Tanınmış uroloq, professor Kamal Abdullayevin evinə basqın olub.
Ovqat.com bildirir ki, hadisə iyulun 30-da paytaxtın Binəqədi rayonu ''Vorovski'' qəsəbəsində baş verib. Binəqədi polisinin məlumatına görə, zərərçəkmiş həkim deyib ki, maskalı şəxslər gecə vaxtı onun yaşadığı 3 mərtəbəli həyət evinə basqın edib. Cinayətkarlar əvvlcə həkimin daha sonra isə onun həyat yoldaşının əl-qolunu bağlayıb onlara işgəncə veriblər.
Daha sonra onlar Kamal Abdullayevin evindən quldurluq yolu ilə 5 min 800 dollar, 2 min 200 manat, dəyəri 55 min avro olan bir ədəd qol saatı, 3 ədəd mobil telefon və xəncəl götürüblər. Əməliyyat axtarış tədbirlərinə başlayan polis, professor Kamal Abdullayev və həyat yoldaşına qarşı quldurluq edən 4 nəfəri tutub. Onlar Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Anar Əmirli, Bəhruz Hacızadə, Bərdə rayon sakinləri Natiq Musayev, onun əmisi oğlu Elməddin Musayev tərəfindən törədildiyi müəyyən edilib və saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Cinayət yolu ilə əldə edilən pul və qiymətli əşyalar saxlanılan şəxslər arasında bölünüb. Ev sahibinə məxsus olan bahalı qol saatı isə dəstə üzvü Elməddin Musayevdən aşkar edilərək götürülüb.
Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi başlanılıb. /xezerxeber.az