“Bir neçə ayın təcrübəsi onu deməyə əsas verir ki, icbari tibbi sığorta layihəsi uğurla həyata keçirilir. Pilot layihənin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulub”.
Ovqat.com bildirir ki, APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, əldə edilən təcrübə daha çox rayonda və bütövlükdə Azərbaycanın hər bir guşəsində icbari tibbi sığortanın tətbiqinə imkan verəcək: “Layihənin icrası zamanı hər hansı çatışmazlıq ortaya çıxsa, aradan qaldırılmaq imkanımız olacaq ki, ölkə üzrə icbari tibbi sığortaya keçilən zaman bu problemlər və çətinliklər olmasın”.
Onun sözlərinə görə, artıq vətəndaşlar layihəyə inamla yanaşırlar. Baş nazirin müavini qeyd edib ki, vaxtı ilə müalicə ala, xəstəxanaya gələ bilməyən insanlar bu gün artıq rahat şəkildə səhiyyə müəssisələrinə, həkimlərə müraciət edə bilirlər: “Onlara ixtisaslı həkimlər tərəfindən səriştəli yardımlar göstərilir. Həmin yerlərdə yardımların göstərilməsi mümkün olmadığı hallarda ehtiyacı olan vətəndaşlara Gəncədə yaxud Bakıda müəyyənləşdirilmiş səhiyyə müəssisəsində icbari tibbi sığorta əsasında kömək göstərilir. İcbari tibbi sığortanın həyata keçirilməsi məqsədi ilə Azərbaycanın iki bölgəsində pilot layihələr həyata keçirilir. Fevralın 1-dən başlayaraq bu layihələr artıq icra edilir”.
Paylaş: