Xəbər lenti


“Zaminbank” ASC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində özgə əmlakını külli miqdarda ələ keçirmələri və digər faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə hazırda ləğv edilmiş “Zaminbank” ASC-nin Müşahidə şurasının sabiq sədri Nadir İsmayılovun işlədiyi dövr ərzində müxtəlif korrupsiya sxemlərindən istifadə etməklə fiziki və hüquqi şəxslərin adına ayrılmış 16 milyon manatdan artıq məbləğdə ASC-yə məxsus kredit vəsaitini bankın digər vəzifəli şəxslərin köməkçiliyi ilə külli miqdarda ziyan vurub mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib:

“İstintaqla, həmçinin, Nadir İsmayılovun bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək bankın Bakı filialının müdiri vəzifəsində işləmiş Şirinov Elşən Nizami oğluna məxsus 145 min manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə Nadir İsmayılova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunaraq, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

Qeyd edilən qanunsuz əməllər nəticəsində dövlətə və vətəndaşlara vurulan mühum ziyanın ödənilməsini təmin etmək məqsədi ilə Nadir İsmayılova məxsus əmlakların aşkar edilməsi istiqamətində, habelə göstərilən cinayətdə iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən edilməsindən ötrü intensiv və zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
"Bununla yanaşı, məlumat üçün qeyd edilməlidir ki, bu günə kimi “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ümumilikdə 11 şəxs barəsində 7 cinayət işi üzrə istintaq aparılmaqla 18 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib.

Həmin cinayət işləri müxtəlif vaxtlarda baxılması üçün məhkəmələrə göndərilmiş və məhkəmələrin qanuni qüvvəyə minmiş hökmləri ilə elan edilmiş ittihamlar üzrə təqsirli bilinərək  müxtəlif cəzalara məhkum ediliblər”,-deyə rəsmi məlumatda qeyd edilib.



Ana səhifəyə qayıt        Baxış: 3 339          Tarix: 7-07-2020, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma