Xəbər lenti
Ermənistan parlamentinin müxalif “Firəvan Ermənistan” fraksiyasından deputatı Naira Zöhrabyan özünün Facebook səhifəsində Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsindən videokadrlar paylaşıb. Kadrlara əsasən yolda Azərbaycan hərbçiləri dayanıb.
“Suveren Ermənistan respublikası. Sünik. Vorotan kəndinin yaxınlığı. Birbaşa indi. Azərbaycan əsgərləri”,-Zöhrabyan yazıb.

Bu kadrlar isə əslində “suveren Ermənistanın” deyil, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində, Qubadlı rayonunun Ermənistanla bilavasitə sərhəddə yerləşən Eyvazlı kəndinin yaxınlığında çəkilib. Kənd Bərgüşad çayının sahilində yerləşir və 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. Lakin indi Zəngəzur istiqamətində Ermənistanla sərhədlərin demarkasiyasının nəticəsi olaraq Eyvazlı kəndi işğaldan azad edilib və Azərbaycanın nəzarətinə keçib.

Məsələ bundadır ki, işğal illərində özünü bu torpaqların həmişəlik sahibi hesab edən Ermənistan Gorus-Qafan yolunun Vorotan kəndinə gedən hissəsini Azərbaycan ərazisindən, Eyvazlı istiqamətindən keçirib. Və indi həmin yol də Azərbaycanın nəzarətinə keçmiş olur. 

"Virtualaz.org"-ın məlumatına görə, həmin istiqamətdə sərhədlərin demarkasiyasının nəticəsi olaraq Gorus-Qafan yolunun Zəngəzurun daha bir neçə kəndini əhatə edən sahəsi Azərbaycan ərazilərində qalır. Və əldə edilmiş razılaşmaya əsasən yolun bu problemli hissəsinə Azərbaycan ordusu, Rusiya sərhədçiləri və Ermənistan ordusu nəzarət edəcək.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib:

"1. Əldə edilən razılığa görə fasiləsiz nəqliyyat səbəbi ilə Rusiya sərhəd qüvvələri Gorus-Davit Bek yol hissəsində yerləşdirilib.
2. Gorus-Qafan avtomobil yolunun mübahisəli ərazidən keçən hissəsinin 21 km-lik hissəsinin təhlükəsizliyi rus sərhədçilərinin köməyi ilə təmin ediləcək.

3. Təmas xəttinin bir tərəfində Ermənistanın və bir tərəfində Azərbaycan sərhəd qoşunları yerləşdiriləcək.

Sözügedən yol hissəsinin təhlükəsizliyini təmin etmək üçün hərtərəfli tədbirlər görüləcək. Yaxın vaxtlarda əlavə izahatlar veriləcək."
Ancaq Azərbaycan ərazisində Rusiya və Ermənistan ordusu əsgərlərinin nə vaxta qədər qalacağı hələlik məlum deyil!
"AzPolitika.info"






Ana səhifəyə qayıt        Baxış: 3 058          Tarix: 20-12-2020, 21:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma