Xəbər lenti

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdində təqsirli bilinən şəxslərə hökm oxunub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, dövlət ittihamçısı Azər Səricanovun ömürlük, Rəşad Əhmədov, Elşad Əsgərov və Səbuhi Şirinovun 20 il, Emin Əliyarovun isə 5 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 226          Tarix: 13-08-2024, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma