Xəbər lenti

Əcnəbilərə daimi yaşamaq icazəsinin verilməsi tələbləri sadələşdirilir

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün tələblər dəyişdirilir.

Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin hazırda qüvvədə olan 53-cü - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər) maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket,

2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti,

3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün),

4. ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə) arayış,

5. nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti,

6. tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış,

7. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla),

8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləri,

9. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti,

10. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti,

11. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil,

12. 14-18 yaşında olan uşaqların notariat qaydasında təsdiq edilmiş razılığı,

13. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd),

14. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla),

15. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla),

16. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Təklif edilən dəyişiklik layihəsinə əsasən, bundan sonra ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə) arayış, nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləri tələb olunmayacaq.

Bundan başqa, iş icazəsinin verilməsi üçün Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti tələb edilməyəcək.

Layihə bildirilib ki, həmin sənədlərin olmamasının icazənin alınması (müddətin uzadılması) üçün heç bir əhəmiyyəti yoxdur.

Təklif olunan dəyişikliklər bürokratik əngəllərin qarşısını alacaq.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. (report)




Ana səhifəyə qayıt        Baxış: 898          Tarix: 10-10-2017, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma