Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun barəsində olan qərardan verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirlib.
Məhkəmə baxışı sentyabrın 5-nə təyin edilib.
Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya qarşı mənimsəmədə ittiham edilib.
İttihama aktına əsasən o, qohumu Çingiz Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib. Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan cinayət işinin istintaqının davam etdirilməsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərrəçəkmiş apelyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apelyasiya Məhkəməsində araşdırılır. Xatırladaq ki, Rövşən Əhmədov azadlığa buraxılandan sonra sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib. Daha sonra Çingiz Baxşıyev Nərimanov Rayon Məhkəməsinə müraciət edib. O ərizəsində qeyd edib ki, Rövşən Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. Çingiz Baxşıyev şərəf və ləyaqətinin alçaldığını bildirərək, Rövşən Əhmədova Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib. Məhkəmənin hökmü ilə Rövşən Əhmədov 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib və onun barəsində polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib. Bu qərardan narazı qalan Rövşən Əhmədov apelyasiya şikayəti verib.
Paylaş: