Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün Xaçmaz rayonu, Xaçmaz-Xudat-Nabran yolu istiqamətində yol kənarında qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib.
AQTA-dan verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunmuş reydlərdə Xaçmaz Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Monitorinq zamanı baytarlıq-sanitariya qaydalarına uyğun olmayan şəraitdə heyvanların kəsilməsi və satılması müşahidə edilib. Bununla əlaqədar heyvanlar kəsildikdən sonra asılması üçün istifadə olunan və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan dirəklər və qarmaqlar icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən kəsilib.
Qida Təhlükəsizliyi Agentliyi bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.(APA)
Paylaş: