Xəbər lenti

14 yaşlı qəzetin baş redaktoru: "Reklam bazarında böyük iddiaçılardan biri olmağa haqqımız var”

“Bakı Xəbər” qəzetinin fəaliyyətə başlamsından 14 il keçir. Qəzet 2003-cü il sentyabrın 4-də fəaliyyətə başlayıb.

Bu gün onlayn medianın daha çox populyar olduğu vaxtda çap mediasını yaşatmağın çətinliyi, bundan sonrakı planları və 14 illik uğurun sirri barədə "Bakı Xəbər”in baş redaktoru Aydın Quliyev Publika.az-a söhbət açıb.

- Oxucuların xəbəri onlayn mediadan oxuduğu vaxtda, qəzeti yaşatmaq çətin deyil?

- İndiki şəraitdə nəinki çap mediası, onlayn medianın özü üçün də meydanda duruş gətirmək, inkişaf etmək, rəqabətə davamlılıq nümayiş etdirmək çətindir. Nə qədər çətin olsa da, bizim illər boyu əldə etdiyimiz təcrübə, kollektivin fədakarlığı, məqsədyönlülüyü və hədəflərimizi doğru müəyyən etməyimizin nəticəsidir ki, qəzeti saxlaya və inkişaf etdirə bilirik. “Bakı xəbər” bu illər ərzində böyük bir yol keçib, yaxşı kollektiv formalaşıb, qəzetin özünün yaradıcıllıq üslubu bir məktəbə çevrilib. İstənilən bir məqalənin, xəbərin başlığına baxmaq kifayətdir ki, bunun yalnız “Bakı xəbər” məktəbinin məhsulu olduğunu müəyyən edə biləsən. Qəzetimizin bazarda duruş gətirməyinin əsas səbəblərindən biri də özünəməxsus yaradıcılıq və fəaliyyət üslubu formalaşdıra bilməsidir. Məhz bu üslubun ətrafında oxucu kütləmiz toplanıb.

- Bu günə qədər əldə olunan uğurlarda baş redaktor kimi sizin və kollektivinizin əməyini müqayisə etsək, hansı tərəf ağır olar?

- Həmişə belə hesab etmişəm ki, “Bakı xəbər”in yaranması bir neçə nəfərin çiyinlərindədirsə, onun bu illər ərzində fəaliyyəti və bu vəziyyətə çatmasının zəhməti kollektivin üzərindədir. Bunu fədakar kollektivin əməyinin böyük bəhrəsi sayıram. Hesab edirəm ki, bundan sonra da qəzetin uğurları məhz kollektivin adı ilə bağlı olacaq. Kollektiv də belə bir media orqanı formalaşdırdığı ilə qürur duya bilər.

- Kollektivdən razısınız, qəzetin tirajı necə, sizi qane edirmi?

- Ölkədə media orqanlarının texnologi olaraq çeşidlərinin genişləndiyi, həm də daha operativ xəbər yayma imkanına sahib olan media növlərinin çoxaldığı indiki şəraitdə “Bakı xəbər”in tirajı 10 il əvvəlki dövrlə müqayisə edilə bilməz. Əlbəttə, bu, təkcə bizə deyil, bütün çap orqanlarına aiddir. Tiraj məsələsində əvvəlki dövrlərlə müqayisədə fərqlər olsa da, illər öncə olduğu kimi, bu gün də qəzetimiz ölkədə ictimai rəyin formalaşmasında qabaqcıl və təsirli tribunalardan biri kimi öz mövqeyini qoruyur. Əvvəllər hədəf daha böyük tiraj idisə, bu gün əsas hədəf ictimai rəyin formalaşması, dövlətçilik prinsiplərinə dəstək verməkdən ibarətdir. O zaman tiraj məsələsində hədəfimizə nail ola bilirdiksə, bu gün də dövlətçiliyə dəstək, ictimai rəyə təsir istəyimizə çata bilirik. Buna görə də naliyyətlərimiz yetərlidir.

-14 il ərzində qəzetin uğurlu və uğursuz dövrləri yəqin ki, olub. Ən uğurlu dövlər hansı illəri əhatə edir?

-Nisbi yanaşsaq, 14 il ərzində ən uğurlu dövləri söyləmək olar. Hətta bir neçə mərhələnin adını çəkə bilərik ki, həqiqətən də qəzetin ən uğurlu vaxtları hesab edilə bilər. Amma nə qədər ki, “Bakı xəbər”qəzeti fəaliyyətdədir, indiyə qədər uğurlu hesab edilən dövrlərin adını çəkməmək daha məsləhətlidir. Çünki qarşıda böyük bir dövr var. Həmin dövrdə uğurlu mərhələlərin sırasına yeniləri əlavə ediləcək. Ona görə də, uzun illərdən sonra bu suala cavab vermək olar.

- “Bakı xəbər” yarananda qarşıda müəyyən hədəflər, planlar olub. Bu gündən baxandan qəzetin gələcəyini necə görürsünüz?

- Necə ki, qəzet yarananda hədəflərimiz var idi, bu gün də gələcəklə bağlı planlarımız var. Gələcəyə yönəli hədəflərimiz sırasında ikisini xüsusi vurğulamaq istəyirəm. Birincisi, çap mediası olaraq çətin rəqabət şəraitində reytinqi qoruyub saxlamaqdır. Onlayn informasiya orqanları operativ xəbər yaymaqda çap mediasını qabaqlayırsa, biz də xəbərlərin operativliyində yox, analitikanın dərinliyində oxucuların təlabatını ödəyək. Buna xeyli dərəcədə nail ola bilmişik. Bu gün “Bakı xəbər” qəzeti ölkənin ictimai, siyasi, sosial həyatında çox maraqlı analitik tribunalardan birinə çevrilib. Onlayn media operativ xəbərləri ilə oxucu saxlaya bilirsə, biz analitikanın dərinliyi, yaddaqalanlığı ilə oxucuları saxlayırıq.

İkinci hədəfimiz qəzetin onlayn variantını daha da inkişaf etdirməkdir. Saytımız anbaan yenilənir, yaxın gələcəkdə, onun fəaliyyətini daha da genişləndirmək, əsas gücümüzü sayta yönəltmək fikrindəyik. Nə qədərki bu kollektiv yerindədir, bu sayt fəaliyyət göstərir, qəzet də fəaliyyətini davam etdirəcək.

-Bu istəklərin həyata keçirilməsi üçün maddi və digər problemlər varmı? Bu problemləri aşmaq üçün hansı addımlar atılır?

-Maliyyə, iqtisadi baxımdan problemlər var idi, bu gün də var. Lakin Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonunun fəaliyyətə başlaması, bir sıra qəzetlər kimi “Bakı xəbər”in də problemlərinin həllinə dəstək olub. 10 il əvvəlki maliyyə çətinlikləri ilə bugünkü vəziyyəti müqayisə də doğru deyil. Problemlərimizdə xeyli azalma var. Mövcud olan maliyyə çətinliklərini KİVDF-nin maliyyə yardımı hesabına aradan qaldırırıq. Gələcəkdə çap və onlayn medianın üzünə reklam bazarı açılsa, qəzet üçün də əlavə maliyyə mənbələri yarana bilər. Bizdə olan məlumata görə bu istiqamətdə işlər aparılır. Ölkənin populyar informasiya tribunalarından biri kimi reklam bazarında böyük iddiaçılarından biri olmağa haqqımız, əsasımız var. Hələ ki, KİVDF-nin maliyyə dəstəyi, qəzetin satışından əldə olunan vəsait, az məbləğdə kiçik reklamlar maliyyə mənbələrimiz sayılır. Lakin reklam bazarına böyük ümidlərimiz var.
publika.az




Ana səhifəyə qayıt        Baxış: 762          Tarix: 5-09-2017, 17:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma