Avqustun 26-da Nərimanov rayonunda 18-ci polis bölməsinin əməkdaşları tərəfindən küçədə tapılan uşağın valideynlərinin kimliyi məlum olub.
Bu barədə Publika.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, valideynlər uşaqlarının itkin düşmələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ediblər:
“Həmin şəxslərin ad, soyadı bəllidir. Bizdə olan məlumata görə, onlar səfil həyat tərzi keçirirlər. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Lakin biz uşağın valideynlərinə verilməməsinin tərəfdarıyıq. Çünki uşağın başında və qollarında ciddi yaralar, xəsarət izləri var. Qolunda sınığın olmasından da şübhələnirik. Hazırda bizi əsas maraqlandıran məsələ uşağın sağlamlığıdır. Bu gün rentgen və digər müayinələr aparılacaq. Onun valideynləri tərəfindən döyülüb küçəyə atıldığını ehtimal edirik. Hətta o, küçədə diləndirilib. Uşağın məhz valideynləri tərəfindən diləndirildiyini düşünürük”.
K.Ağazadə uşağın bundan sonra sığınacaqda qalması üçün əllərində gələni edəcəklərini deyib:
“Uşağın valideynlərinin biri rus, digəri tatar əsillidir. Uşağın vəziyyətindən hiss olunur ki, onu bu vəziyyətə məhz valideynləri salıb. Uşaq 4 yaşlıdır, valideynləri haqqında çox da məlumat verə bilmir. Üstəlik, psixoloji travma da alıb. O, sadəcə əmilərin onu döydüyünü deyir. Lakin araşdırma aparılır. Uşağın bu vəziyyətə salanlar cəzalarını alacaq. Bütün lazımı qurumlara müraciət edərək, uşağın ailəsinə qaytarılmamasına çalışacam. Çünki yenidən ailəyə qaytarılsa, uşağı eyni aqibət gözləyəcək. Uşaqla psixoloq iş aparacaq. Bu müddət ərzində uşaq bizim sığınacaqda qalacaq”.
***
Azərbaycan Uşaqlar Birliyinin sığınacağına vəhşicəsinə döyülmüş 4 yaşlı oğlan uşağı gətirilib.
Publika.az bildirir ki, birliyin rəhbəri Kəmalə Ağayeva virtualaz.org saytına deyib ki, uşaq Nərimanov rayonunda 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən küçədə tapılıb. Uşağın başında və qollarında ciddi yaralar var. Həftənin birinci günü müayinələrdən keçiriləcək. Azyaşlının valideynləri tərəfindən döyülüb küçəyə atıldığı ehtimal edilir.
Hazırda ailəsi ilə bağlı araşdırma aparılır.
Gülxar
Paylaş: