Xəbər lenti

  

Cənubi Koreyanın “Seoul City” nəşri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatını yayıb.

Bəyanatın tərcüməsini Ovqat.com oxucularına təqdim edirik:

 

“Biz - Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlər 30 ilə yaxındır ki, erməni təcavüzündən əziyyət çəkirik.

 

Bizə qarşı 1988-ci ildə başlamış etnik təmizləmə siyasəti nəticəsində Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal edib. Bu zaman 700 mindən çox azərbaycanlı ata-baba yurdundan didərgin düşüb.

 

Torpaqlarımızın işğalı zamanı minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, bir çox mülki şəxs itkin düşüb. Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 mülki azərbaycanlı, o cümlədən qadın, uşaq və qoca erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bu soyqırım azərbaycanlılara qarşı törədilmiş ən böyük qətliam kimi, tarixə ləkə olaraq yazılıb. Təəssüflə bildiririk ki, bu cinayətləri törədənlər hələ də öz layiqli cəzalarını almayıblar.

  

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyası da daxil olmaqla, dünya birliyi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini, Dağlıq Qarabağ bölgəsini Azərbaycan Respublikasının ayrılmaz hissəsi olaraq tanıdığını və bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüquqlarını dəfələrlə təsdiq edib.

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. O, hesab edir ki, münaqişə zor gücünə didərgin salınmış azərbaycanlıların həmin ərazilərə təhlükəsiz şəraitdə, ləyaqətlə qayıdışını, ərazilərin bərpasını, iqtisadi inkişafını təmin edəcək sülh yolu ilə çözülməlidir. Bununla da Dağlıq Qarabağ bölgəsindəki erməni və azərbaycanlı icmalarının bərabər hüquqlarla, hər hansı ayrı-seçkiliyə yol verilmədən dinc, birgə yaşayışı təmin olunmalıdır.

 

Lakin Ermənistanın yürütdüyü açıq işğalçılıq siyasəti və baş nazir Nikol Paşinyanın özünü “Qarabağ Ermənistandır və nöqtə” kimi təhqiramiz ifadə ilə göstərən ilhaqa yönəlmiş siyasəti fonunda sülhə, barışığa hazırlaşmaq çox çətindir. Üstəlik, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mövcudluğunu qəbul etməkdən, təməl hüquq və azadlıqlarımızı tanımaqdan belə, imtina edir. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasların qarşısını bütün vasitələrlə almağa çalışır. Bu, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin tərkib hissəsi, Yerevanın insan hüquqlarına nə qədər hörmətsiz yanaşdığının daha bir sübutudur.

 

Ermənistan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə dönmələrinə mane olmaqla, bu ərazilərdə demoqrafik tərkibin, həmçinin iqtisadi, sosial və mədəni xüsusiyyətlərin süni şəkildə dəyişdirilməsinə yönəlmiş məqsədyönlü addımlar atmaqla, işğal olunmuş ərazilərin müstəmləkəyə çevirilməsinə hədəflənmiş siyasət aparır.

 

Dünya ictimaiyyətinə səslənərək, onu 30 ildir davam edən erməni təcavüzünə, yüz minlərlə azərbaycanlının öz yurdlarından didərgin salınmaqla məruz qoyulduğu əzablara göz yummamağa çağırırıq. Dünya birliyi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını təmin etmək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüquq norma və prinsipləri əsasında, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həlli üçün səyləri daha da artırmalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 795          Tarix: 17-02-2020, 15:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma