Xəbər lenti

Son aylarda Müdafiə Nazirliyinin bir neçə yüksəkrütbəli zabiti vəzifəsindən azad edilib. Bu yaxınlarda isə bir neçə general yaş həddi ilə bağlı ardıcıl olaraq təqaüdə göndərildi. Azərbaycan Ordusunda aparılan islahatlara uyğun olaraq təqaüdə göndərilən zabitlər peşəkar kadrlarla əvəz edilir. Yeni təyinatlarda xüsusilə Vətən müharibəsində şücaət göstərən hərbçilərə yer verilməsi şəxsi heyət və vətəndaşlar tərəfindən müsbət qarşılanır. 

“Qafqazinfo”nun məlumatına görə, bir neçə gün əvvəl müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevin vəzifəsindən azad edilməsi xəbəri rezonans yaratdı. 10 il Əlahiddə Ümumqoşun Orduya komandanlıq etmiş general Mustafayevin işdən çıxarılması hələ rəsmi təsdiqini tapmasa da, artıq onun yerinə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidovun təyinat alması barədə məlumat yayıldı. Sözügedən hər iki məlumat Müdafiə Nazirliyi tərəfindən təsdiq və ya təkzib edilməsə də, Kərəm Mustafayev Manşet.az saytına açıqlamasında işdən çıxarılması xəbərinin doğru olduğunu bildirmişdi. 

Maraqlıdır ki, son aylar Müdafiə Nazirliyinin bir neçə generalı ehtiyata göndərilsə də, Kərəm Mustafayevlə bağlı müəmma davam edir. Nəzərə alaq ki, K.Mustafayev son illərdə vəzifəsindən azad edilən ilk general-polkovnik rütbəli zabitdir. General-polkovnik rütbəsi daşıyan zabitlərdən sonuncu dəfə üç il əvvəl Azərbaycan Ordusunun Baş Qərargah rəisi Nəcməddin Sadıkov işdən çıxarılıb.

Bu məqamda qeyd edək ki, “Qafqazinfo”ya etibarlı mənbələrdən daxil olan məlumata görə, Kərəm Mustafayev bu günlərdə prokurorluğa çağırılıb. General-polkovnik istintaqı aparılan cinayət işlərindən biri ilə bağlı müstəntiqlərə ifadə verib. Onun iş üzrə hansı qisimdə dindirildiyi bilinmir. Bu barədə məsul qurumlardan rəsmi açıqlama verilməyib. Məsələnin detallarını öyrənməyə çalışırıq.

Qeyd edək ki, əvvəllər tabor, diviziya və korpus komandiri işləmiş K.Mustafayev 2014-cü ildən müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı olub.

Sail Ağasəlim




Ana səhifəyə qayıt        Baxış: 4 953          Tarix: 8-07-2024, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma