfədir ki, bu məsələlərə toxunuram--özü də az bir hissəsinə. Yəni "Şehli kəpənəklər" mənim həm qürur yerimdir, həm də ədəbi mühitdəki naqisliklərin bir hissəsiylə məni ilk dəfə üz-üzə qoyan, lakin məni tək qoymayan ilk kitabımdır... Necə deyərlər, cəmi bir çap vərəqindən ibarət olan bu kitab həmişə mənim arxamda möhkəm durub.
--Adətən dəmiri kürədə qızdırıb döyərək hər formaya salmaq olur. Necə bilirdiniz, bəlkə sizi də öz qəliblərinə salmaq üçün bu qədər maneələr yaradıblar? Maraqlıdl, sonralar da həyatınızda belə maneələr oldumu? 
--Olsun ki... Amma ortada həm başa düşdüyüm, həm də başa düşmədiyim məqamlar, səbəblər var idi və hətta canfəşanlıq eyləyən konkret adamlar varıydı. Elə bilirəm ki, bunlar qəlibə salmaqdan daha çox, sıradan çıxarmaq üçün idi... Yəni bu doxdur hardan peyda oldu belə?!  Sonralar da belə maneələr oldu, lakin həmin şiddət və amansızlıqda yox. Zənnimcə bunun əsas səbəbi  ikunci kitabın çapı zamanı (1989) ölkədə siyasi atmosferin dəyişməsi idi. 
--SSRİ dağılmasa idi siz bəlkə bu günkündən yaxşı yaşayardınız. Kitablarınız çap olunardı və yüksək qonorar alardınız. Təəssüf edirsiniz ya sevinirsiniz və bu düşüncələr ədəbi yaradıcılığınıza necə təsir göstərib? 
--SSRİ-nin dağılmasına yox, yazarlara münasibətin dəyişmısinə təəssüflənirəm. Təbii ki, hər bir əhəmiyyətli hadisənin yaradıcı adama və mühitə təsiri var...  Necə deyim: ”Mənim yaşıdlarim tez qocaldılar…“ Bizim ədəbi nəsil uzun müddət yarıyolda qaldı, sizin ədəbi nəsil də elə.
 --Əgər Azərbaycanda AYB olmasaydı nə dəyişərdi? 
--Çətin sualdır. Çünki bizdə əvəzedici nəinki hazır model, heç  yarımhazır model də yoxdur. Türkiyə - Qərb modellərinin tətbiqi üçün də iqtisadi imkanlar yetişməyib. Yəni o vəziyyət cəmiyyətin daxilindən yetişməlidir. Süni ləğvetmə xeyirli heç nə verməyəcək. Keçmiş SSRİ-nin hər bucağında, hətta kiçik muxtar qurumların çoxunda belə, eyni adlı, eyni məramlı, qaranlıq-alatoran ədəbi topluların eyni vaxtda çıxması, sizcə hansı niyyətdən xəbər verirdi və nəyə xidmət edirdi? Nə isə, bu mətləbləri dövran özü yetişdirəcək, amma belə dolaşıqlıqda yox, aydınlıq zamanda. Əsas odur ortada ədəbi-bədii dəyəri olan yazı olsun. Qalanı demoqoqiyadan başqa bir şey deyildir. 
--Ötən il "Azərbaycan" jurnalında "Yol" adlı çox maraqlı publisist yazınız dərc edildi. AYB-nin Natəvən klubunda müzakirəsi keçirildi. Nəsrə, publisistikaya maraq hardan və nədən qaynaqlanır? 
--Mən yazmağa nəsrlə başlamışam, lap 5-6-cı siniflərdən, amma mənim yazdığımı heç kəs bilməyib.  Belə adamları bizim Qubada, Yerfidə hoydu-hoyduya götürüb dəli eyləyirlər. Ümumiyyətlə bizlərdə yazarlıqdı, xanəndəlikdi, aşıqlıqdı, aktyorluqdu, bu kimi sənətlərlə məşğul olanlara   ciddi işlərdən qaçanlar kimi baxırlar...   Mənim yazmağımı mərkəzi mətbuatda çap olunandan sonra biliblər ki, belə olanda sənə xeyli sayğıyla yanaşırlar.  O ki qaldı “Yol“ yazısına, elə bilirəm mənim ömrüm boyu yazdığım və yazacağım yazıdır. Dəqiq bilirəm ki, o nə publisistikadır, nə xatirə ədəbiyyatıdır, nə epistolyar janrdır, nə povestdir, nə romandır; o bunların hamısının qovuşağında olan bir yazıdır. Onu da deyim ki, o yazının müzakirəsinin formatı mənim ən çox istədiyim formatdır: yalnız əsəri oxumuş və əsər haqqında sözü olan səviyyəli adamların müzakirəsi... Hə, dedim axı, yazmağa nəsrlə başlamışam, şeirə nə vaxt keçdiyim yadımda deyil. 
Yeri gəlmişkən. 1990-cı ilin yanvarından  “Şəfqət “ qəzeti   (indiki “Tibb qəzeti“) mənim baş redaktorluğumla  nəşrə başladı. Bununla da bizdə kütləvi səhiyyə mətbuatının əsası qoyuldu. Praktik həkimliyimlə bərabər 5 il bu sahədə də çalışdım. Sonralar televiziyaların birində yeni-yeni yaranan canlı səhiyyə proqramına qeyrı-rəsmi redaktorluq etdim. Həkim tapmaqda çətinlik çəkirdim, çünki onda belə reklam-filan məsələsi yox idi, həkimlərin böyük qismi canlı ekrandan ehtiyat edirdilər. İndi isə çox uzun zamandır ki, mənim özümü televiziyalara çağırmırlar - nə həkim kimi, nə də şair kimi. 
--Siz Quba kimi füsunkar bir yerdə doğulmusunuz. Ola bilməz ki, Quba sizin yaradıcılığınıza öz təsirini göstərməmiş olsun. 
--Keçmiş Qonaqkənd rayonunun Yerfi kəndində doğulmuşam. Kənd Baba dağının yanındadır. Keçmiş rayon isə Quba və Şamaxı  rayonları arasında sırf dağlıq ərazidə idi. Onu da deyim ki, bura qədim Qafqaz Albaniyasının əvvəldən-axıra dəyişməz mərkəzi əyalətlərindən biri olub ki, elə təbii sərhəddləri daxilində o dövlətin Maskat (massaget) çarlıqlarından biri olaraq qeyd edilir... Mən ilk dəfə aran yerlərində geniş düzənlikləri görəndə məətəl qalmışdım: bu boyda da düzənlik olar?!  Qonaqkənd rayonu isə 1959-da ləğv edilərək Qubaya birləşdirildi, yaylaqlarının bir hissəsi də Şamaxı və Dəvəçi (Şabran) rayonlarına verildi. Qaldı ki, təsir məsələsinə, yazdıqlarımdakı kəndlə, təbiətlə bağlı bütün obrazlar elə Yerfinin özüdür. Quba rayonu dağlıq, dağətəyi və qismən də aran zonalarını əhatə etdiyindən burada unikal təbiət mənzərələri, maraqlı yerlər çoxdur. 
--İxtisasca həkimsiniz. insan orqanuzmini mükəmməl bilirsiniz. Bu bilgilərin yaradıcılığa faydası olurmu? 
--Faydasını deyə bilmərəm, peşənin yaradıcılığa təsiri mütləqdir. Ümumilikdə, başqa sənət sahələrindən ədəbiyyata gələnlər daha informasiyalı, daha maraqlı, daha yenilikçi olurlar. Bütün dünyada belədir.
 -- Bu dünya ürəyinizcədirmi? 
--Onsuz da başqa bir real dünyamız yoxdur ki... Amma bütün insanların qəlbində ayrı bir xəyali, bu gün bir çoxunda virtual dünya da var, elə Tofiq Nurəlinin də. 
--Əgər ancaq oxucu olsaydınız Tofiq Nurəlini həm insan, həm şair kimi necə xarakterizə edərdiniz? 
--Bu mənim üçün gözlənilməz və qəliz sual olduğundan cavab verə bilmirəm. Amma, gülməli də olsa deyim, bir 15-16 ilin söhbətidir. Məni bir görüşə dəvət etmişdilər, 10-12 nəfərlik, hamısı da yazarlar idi - gənc və biraz o yana. Düzünü deyim ki, buradakılardan cəmi bir nəfərin imzası mənə tanış idi. Nə isə, kifayət qədər maraqlı görüş oldu. Tədbirdən sonra isə bir xanım yaxınlaşıb mənə nə desə yaxşıdır? Dedi ki, inciməyin ee ay Tofiq müəllim, mən çoxunu əzbərdən bildiyim bu şeirlərin müəllifini pəhləvan boyda, gur-gur guruldayan, qara-qıvrım saçlı təsəvvür edirdim... Dedim ki, xanım, sizin təsəvvürünüzdən məndə ancaq saçlar düz gəlirdi ki, tərslikdən onlar da tökülüb... O xanımın baxışlarını indi də xatırlayıram; o mənə qəhrəmanının ölüsünə baxırmış kimi çox kədərlə baxırdı, elə bil lap üstümdə şaxsey deyib ağlamaq istəyirdi... İnan ki, xanıma (bi az da özümə) lap yazığım gəldi.   
--Yaşınızın müdrik çağını yaşayırsınız. Keçmiş və gələcək sizin üçün nədir? 
--Necə deyim? 
Bir də gördün duran yerdə 
İşin içindən iş çıxdı: 
Kefinin bir çağ çağında 
Qabağına keçmiş cıxdı...
--Ürəyinizdə qalan sual. Nəyi dedik, nəyi demədik? 
--Sualı hamımızın qarşısında son 200 illik tarix qoyub:  
...Tarix imtahana çəkir milləti, 
Qabağa  “ Qarabağ “ sualı düşüb…
Söhbətləşdi: Məmməd Tahir



Ana səhifəyə qayıt        Baxış: 4 256          Tarix: 4-07-2020, 10:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma