Xəbər lenti


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus  Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1 000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi birgə məlumat yayıb.

İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində sentyabrın 2-də Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu həmin şöbənin inzibati binasında qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1 000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən fakta görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin  311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Hazırda təqsirləndirilən şəxslərin fəaliyyətində başqa qanun pozuntularına yol verilib-verilməməsinin araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.





Ana səhifəyə qayıt        Baxış: 3 122          Tarix: 4-09-2020, 15:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma