Xəbər lenti

   Tofiq Nurəli 1953-cü ildə Quba rayonunun (keçmiş Qonaqkənd) Yerfi kəndində anadan olub.  1978-ci ildə N.Nərimanov adına Azəərbaycan Dövlət Tibb institutunu   bitirib. 

   Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən idi."Şehli kəpənəklər"(1983), "Yağışdan sonra” (1989), “Tənha bir qüssə” (1998), “Tənha payız yarpağı” (2003), "Yarpaqlarım "ağrıyır" (2014) adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çap olunub. 1 “Qaçaq Mayıl” kinopovestinin də müəllifidir.

Ovqat.com tanınmış şair Tofiq Nurəlinin yeni şeirlərini öz oxucularına təqdim edir.

    

 Fantom ağrılar


Fantom ağrılarla doludu hər yan..,

Nə qədər ağrılar gördüm həyatda?!.                                   

Ağrının ağrıyan üzün də gördüm.

Üzündə-gözündə bir imkansızın

Çörək ağrısının izin də gördüm.

 

Haqqımdan-payımdan kəsdilər hər vaxt,

Duzu yox imiş ki mənim əlimin...

Okul ağrısını üzündə gördüm

Tərəzi dalında bir müəllimin...

 

Fantom bir yazarı təriflədilər,

Yenə də gözümün qaçdı yuxusu...

Fantom bir deputat çıxdı qutudan,

Gördüm ki ağrıyır seçgi qutusu...

 

Dünyanın qəribə ağrıları var

Eyni şey deyildir əkilən-bitən...

Fantom ağrılardan partlayır içim,

Fantom ağrılardan qıvrılır Vətən.

 

Həkiməm, bilirəm ağrıyan yerin

Səsi çıxa bilsə elə bağırar..,

elə bağırar ki, dünya dağılar..

Hər ağrı birtəhər kəsilir, amma,

Heç nəynən kəsilmir fantom ağrılar.

                              24  01  15

     Getmək

Yaxınlar sıxır adamı—

yaxınlardan qopub getmək...

Ömrün səndən gizlətdiyi

bir əcəli qapıb getmək...

Getmək,

                yenə getmək...

 

Nə qaranlıq sabahlara,

nə də dibsiz keçmişlərə...

Bir “yox” çırpıb ölçülərə

heçliklərə..,heçliklərə..,heçliklərə getmək.

Getmək,

yenə getmək.

 

Bu xaotik boşluqlara,

bu qızmış sərxoşluqlara,

stəkanda fırtınaya—coşqulara

Üsyan kimi,

üsyan kimi,

üsyan kimi getmək...

Getmək,

                yenə getmək.

                      07  04  15

    

Pencəkli xatirələr...

Salıram pencəyimi

                çiyninə başdaşının

                                hava şaxtadır yaman...

...Bəlkə çıxıb yadından-

                bax beləcə bir zaman

                salardım pencəyimi

                                sənin çiyinlərinə..,

                bir az üşüməkdən qoruyardım səni,

 bir az özümə bükərdim səni..,

Sən gedəndən sonra

                bu pencəyin içindən

                                                canıma çəkərdim səni...

...indi heç nə yoxdur, yox

                                yüz fikirləş,

                                                yüz vur-çıx

                                yüz düşün, yüz, daşın

                                                heçnə dəyişən deyil...

Adını sinəsinə tutub durub baş daşın –

                                burda nə çox gözləyən var, ilahi.

Adını sinəsinə tutub durub baş daşın –

                                                demək ki, gözləyirsən?.,

                                                axı bir qərib də var

                                                                ömrün o başlarında

                                                                                iyirmi yaşlarında...

Sənli mənli, pencəkli

                                köhnə xatirələri –

                                həyəcanlı və canlı

                                və tərli xatirələri

                                salıram bircə-bircə yaddaşımın  çiyninə

                                və adını sinəsinə tutub duran

                                                                                baş daşının çiyninə.

Salıram pencəyimi

                baş daşının çiyninə

                hava yaman şaxtadadı.

                                                29.03.2017

                             

Günəş diktaturası

Avqustun günortası-

Günəş çəkilib çarmıxa.

Külək keçir yanimdan,

Keçir son nəfəsində-

Lap qanı axa-axa..,

Yixilir üzü qoyulu

Xatirə olmuş arxa.

 

Avqustun günortasi

Çatmır günün havası,

Nəfəsi güclə gəlir,

Cani ağzından çıxır...

Ay uşaq, durma, tez ol

“təcili yardım” çağır.

 

Avqustun günortası

Günəş diktaturası!

Qulağımda zəng çalır

Günəşin şuaları...

... “əziz  payız, tez qayıt!”

Asıblar bu şuarı

günün tən ortasından.

                10.15.2017

Şair və payız

Bir az darıxmağa başladım yenə..,

elə bil əlimlə vaxtı didirəm...

Payızın ot basmış biçənəyində

dumanın altında bir yol gedirəm.

Səmti  itirmişəm, azmışam bəlkə...,

 gedirəm bəxtə-bəxt payız içində.

Hayana getsəm də fərqi nədi ki,

gəlib qovuşduğum payız köçündə

bu sarı yolların sonu bəllidi...

Payız hicranların ən sevimlisi,

payız həsrətlərin ən gözəlidi..,

payız baxışların ən kədərlisi..,

payız nəğmələrin ən yanıqlısı..,

Payız—sevgilərin dəliqanlısı..,

Payızı mən belə sevdim əzəldən!

...Nə qədər gözəlsiz, payız gülləri..,

Mən sizə vuruldum hər vaxt təzədən

Qənirsiz, qədirsiz payız gülləri...

...Heç  zaman yollardan yorulmadım ki..,

Mən yollar keçmişəm saysız-hesabsız...

...Yenə bir -birinə  qoşulub gedir                                                 

Dumanın altında ŞAİR və PAYIZ...

                   18  10  15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 622          Tarix: 4-07-2017, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma