Xəbər lenti
Dünən, 19:25

 

Yol kənarlarında, insan axınının çox olduğu yerlərdə dönərxanaların sayı hər ötən il daha da artır. Maraqlıdır ki, ətin, toyuğun və müxtəlif ərzaqların qiyməti hər il artsa da, dönərin qiyməti dəyişmir. Bu isə bəzi alıcılarda müəyyən suallar yaradır. Yediyimiz ət nə ətidir ki, belə ucuzdur və dəyişmir?!

Axar.az xəbər verir ki, ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Ətin kiloqramının 10-12 manat olduğu bu günlərdə paytaxtda 1 manata dönər satılır. Bəzi dönərxalarında isə hətta 1 manata dönərlə yanaşı, ayran da təklif olunur. Bu qiymətləri müqayisə edənlərdə isə şübhə yaranır. Görəsən, belə dönəri satanlar nə qazanc əldə edirlər ki, işlərinə davam edə bilirlər. Yoxsa onların satdığı ət heç də təmiz deyil?

Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə “leşyığanlar mafiyası” olduğunu bildirib:

“Leş paytaxta və başqa yerlərə gətirilir. Bu cür ətlər bir çox yerlərlə bərabər, dönərxanalara da gedir. Leş yığanlar ətin 1 kiloqramını 50 qəpiyə, 1 manata alırlar”.

AQTA-nın regional bölməsinin rəisi Əkbər Əliyev isə vətəndaşları bu cür müəssisələrə müraciət edərkən, ilk növbədə ətin mənşəyini təsdiq edən sertifikat tələb etməyə çağırıb:

“Əgər bu sənəd yoxdursa, deməli, ətin mənşəyi məlum deyil. Vətəndaşların bu cür ictimai iaşə müəssisələrindən məhsul almaması və bu barədə agentliyə məlumat vermələri daha uyğun olardı”.

Xatırladaq ki, bu günlərdə mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilib. Bu cür yararsız ət məhsullarının dönərxanalara, şadlıq evlərinə və müəyyən kafelərə paylanması şübhələri var.




Ana səhifəyə qayıt        Baxış: 1 204          Tarix: 19-09-2019, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma