Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Goranboy və Samux rayonlarında inşa etdirilmiş 8 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.
ƏƏSMN-dən Ovqat.com-a verilən məlumata görə, evlərin istifadəyə verilməsi tədbirlərində vurğulanıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halının yüksəldilməsi prinsipi dayanır. Bunun nəticəsidir ki, ölkədə bütün sahələrdə özünü göstərən dinamik inkişaf prosesləri eyni zamanda dövlətin sosial siyasətinin ildən-ilə güclənməsi, sosial cəhətdən həssas əhali qruplarına diqqət və qayğının getdikcə artırılması, sosial proqramların uğurla davam etdirilməsi ilə müşahidə olunur. Belə proqramlardan biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönəlib.
Tədbirlərdə çıxış edən ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirlik tərəfindən görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, Goranboy və Samux rayonlarında da bu sahədə işlərin davamı kimi, 2015-2017-ci illərdə 25-dək fərdi yaşayış evi inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Respublikamızın bölgələrində bu təbəqələrdən olan insanlar üçün yaşayış evlərinin tikintisi və hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri qarşıdakı dövrdə də uğurla davam etdiriləcək.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən də bəhs olunub, onların Azərbaycan Prezidentinin aylıq təqaüdü, pensiya və sosial müavinətlərlə təmin olunduqları, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı bildirilib.
Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial təminatlarının mütəmadi olaraq gücləndirilməsi yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar.
Daha sonra yeni fərdi yaşayış evlərinə baxış olub. İstifadəyə verilən evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 5 ədədi Qarabağ müharibəsi əlillərinə, 3 ədədi isə şəhid ailələrinə təqdim olunub.
Paylaş: