Xəbər lenti
 
 
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Sardegnagol” nəşrinə göndərdiyi məktubda ölkəmizin Ermənistanla sərhəddində baş vermiş şiddətli qarşıdurmalardan bəhs edib.
 
Ovqat.com-un məlumatına görə, səfir məktubunda bilririb ki, artıq 30 ildir, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz həyata keçirir: “O, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-ni təşkil edən Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edib. İşğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. Nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi abidələr dağıdılıb, Xocalı soyqırımı da daxil olmaqla, çox sayda hərbi cinayət törədilib.
 
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, erməni tərəfi buna məhəl qoymur.
 
Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə son günlərdə təşkil etdiyi artilleriya hücumları da təcavüz, hərbi güc tətbiq etmə aktı və növbəti təxribatdır. Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq yerinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədi güdür. Onlar azərbaycanlıların sıx məskunlaşdığı əraziləri bombalayır, bununla da beynəlxalq hüququn bütün normalarını və başlıca prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ ciddi şəkildə pozur.
 
Üstəlik, Ermənistan bu təxribatı bütün dünyanın COVID-19 ilə mübarizə apardığı bir vaxtda törədib. Bu, Ermənistan tərəfinin atəşkəsin davamlı pozduğunu göstərir, eyni zamanda, Yerevanın BMT Baş katibinin COVID-19 səbəbilə qlobal atəşkəs çağırışını dəstəkləməsinin riyakarlıqdan başqa bir şey olmadığını sübut edir.
 
Ermənistan silahlı qüvvələrinin bu təxribatı Yerevanın bölgədə gərginliyi artırmağa yönəlmiş son hərəkətlərinin, bəyanatlarının davamı kimi qəbul olunmalıdır. Görünən odur ki, Ermənistan hakimiyyəti diqqəti özünün səriştəsizliyi fonunda COVID-19 pandemiyasının yayılması ilə get-gedə ağırlaşmaqda olan sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır. Çünki Ermənistan rəhbərliyinin xalqına verdiyi “rifah” vədinin xəyaldan, yalandan başqa bir şey olmadığını artıq hər kəs anlayıb.
 
Digər vacib məqam Ermənistanın bu dəfə təxribata işğal olunmuş ərazilərdəki təmas xətti boyunca deyil, işğal altındakı ərazilərdən uzaqda, Tovuz rayonu istiqamətində, Azərbaycanla Ermənistanın dövlət sərhəddində əl atmasıdır. Burada məqsəd münaqişəyə üçüncü tərəflərin cəlbinə nail olmaqdır. Lakin Ermənistan rəhbərliyinin bu ümidi puç olub. Onun bu məkrli niyyəti bəlli olduğundan, sonda sağlam düşüncə qalib gəlib”.
 
Məktubda səfir Tovuz rayonunun özünəməxsusluğundan da danışır: “Onu da xatırlatmaq lazımdır ki, Tovuz rayonu strateji əhəmiyyətə malik ərazidir. Çünki Avropanı, xüsusilə İtaliyanı neftlə təmin edən Bakı-Tbilisi-Ceyhan boru kəməri, İtaliyayadək gedib çatmış, Transadriatik qaz borusununun (TAP) da aid olduğu “Cənub Qaz Dəhlizi”, Bakı-Tbilisi-Ərzurum qaz xətti, həmçinin yeni İpək Yolunun əsas layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolu bu rayonun ərazisindən keçir. Odur ki, Ermənistanın məqsədi həm məhz bu ərazilərdə sabitliyi pozmaqla, Avropa üçün alternativ enerji mənbələrinə, yeni bazarlara çıxış imkanı yaradan əhəmiyyətli layihələrin fəaliyyətinə əngəl törətməkdir”.
 
Səfir son olaraq bunları qeyd edib: “Ermənistan Azərbaycan ərazilərini işğal etmiş təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalmış qurbandır! Nə qədər ki, beynəlxalq ictimaiyyət təcavüzkarla təcavüzə məruz qalana fərq qoymayacaq, təcavüzkara ciddi təzyiq göstərməyəcək, o, cinayətlərini davam etdirəcək. Ermənistanın bugünkü təxribatlarının əsas səbəbi beynəlxalq ictimaiyyətin ona təcavüzkar niyyətlərindən əl çəkməsi üçün ciddi təzyiqlər göstərməməsidir. Lakin hər kəs bilməlidir ki, cəzasız qalan cinayət yeni-yeni cinayətlərə yol açır. Odur ki, beynəlxalq ictimaiyyətdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və sərhəd boyu törətdiyi təxribatçı hərəkətlərini sərt şəkildə qınamasını xahiş edirik”.


Ana səhifəyə qayıt        Baxış: 3 719          Tarix: 18-07-2020, 11:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma