Jurnalist Xədicə İsmayılın sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı məhkəmənin çıxardığı qərardan verdiyi apelyasiya şikayətinə baxılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Xədicə İsmayılın şikayəti təmin edilməyib.
2014-cü ilin dekabrında həbs edilən Xədicə İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xədicə İsmayıl apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 2016-cı il mayın 25-də Ali Məhkəmə Xədicə İsmayılın cəzasını 3 il 6 aya endirib və cəzanı şərti hesab edərək, onu azadlığa buraxıb.
Xatırladaq ki, daha əvvəl də Xədicə İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Xədicə İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin olunmuş sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından kənara çıxışına qoyulmuş məhdudiyyətin götürülməsinə dair yenidən ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib. Bu qərardan Xədicə İsmayıl yenidən apelyasiya şikayəti verib.
Bildirək ki, Xədicə İsmayıl eyni şikayətlə yenidən Binəqədi rayon Məhkəməsinə müraciət edib. Onun bu dəfəki şikayətinə oktyabrın 10-da baxılacaq.
Paylaş: