Xəbər lenti

Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti öz səlahiyyətinə aid olmayan işlərlə məşğuldur.

Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, NK dövlət büdcəsindən maliyyələşən təşkilatlara təzyiq edərək, “Dövlət Satınalmarı haqqında Azərbaycan Respublikasının qanunu”nu heçə sayır, işlərin görülməsinə və müəssisələr üçün lazımi avadanlıqların və malların alınmasına qarşı gəlir.

Bu haqda redaksiyamıza danışan mənbə deyir ki, Nazirlər Kabinetində belə qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin başında hansı vəzifəni daşıdığı bəlli olmayan Tamir Yüsifov dayanır. Onlar dövlət müəssisələrinin satınalmasına aid predmetləri, yəni cihaz və avadanlıqların adlarını, texniki xüsusiyyətlərini, paremetrlərini, ən əsası da tenderə çıxarılana qədər heç kimin görməməsi lazım olan şərtlər toplusunu tələb edərək, mənimsəyirlər. Bunun da əsl səbəbi özləri tərəfindən yaradılan, ancaq təsisçisi və ya icraçı direktoru başqa şəxslər olan, təchizatçı kimi fəaliyyət göstərən şirkətlərə yuxarıda göstərilən sənədləri təqdim edib, əvvəlcədən qiymət alıb, şərtlər toplusunu qəlizləşdirərək, dövlət büdcəsini talamaqdır.

Mənbə, bu şəbəkəyə məxsus çoxsaylı şirkətlərdən ikisinin - “AGAT GROUP” MMC və “PROFİ TOOLS” MMC-nin adını da açıqlayıb.

“Qanunda Nazirlər Kabinetinin belə səlahiyyəti olduğunu təsdiq edən sənəd olmadığı təqdirdə, dövlət müəssisələrinin iş mexanizmi və işlərinin ləngiməsinə səbəb olurlar. Dövlət müəssisələrindən aldıqları cihaz haqqında məlumatları, yəni malları satışı həyata keçirən xarici şirkətlərdə əvvəlcədən stoklayaraq, satınalma prosesində yaradılmış şəffaf mühiti kobud şəkildə pozurlar. Öz istədikləri şirkətləri qalib etmək üçün şərtlər toplusunu məhz öz şirkətlərinə uyğun hazırlayaraq, dövlət müəssisələrinin səlahiyyətli şəxslərinə göndərib, satınalmanın onların istədikləri kimi təşkil olunmasını tələb edirlər. Buna səbəb kimi, “biz dövlət büdcəsinin qənaətcil və səmərəli şəkildə xərclənməsini istəyirik” deyirlər”, - mənbə vurğulayır.

Məlumata əsasən, dəfələrlə dövlət müəssisələrinin şikayət etmələrinə baxmayaraq, sözügedən şəbəkə heç kimə məhəl qoymadan, öz qanunsuz əməllərini davam etdirməkdədir. Yəni Ali orqanın təmsilçiləri dövlətin mənafeyini zədələyərək, öz şəxsi mənafelərini (şəxsi qazanclarını – red.) ondan üstün tutub, özbaşınalıq edirlər.

“Nazirlər Kabinetinin işçisi Tamir Yüsifov Naxçıvana hansı məqsədlə gətirilib və nazirlikdə vəzifəsinin nə olduğu da bəlli deyil. Belə ki, otaqların girəcəklərində hər bir şöbənin və ya sektorun ümumi adı qeyd edilsə də, adıçəkilən şəxsin otağının girəcəyində heç bir məlumat lövhəsi asılmayıb və vəzifəsi qeyd edilməyib”, - deyə mənbə bildirir.

Tamir Yüsifov

O da vurğulanır ki, son zamanlar tenderlə bağlı qalmaqal çıxdıqdan sonra Tamir Yüsifov dövlət müəssisələrinin satınalma üzrə səlahiyyətli şəxslərini dəvət edərək, onlara bir sıra tapşırıqlar verib. Məsələn, heç bir halda elektron yazışma aparılmaması haqda göstəriş verilib: “Əlavə olaraqda qeyd edə bilərik ki, “Əlibaba və qırx quldur” nağılına uyğun olaraq, baş nazirin tapşırığına əsasən, ştatda olmayan digər dövlət müəssisələrindən kadrları cəlb edərək, satınalmada tam nəzarəti mənimsəmək məqsədilə onların gələcək karyeraları ilə də oynyırlar.

Satınalma üzrə ayrıca onu da bildirək ki, Nazirlər Kabinetindən müəssisələrə etiraz əlaməti olaraq, səlahiyyətli nümayəndəliyin adını çəkməklə, tenderə icazə verilmədiyini qeyd edirlər. Bu və bunun kimi halların qarşısın almaq üçün müvafiq dövlət orqanları tərəfindən ciddi addımlar atılmalı və dövlətin adına qara ləkə yaxacaq bu adamları bu cür yüksək səviyyəli orqanlardan uzaqlaşdırmaq lazımdır”.

Hazırladı: KƏNAN

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Ana səhifəyə qayıt        Baxış: 4 334          Tarix: 23-08-2024, 20:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma