Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Sərdar Cəlaloğlu: “Azərbaycanı Türkiyədən uzaqlaşdırmaq və Rusiyanın təsir dairəsinə salmaq siyasətinin başında duran Ramiz Mehdiyevdir”
“Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Rusiyanın əsas şərtlərindən biri Mehdiyevin hakimiyyətdə təmsil olunması idi”
"Vəzifələrə yerləşdirilən bütün ruspərəst və emənipərəst qüvvələr, Azərbaycan xalqına xəyanət edənlərin hamısı əslində Mehdiyevin əl işləridir"
Çoxsaylı tənqidlərə və çağırışlara baxmayaraq, Ramiz Mehdiyev(AMEA) Prezidenti postundan getmək istəmir. Əksinə, onu tənqid edənləri hədələyir və təhdid edir. Ancaq Mehdiyevə qarşı tənqidlər və ittihamlar da dayanmır, alimlər, siyasətçilər, deputatlar onu istefaya səsləməkdə davam edirlər.
“AzPolitika.info” bu mövzunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib:
- Sərdar bəy, Ramiz Mehdiyev son günlər onu tənqid edənlərə sərt cavab verir, hətta onları təhdid edir. O cümlədən hakimiyyətlə dialoq quran siyasi partiyaları “cib müxalifəti”, “avtobus müxalifəti” adlandırır. Mehdiyevin son davranışlarını və mövqeyini necə qiymətləndirirsiniz?
- Əvvəla, onu qeyd edim ki, AMEA katibliyinin Ramiz Mehdiyev haqqında hər hansı bir siyasi bəyanat vermək haqqı yoxdur. Elmlər Akademiyası siyasi müəssisə deyil, elmi müəssisədir və yalnız elmlə bağlı bəyanat verə, akademiyanın fəaliyyətinə dair məlumatlar yaya bilər. Bu gün Ramiz Medhiyevə qarşı yönələn ittihamlar bütövlükdə AMEA-ya qarşı yönəlməyib. Əksinə, AMEA-nın daha yaxşı idarə edilməsi üçün Mehdiyev tənqid edilir. Həm də Mehdiyevin Azərbaycan hakimiyyətində təmsil olunduğu müddətdə apardığı siyasət tənqid olunur. Ramiz Mehdiyev də özünü təmizə çıxarmaq istəyir, rus dilli təshsili müdafiə edir və s. Guya Azərbaycan xalqının rəğbəti rus dilinin inkişaf etdirilməsinə, rus dilində universitetlərin açılmasınadır. Bu, tamamilə yersiz və yanlış fikirlərdir. Bu, həm də onu göstərir ki, Ramiz Mehdiyev Azərbaycan xalqından bixəbərdir, xalqın nə düşündüyündən məlumatı yoxdur.
Bu gün keçmiş sovet respublikalarında rus dilinin məhdudlaşdırıldığı halda, Azərbaycanda onun yenidən inkişaf etdirilməsi əslində, Azərbaycanı Rusiyanın təsir dairəsinə salmaq məqsədi güdür. Çox təəssüflər olsun ki, Mehdiyevin özünü azərbaycanlı saysa da, arvadının millətinə daha çox xidmət edir.
Yeri gəlmişkən, qeyd edim ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə mən onun haqqında kitab yazmışam. İndiyə qədər heç kəs deməyib ki, Azərbaycanda rus dilinin inkişafı Mehdiyevlə bağlıdır. Ölkəmizdə rus dilinin inkişaf etdirilməsi Mehdiyevdən əvvəl ortaya çıxıb. Ramiz sadəcə olaraq, Azərbaycan dövlətini Avropadan, çağdaş dəyərlərdən uzaqlaşdırmaq və Rusiyaya yaxınlaşdırmaq, Türkiyə ilə əlaqələri minimum səviyyəyə çatdırmaq siyasətinin başında dayanan şəxsdir. Mehdiyev Azərbaycanın sərvətlərinin darmadağın edilməsinin başında duran əsas şəxslərdən biridir, habelə xalqına və dövlətinə xəyanət etmiş adamdır.
- Sizcə, Mehdiyevin siyasi partiya sədrlərini “cib müxalifəti” adlandırmasının, onları aşağılamaq niyyətinin arxasında nə dayanır?
- Əslində bu, boş və mənasız iddiadır. Mehdiyev özü uzun müddət Prezident Aparatının rəhbəri olduğu üçün müxalifətdə kimin kim olduğunu ondan yaxşı bilən olmayıb. Çünki kimsə onun yanına pula gedib, bəzisi mandat almağa gedib, bəzisi vəzifə istəyib və s. Bu mənada Mehdiyev kimin kim olduğunu yaxşı bilir. Amma onun dediklərinin şəxsən mənə heç bir aidiyyəti yoxdur. “Avtobus müxalifəti” ifadəsini işlədərkən guya bizim Şuşaya, Ağdama səfərimizi nəzərdə tutur. O dövrdə həmin yerlərə fərdi şəkildə getmək təhlükəli olduğundan biz Prezident Administrasiyasının təşkil etdiyi səfərə qatılmışıq. Tamamilə də doğru etmişik. Çünki Qarabağın işğaldan azad edilməsindən sonra bizim mənəvi haqqımız çatırdı ki, ən azından gedib həmin torpaqlarımızı görək. O torpaqlar uğrunda bizim minlərlə övladımız şəhid olub. Əlbəttə, belə məsələlər Mehdiyev üçün əhəmiyyətli olmaya bilər.
Bu gün isə istənilən vətəndaş avtobusa əyləşərək Qarabağa gedə bilir. Onda deyək ki, bizim xalqımız “avtobus xalqıdır”? Bunlar olduqca gülünc məsələlərdir.
Azərbaycan elminin başında duran şəxsin belə kiçik intriqantlıq etməsi biabırçılıqdır. Daha yaxşı olardı ki, Ramiz Mehdiyev özünə qarşı səsləndirilən ittihamlara cavab versin. Mən Mehdiyev hakimiyyətdə olduğu dövrdə, onun ən güclü vaxtlarında barəsində kitab yazmışam, Azərbaycan dövlətinin və xalqının başına gətirdiyi əməlləri aydın şəkildə sübut etmişəm. O dövrdə niyə bunlara cavab verməyib? Əgər həqiqətən də cavab vermək üçün arqumeni vardısa...
Mən həm də yazdığım kitabı məqalələr formasında qəzetdə çap etdirmişəm. Qısası, Ramiz Mehdiyevin müxalifətlə bağlı dediklərini şəxsən mən öz üzərimə götürmürəm. Onun dediklərinin şəxsən mənə aidiyyatı olmasa da, Mehdiyevin kim olduğunu kitabımda aydın şəkildə ifadə etmişəm.
- Sizcə, Ramiz Mehdiyev nədən ona qarşı səsləndirilən ittihamlara cavab vermək əvəzinə, onu tənqid edənlərə qarşı hücuma keçir?
- Ramiz Mehdiyev bu ittihamlara cavab verə bilməz. Ona qarşı irəli sürülən ittihamların hamısı əsaslıdır. Bir daha qeyd edim ki, Mehdiyev son 30 ildə Azərbaycanı Avropadan, Türkiyədən uzaqlaşdırmaq, Rusiyanın təsir dairəsinə salmaq, Azərbaycanın mütərəqqi qüvvələrinin ölkədən didərgin salınması, demokratiya və vətəndaş cəmiyyətinin məhv edilməsi siyasətinin həm müəllifi, həm də başında duran şəxs olub. Ölkədə siyasi məhbus məsələləri də Ramiz Mehdiyevin iradəsi ilə həyata keçirilib. Onun göstərişi ilə Qeyri Hökumət Təşkilatları məhv edilib, siyasi partiyalar sıxışdırılıb, azad mətbuat susdurulub. Bütün bunlar Mehdiyevin Prezident Aparatının rəhbəri olarkən əlindəki qeyri-məhdud səlahiyyətdən istifadə edərək Azərbaycan xalqına qarşı etdiyi xəyanətlərdir.
İndi özünü müdafiə edir. Amma çox uğursuz şəkildə müdafiə edir. Ramiz Mehdiyevin xəyanətləri, pis əməlləri öz yerində, onun ən böyük səhvlərindən biri də zamana qarşı çıxmasıdır. Heç kəs zamana qarşı çıxıb qalib ola bilməz. Artıq zaman Ramiz Mehdiyevi məhvə aparır. Mehdiyevin də zamana müqavimət göstərmək cəhdləri görünür və bunlar yersiz cəhdlərdir.
Ədalətsiz hökmdar ac şirin üzərində oturan insana bənzəyir. Şir acıb, adam da bilir ki, şirin belindən düşsə, onu parçalayacaq. Yəni Mehdiyev əla bilir ki, onun əlində hakimiyyət rıçaqları olmasa, barəsində ən müxtəlif məhkəmə iddiaları qaldırılacaq. Necə ki, indi qaldırılır. Kiminsə zavodunu, kiminsə fabrikini əlindən alıb, kimisə qeyri-qanuni həbs etdirib və s. İndiki halda AMEA prezidentliyi onu məsuliyyətdən xilas edir. Məncə, Mehdiyev ölən gününə qədər çalışacaq ki, vəzifədə təmsil olunsun.
Digər tərəfdən, Mehdiyev özbaşına deyil, Rusiyanın buradakı emissarlarından biridir. Rusiya ona “çəkil, dur kənarda” deməyənə qədər bu adam çalışacaq ki, vəzifə daşısın. Odur ki, qarşıdurma davam edəcək. Mehdiyevin son çıxışı da göstərir ki, bu adamın istefa vermək niyyəti yoxdur. Mənim qənaətimcə, artıq burada dövlət başçısı öz sözünü deməlidir. Prezident onu AMEA-dan çıxarmalı, bu müqəddəs elm ocağına müasir düşüncəli, dünyanın inkişaf istiqamətini bilən və dəqiq elmlər üzrə dünyada tanınmış bir alimi təyin etməlidir. Akademiya sağlam təməl üzərində inkişaf etməldiir. Məsələn, hörmətli alim Rafiq Əliyevi ora gətirmək olar. O, dünya şöhrətli alimlərimizdən biridir, son illərdə əsərləri daim Nobel mükafatına təqdim olunur. Bizə belə alimlər lazımdır ki, həqiqətən də akademiyanı elm mərkəzinə çevirsin. Ramiz Mehdiyev isə oranı intriqa mərkəzinə çevirib. Buna imkan vermək olmaz.
- Hazırda Mehdiyevin gücünü və imkanlarını necə qiymətləndirmək olar?
- Mehdiyevin nə intellektual, nə siyasi, nə də təşkilati gücü yoxdur. Onun bir gücü var - Rusiyaya xidmət etməsi. Ruslar onu dəstəkləmədiyi halda Mehdiyev Azərbaycanda heç kimdir. Onun nə şəxsi, nə də ictimai hörməti var.
Məsələn, 1990-cı ildə Mehdiyev Naxçıvana gəlmişdi və seçkilərdə namizəd kimi iştirak edirdi. Əli Həsənov da ona vəkillik edirdi. Təsəvvür edin ki, Mehdiyev öz kəndindən cəmi bir faiz səs toplamışdı. İnsanın ilk növbədə öz kəndində, yaşadığı yerdə hörməti olmalıdır. Bu adam öz kəndindən cəmi bir faiz səs almışdı. Mehdiyev sonradan hakimiyyətdə əsas şəxslərdən biri oldu və istiqlalçı qüvvələrə divan tutdu, onların parlamentə düşməsinin qarşısını aldı. Seçkiləri saxtalaşdırmaqla özünün demokratik seçkilərdəki məğlubiyyətinin intiqamını aldı.
- Onunla şəxsi tanışlığınız olubmu?
- Mən o adamı 10 metr yaxınlıqdan belə görməmişəm. Heç vaxt onunla münasibətdə olmamışam, nə 1990-cı illərdə, nə də sonrakı dövrdə onu yaxından görməmişəm. Ancaq televiziya kanallarında görmüşəm.
- Mehdiyevin keçdiyi həyat yoluna diqqət etdikdə, sanki hansısa gözəgörünməz əlin onu daim müdafiə etdiyi, karyera yüksəlişi üçün şərait yaratdığı təəssüratı yaranır. Sizcə, Mehdiyev doğrudanmı xalqımıza qarşı xüsusi hazırlanmış fiqur olub?
- Sözsüz. Məsələn, Heydər Əliyevin hakimiyyətə gəlməsində onun heç bir rolu olmayıb. Diktor Xalidə xanım Türkiyədə Heydər Əliyevlə görüşmüşdü və sonradan deyirdi ki, Ramiz Mehdiyevə heç kimin gücü çatmır. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Rusiyanın əsas şərtlərindən biri Mehdiyevin hakimiyyətdə təmsil olunması idi. Baxmayaraq ki, Prezident Administrasiyasının rəhbəri o qədər də əhəmiyyətli vəzifə deyildi, elə böyük səlahiyyətləri yoxdur, amma Mehdiyev bu vəzifəni tutduqdan sonra az qala hamıdan üstün səlahiyyətə malik oldu və pərdə arxasından dövləti bu günki vəziyyətə gətirdi. Bu gün hakimiyyətə və ya vəzifələrə yerləşdirilən bütün ruspərəst və emənipərəst qüvvələr, Azərbaycan xalqına xəyanət edənlərin hamısı əslində Mehdiyevin əl işləridir. O, bu adamları bir-bir seçərək vəzifələrə yerləşdirib.
Hətta Mehdiyevin vaxtında Rusiya kəşfiyyat orqanlarının əməkdaşları belə Azərbaycanda müxtəlif məqamlara yerləşdirilib. Niyə ermənipərəst qüvvələr deyirəm? Çünki müstəqil erməni xalqı və dövləti deyilən bir şey yoxdur. Bizə aydındır ki, ermənilər siyasətlərini Rusiya üzərindən həyata keçirirlər. Bu adamlara da Rusiyadan verilən tapşırıqlar elə ermənilərin maraqlarına uyğun olub. Ramiz Mehdiyev qarışıq ailədən olduğu üçün onda kompleks var və o, heç vaxt Azərbaycan xalqına, dövlətinə xidmət edə bilməz. Bu kompleksə görə də özünü ruslara daha yaxın hesab edir. Bu, indi də belədir. Onun verdiyi son bəyanata baxdım. Orada rus dilinin inkişafını, rus dilində universitetlərin açılmasını müdafiə etməklə arvadının təsirindən çıxmayıb. Bir çox adamlar var ki, həyat yoldaşları başqa millətin nümayəndəsi olduğu üçün xanımlarının mənsub olduğu millətə xidmət etməyə, ən yaxşı halda beynəlmiləlçi olmağa çalışırlar. Bu, həm də Azərbaycan kişilərinin faciəsidir. Mehdiyevin özünün valideynləri haqqında da müfəssəl məlumat yoxdur. Amma özünün dediyinə görə, azərbaycanlı ailəsində doğulub. Bütün bunlara rəğmən bir şeyi bilirəm ki, o, öz millətimizdən daha çox xanımının millətinə xidmət edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar