Xəbər lenti

 
BMTM-in hesabatı
 
27 Sentyabr-10 Noyabr 2020 tarixlərində baş verən 44 Günlük Müharibə Cənubi Qafqaz bölgəsindəki regional təhlükəsizlik arxitekturasını kökündən dəyişdi. 
 
Ermənistan-Azərbaycan münaqişəsi 30 ilə yaxın davam etdi və beynəlxalq vasitəçilər münaqişənin həlli yolunda heç bir real uğur qazana bilmədilər. Ermənistanda Baş Nazir Nikol Paşinyanın başçılıq etdiyi qondarma “inqilabi hökumət”in Azərbaycana qarşı siyasi və hərbi təxribatlara başlayaraq onilliklər ərzində əldə edilmiş razılaşmalar və prinsipləri rədd etməsi ilə ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar prosesi dalana dirəndi. Paşinyanın rəhbərliyi dövründə daha da artan gərginlik və dəvət Azərbaycanın tarixə 44 günlük müharibə kimi düşən genişmiqyaslı hərbi əks hücum əməliyyatlarına başlaması ilə nəticələndi.
 
Ərazi bütövlüyünü bərpa edən Azərbaycan Cənubi Qafqazda yeni bir dövrün – sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı. Lakin 44 günlük müharibənin nəticələri, şübhəsiz ki, Cənubi Qafqazın hüdudlarından kənara çıxır və alınan dərslər beynəlxalq ictimaiyyət üçün də aktualdır. Bu hesabat 44 günlük müharibənin bölgə və onun hüdudlarından kənara təsirlərinə dair vacib müzakirə aparmağı və nəticəyə gəlməyi hədəfləyir.
 
Eyni zamanda, hesabatda müharibənin xronologiyasına, onun Ermənistan-diaspor münasibətlərinə təsirlərinə, müharibənin bütövlükdə region üçün iqtisadi nəticələrinə, habelə beynəlxalq əlaqələr üçün əhəmiyyətinə diqqət yetiriləcək.
 
44 günlük müharibə və Ermənistan-Azərbaycan münaqişəsinin sonu
 
Ermənistanla Azərbaycan arasındakı münaqişə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün əsas təhdid təşkil edirdi. Bu münaqişə insanların əziyyət çəkməsinə və əhalinin bir yerdən başqa yerə köçməsinə səbəb oldu.


 
Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə münaqişə ilə bağlı qəbul etdiyi bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməyə (822, 853, 874 və 884) baxmayaraq, Ermənistan işğalını davam etdirdi və bununla da beynəlxalq hüququn əsas prinsipini pozdu. Beynəlxalq ictimaiyyətin münaqişənin həllinə kömək etməklə bağlı acizliyi sülh prosesini çıxılmaz vəziyyətə saldı.
 
1990-cı illərin ortalarından etibarən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin (Fransa, Rusiya və ABŞ) vasitəçiliyi ilə həyata keçirilən diplomatik danışıqlar müddətində münaqişənin həlli üçün 2007-ci ildə tərtib edilən və 2009-cu ildə yenilənən Madrid Prinsipləri də daxil olmaqla bir neçə “mexanizm” hazırlandı. Bu prinsiplər Laçın və Kəlbəcər rayonları üçün xüsusi üsullar tətbiq edilməklə Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ bölgəsinə bitişik işğal olunmuş ərazilərdən çıxarılmasını və sonradan status üçün səsvermə keçirilənə qədər bölgə üçün müvəqqəti beynəlxalq təhlükəsizlik tədbirlərinin qurulmasını nəzərdə tuturdu.
 
Qarabağdakı münaqişənin eskalasiyası birbaşa və ya dolayı yolla hər iki tərəfdən kütləvi insan tələfatına səbəb oldu. Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həllinə tərəfdar olmuşdu və 2018 -ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra sülh sazişinə ümid yaranmışdı. Lakin Ermənistanın yeni hökuməti münaqişə ilə bağlı gərginliyi azaltmaq və sülh yolu ilə həllini dəstəkləmək imkanını əldən verdi. Ermənistanın Baş Naziri 2020 -ci ilin əvvəlində Madrid Prinsiplərini şübhə altına alan zaman Ermənistanla Azərbaycan arasındakı gərginlik daha da kəskinləşdi. Bununla yanaşı Ermənistanın Baş Naziri Nikol Paşinyan danışıqların formatı ilə bağlı şübhələrini ictimaiyyətə çatdıraraq sülh danışıqlarını pozdu.
 
Ardıcıl təxribatlar, xüsusən də 2020-ci ilin iyulunda Azərbaycanın Tovuz rayonu istiqamətində sərhəddə baş verən toqquşmalar bölgədəki bütün sülh səylərinə zərbə vurdu. Tovuz rayonu Azərbaycanın mühüm nəqliyyat və enerji yollarını qlobal bazarlara bağlayan strateji bir bölgədir. Məsələn, Bakı – Tbilisi –Ceyhan (BTC) neft kəməri, Cənubi Qafqaz təbii qaz boru kəməri (SCP) və Bakı – Tbilisi – Qars (BTK) dəmir yolu Tovuz rayonundan keçir. Sərhəddə baş verən həmin toqquşmalar nəticəsində 61 fərdi yaşayış evi dağıldı və əkin sahəsi məhv edildi.
 
Üstəlik, bu dövrdə Ermənistan digər məqsədyönlü təxribatlar həyata keçirdi. Ölkə cəbhə xətti boyunca kəşfiyyat və təxribat işlərini gücləndirdi və avqustun 23-də Azərbaycan Müdafiə Nazirliyi erməni təxribat qrupunun komandanı baş leytenant Qurgin Alberyanın ələ keçirildiyini açıqladı. Bu müddət ərzində Azərbaycan Müdafiə Nazirliyi həmçinin Azərbaycan ordusunun bölmələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə çalışan bir neçə erməni taktiki pilotsuz uçuş aparatının məhv edildiyini bildirdi.
 
Cəbhə bölgəsindəki təxribatlar Ermənistanın indiki rəhbərliyinin xarici siyasət kursunda Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar seçdiyi siyasi təxribatlar, milliyyətçi bəyanatlar və mədəni revanşizmlə müşayiət olunurdu. Üstəlik, gərginliyi artıran başqa bir nüans Rusiyanın Ermənistana hərbi yük göndərilməsi ilə bağlı yayılan xəbərlər idi. İyul toqquşmaları zamanı, eləcə də hərbi əməliyyatların dayandırılmasından sonra Rusiya Federasiyasından Ermənistana 9 bu tip uçuşun həyata keçirilməsi haqda məlumat yayıldı. Azərbaycan tərəfi öz növbəsində hadisələrin bu cür inkişafından narazılığını ifadə etdi.


 
İyul toqquşmalarından sonra Azərbaycan Ermənistan sərhədindən hər an təxribatlara hazır olduğuna dair xəbərdarlıq etdi. Son bir neçə ay ərzində müvəqqəti fasilələr olsa da, vəziyyət yenə də gərgin olaraq qaldı, ara-sıra atəşkəs rejimi pozuldu. Belə hallardan biri kimi, 22 sentyabrda Azərbaycan Ermənistan Silahlı Qüvvələri tərəfindən daha bir hərbçinin öldürüldüyünü açıqladı.
 
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışı zamanı Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması üçün yenilənən cədvəlin hazırlanmasına dair çağırış etdi. “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir”,- deyə prezident həmçinin çıxışı zamanı qeyd etdi.
 
Sonradan Ermənistan ordusu 27 sentyabr 2020-ci ildə Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatlar törətdi. Bu eskalasiya 1990-cı illərdən bəri ən böyük və ciddi eskalasiya idi. Elə həmin gün Azərbaycan ordusu mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı hərbi əks-hücuma keçdi. Qeyd etmək lazımdır ki, Ermənistan ordusu əsasən BM-30 Smerç, “Toçka-U” taktiki raket sistemi və Skad raketi kimi rus silahlarından, Azərbaycan isə Rusiya istehsalı olan silahlarla yanaşı, müasir Türkiyə və İsrail silahlarından və PUA-lardan fəal şəkildə istifadə etdi. Erməni Silahlı Qüvvələri həm canlı qüvvə, həm də silah baxımından ağır itkilər verdi.
 
Cəbhə boyu məğlub olan Ermənistan ordusu Azərbaycan şəhərlərinə və mühüm infrastruktur obyektlərinə raket zərbələri endirdi. Oktyabrın 4 -də Azərbaycanın Mingəçevir şəhəri Ermənistan tərəfindən raket hücumuna məruz qaldı. Ermənistan Mingəçevirin elektrik stansiyasını və su anbarını hədəf aldı. Azərbaycanın hava hücumundan müdafiə sistemi bu hücumu zərərsizləşdirərək böyük bir ekoloji fəlakətin qarşısını almağa nail oldu. Müharibə zamanı erməni qüvvələri Toçka-U və BM-30 Smerç raketlərindən istifadə edərək Gəncə və Bərdə şəhərlərinə də hücum etdi. Hücumlar nəticəsində çoxsaylı mülki şəxs yaralandı və həlak oldu. Qeyd etmək lazımdır ki, Gəncə şəhəri o zamankı cəbhə xəttindən 100 kilometr aralıda yerləşirdi.


 
44 günlük müharibə zamanı Ermənistan ordusunun Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etməsi barədə məlumatlar da var idi. Belə ki, Ermənistan maksimum uçuş məsafəsi 280 kilometr olan Rusiya istehsalı “İsgəndər-E” taktiki ballistik raket sistemini (TBM) əldə edərək onları 2016-cı ilin sentyabrında ölkədə təşkil edilmiş hərbi paradda nümayiş etdirib. Ermənistanın belə bir sistemi əldə etməsi Azərbaycandakı bütün strateji infrastrukturu təhdid altına alırdı. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) tərəfindən Şuşa şəhərinə atılan “İskəndər” raketin qalıqları aşkar edilib. Xüsusilə vurğulanmalıdır ki, 9M723 indeks kodlu raket qalıqları İskəndər-M tipinə aiddir. Maksimum 500 km uçuş məsafəsinə malik olan bu raket yalnız Rusiya ordusunun istifadəsi üçündür. Əgər Rusiya “İsgəndər-E” yerinə Ermənistana “İsgəndər-M” raketlərini satıbsa, rəsmi Moskva bununla Adi Silahlar və İkili İstifadə Malları və Texnologiyaların İxracına Nəzarət üzrə Vassenaar Sazişini pozmuş olur. Bundan əlavə, Rusiya rəsmiləri həmişə “İsgəndər-M”-in başqa dövlətlərə ixrac edilməyəcəyini irəli sürüblər.
 
Müharibə 2020-ci il noyabrın 10-da, Azərbaycan, Ermənistan və Rusiyanın Üçtərəfli Bəyanat imzalaması ilə başa çatdı. Bu razılaşmaya əsasən, Qarabağ bölgəsinə 1960 atıcı silahlı hərbi qulluqçu, 90 zirehli şəxsi heyət daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirildi. Bundan başqa, Ağdam rayonunda atəşkəsin icrasına nəzarət etmək üçün Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradıldı. Bölgədə davamlı barış üçün Türkiyənin sülh prosesində iştirakı çox vacibdir və üçtərəfli bəyannamə hərbi əməliyyatları dayandıran əhəmiyyətli bir sənəd oldu. 
 


10 noyabr Üçtərəfli Bəyanata əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarır, Azərbaycan tərəfi isə Ermənistanla Qarabağda yaşayan ermənilər arasında humanitar əlaqə olaraq istifadə ediləcək Laçın Dəhlizinin təhlükəsizliyinə zəmanət verir.
 
Azərbaycan azad edilmiş ərazilərin bərpası və bölgədə infrastrukturun inkişafı üçün genişmiqyaslı proqrama start verib və bu prosesdə bir çox beynəlxalq şirkətlər iştirak edir. Azərbaycan artıq Türkiyə və İtalyan şirkətləri ilə müqavilələr imzalayıb və onlar tam iqtisadi inteqrasiyanın əsas elementləri olan bütün zəruri avtomobil yollarının, dəmir yollarının və digər infrastrukturun yenidən qurulması üzərində çalışırlar. Bununla belə, təhlükəsizlik və iqtisadi əməkdaşlıq perspektivləri baxımından əhəmiyyətli olan 4 və 9-cu maddələr də daxil olmaqla 10 noyabr Üçtərəfli Bəyanatının bütün müddəalarının həyata keçirilməsində hələ də problemlər və çətinliklər mövcuddur.
 
10 noyabr 2020-ci il tarixli müqavilənin 9-cu maddəsində Azərbaycanla Naxçıvan bölgəsi arasında əlaqə də daxil olmaqla, bölgədəki bütün kommunikasiyaların blokadadan çıxarılacağı açıq şəkildə bildirilir. 9-cu maddənin dəqiq ifadəsi belədir:
 
“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək. Ermənistan Respublikası hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin, malların maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir”.


 
Qeyd etmək lazımdır ki, Zəngəzur bölgəsi (ermənilər “Syunik adlandırırlar) regional iqtisadi inteqrasiya baxımından çox əhəmiyyətlidir və yuxarıda qeyd edildiyi kimi 10 noyabr Üçtərəfli Bəyanatın 9-cu maddəsinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələr bərpa edilməlidir və Ermənistan – İran sərhədini qoruyan rus sərhədçiləri Azərbaycanın qərb bölgələri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin edəcək. Bu o deməkdir ki, Azərbaycan onilliklər ərzində bağlanmış Zəngəzur Dəhlizi vasitəsilə öz anklavına gedən köhnə nəqliyyat yolunu bərpa edə biləcək. Zəngəzur Dəhlizi iqtisadi inteqrasiyanı və region ölkələrinin iqtisadi inkişafını sürətləndirəcək.
 
Bu ərəfədə Azərbaycanın Qarabağda keçirilən antiterror əməliyyatları zamanı əsir götürdüyü bir neçə erməni əsirini azad etməsi müsbət siqnallar verdi. Sözügedən erməni əsgərləri noyabr müqaviləsinin şərtlərini pozaraq Azərbaycan ordusuna qarşı mübarizəni davam etdirirdilər. Buna misal olaraq, mayın 27-də Azərbaycan tərəfi Azərbaycan ordusunun təchizat yollarını minalamaq üçün Kəlbəcər bölgəsində sərhədi keçməyə çalışan daha altı erməni əsgərini həbs etmişdi.
 
Azərbaycan Qarabağda yaşayan ermənilərə humanitar yardımın tərkib hissəsi olaraq, ermənilərin Azərbaycanın Kəlbəcər bölgəsindəki Xudavəng Monastırını ziyarət etməsinə və Rusiya təbii qazının Azərbaycan üzərindən Ermənistana nəqlinə icazə verdi. Bütün bunlar göstərir ki, Azərbaycan sərhəddəki vəziyyətin gərginləşməsində maraqlı deyil və bütün fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə hazırdır.
 
Həm Ermənistan, həm də Azərbaycan bölgədə davamlı sülhə nail olmaq üçün xoş niyyət nümayiş etdirməlidir. Təəssüf ki, işğal illərində Ermənistan Azərbaycan ərazilərini minalayıb və buna görə də Qarabağ hazırda dünyanın ən ciddi mina çirklənməsi problemi ilə üzləşən bölgələrindən hesab edilə bilər. Mina sahəsinin dəqiq xəritələri olmadan effektiv minatəmizləmə əməliyyatlarının aparılması çətin məsələdir. Qarabağ bölgəsindəki mina çirklənməsi bərpa prosesinə əhəmiyyətli dərəcədə təsir edir və bir sıra hallarda mülki əhalinin ölümünə səbəb olur. Təəssüf ki, bölgədəki minalardan təmizləmə işlərinə baxmayaraq, mina partlayışlarında mülki şəxslər yaralanmağa və ölməyə davam edir. Məsələn, 2021-ci il iyunun 4-də Kəlbəcər bölgəsində tank əleyhinə mina partlaması nəticəsində 2-si jurnalist olmaqla 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Bu faciə göstərir ki, minaların təmizlənməsi Qarabağ bölgəsində ən ciddi problemdir və bu, minalar insan həyatı üçün böyük təhlükə yaradır. Azad edilmiş ərazilərin minalardan tamamilə təmizlənməsi azərbaycanlı məcburi köçkünlərin bu bölgələrə köçürülməsi üçün vacib amildir. Azad edilmiş ərazilərdə minalanmış ərazilərin miqyası olduqca böyükdür. Buna görə də xəritə olmadan geniş əraziyə yayılmış piyada və tank əleyhinə minaları zərərsizləşdirmək çox çətin olacaq. Sonrakı prosesdə əvvəlcə erməni tərəfi mina xəritələrinin mövcudluğunu inkar etsə də, daha sonra sözügedən xəritələri təhvil verməkdən imtina etdi.


 
Azərbaycanın Ağdam rayonunda minalanmış sahələrin xəritələri qarşılığında 15 erməni məhbusu təhvil verməsi ilə bu məsələdə müsbət irəliləyiş müşahidə edildi. Ermənistan 97 minə yaxın piyada və tank əleyhinə minanın xəritələrini Azərbaycana verdi. Bu, ABŞ, Avropa Birliyi, ATƏT və Gürcüstanın vasitəçilik səyləri nəticəsində mümkün oldu. 
 
Ermənistanla Azərbaycan arasında başqa bir razılaşma 2021-ci ilin iyulunda baş tutdu. Ermənistanın Füzuli və Zəngilan bölgələrində basdırdığı 92 min minanın xəritəsini təhvil verməsi qarşılığında Azərbaycan 15 erməni əsirini geri qaytardı. Mina sahələrinin xəritələri və erməni əsirlərin mübadiləsi bu dəfə Rusiya Federasiyasının təşəbbüsü ilə baş tutdu. Bu irəliləyişlər göstərdi ki, regional və qeyri-regional güclərin konstruktiv şəkildə proseslərə cəlb olunması əməkdaşlıq və təhlükəsizlik baxımından çox vacibdir. Ancaq sonralar aydın oldu ki, Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin dəqiqliyi cəmi 25 faizdir.
 
Aydındır ki, azad edilmiş ərazilərdə minalardan təmizləmə səyləri Azərbaycan üçün infrastrukturu inkişaf etdirmək və köçürmə planına başlatmaq məqsədilə çox vacibdir. Piyada əleyhinə minalar azad edilmiş ərazilərdə insan həyatı üçün böyük təhlükə yaratmağa davam edir. Azad edilmiş ərazilərdən minaların tamamilə təmizlənməsi davamlı inkişaf və bölgənin dirçəlişi üçün çox vacibdir. Məhz bu proses azərbaycanlı məcburi köçkünlərin məskunlaşmasına və bölgənin iqtisadi inteqrasiya prosesinə təsir edəcək. Minalardan təmizləmə işini sürətləndirmək və minalardan təmizləmə heyətinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan müasir minatəmizləmə texnikası və texnologiyalarından istifadə edir. Türkiyə və Böyük Britaniyanın partlayışa qarşı mübarizə üzrə mütəxəssisləri azərbaycanlı həmkarlarına mina partlayışları təhlükəsini aradan qaldırmaq üçün təlim keçirlər.
 
Başqa bir problem Ermənistan və Azərbaycan arasındakı sərhəd mübahisəsidir. Davamlı sülhə nail olmaq üçün ölkə sərhədlərinin delimitasiyası vacibdir. Bu gün də Qazax rayonunun yeddi kəndi və Naxçıvan MR Sədərək rayonunun bir kəndi 1990-cı illərdə başlayan erməni işğalı altında qalmağa davam edir. Davam edən bu mübahisələr iki ölkə arasında sərhəd demarkasiyasının vacibliyini göstərir. Üstəlik, dəfələrlə sərhəd təxribatları – Naxçıvanda, Kəlbəcər və Şuşada Azərbaycan ərazilərinin atəşə tutulması sülh perspektivlərini daha da zəiflədir. 10 noyabr Üçtərəfli Bəyanatın bütün tərəfləri mövcud öhdəliklərin icrasında bərabər şəkildə iştirak etməlidirlər. Beynəlxalq birlik də əməkdaşlıq təşəbbüslərini dəstəkləməli və Cənubi Qafqazda davamlı sülhə sadiq olduğunu nümayiş etdirməlidir. Həm Ermənistan, həm də Azərbaycan bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət nümayiş etdirməlidir. Azərbaycan bu məqsədlə Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir.


 
Ermənistan anlamalıdır ki, Qarabağ bölgəsində azərbaycanlı və erməni xalqının dinc yanaşı yaşaması Azərbaycan hökumətinin prioritetidir. Azərbaycana qarşı təbliğat aparmaq, demarkasiya və delimitasiya işlərinin başlamasının qarşısını almaq yalnız sülh prosesinə ziyan vuracaq. Nəticə etibarilə, Ermənistan-Azərbaycan sərhəd mübahisəsinin uzunmüddətli həlli üçün hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və beynəlxalq ictimaiyyətin bu məsələyə dəstəyi son dərəcə vacibdir.
 
Müharibənin Ermənistan – diaspor münasibətlərinə təsiri
 
Ermənistanla Azərbaycan arasında atəşkəs və bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair üçtərəfli bəyanatın imzalanması, erməni xalqının diaspora üzvləri də daxil olmaqla Ermənistan rəhbərliyinə inamını sarsıtdı. Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanın yeni hökumətinə güclü dəstək verən diaspor təşkilatları bir gündə mövqelərini dəyişdilər. Bu təşkilatların nümayəndələri bir-bir Nikol Paşinyanın uğursuz siyasətini tənqid edən və onu istefaya çağıran bəyanatlar verdilər.
 
Hökumətin “Hayastan” Vəqfi tərəfindən yığılan pulları müharibə zamanı israf etməsi ilə bağlı şayiələrin yayılması hakim partiyaya olan inamsızlığı daha da artırdı. Baş Nazirin 2021-ci ilin mart ayında elan etdiyi növbədənkənar parlament seçkiləri bir neçə ay həm ölkə daxilində, həm də xaricində mübahisə mövzusu oldu. Dünyanın müxtəlif yerlərində yaşayan diaspor üzvləri seçkilərə qədər Ermənistan vətəndaşlarını Nikol Paşinyana və komandasına səs verməməyə çağırdılar. Üstəlik, diaspora üzvləri daim yaşadıqları dövlətlərin hökumətlərini hərəkətə keçməyə və Azərbaycanın Qarabağ bölgəsindəki erməni rejimini tanımağa səslədilər.
 
Üçtərəfli bəyanatın imzalanmasından sonra ABŞ Nümayəndələr Palatasında erməni qrupunun dörd üzvü – Frank Pallon, Qus Bilirakis, Ceki Speyer və Adam Şif – Türkiyənin Yaxın Şərq və Cənubi Qafqazdakı “sabitliyi pozan siyasətinə” reaksiya verməsi üçün ABŞ hökumətinə müraciət etdilər. Bir neçə gündən sonra qrup nümayəndələri Donald Tramp Administrasiyasını ATƏT -in Minsk qrupunun bölgədəki fəaliyyətini bərpa etməyə çağırdılar. Bundan əlavə, Senat nümayəndəsi Robert Menendez bəyanatın bölgədə uzunmüddətli xaosa səbəb olacağını iddia etdi.


 
Hollandiyadakı ermənilərin müraciətləri nəticəsində Hollandiya Parlamentinin Nümayəndələr Palatası (Tweede Kamer) Türkiyə və Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini tələb edən üç təklif, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı ilə bağlı isə iki təklif qəbul etdi.
 
Fransa Senatı və Milli Assambleyası, ermənilərin Azərbaycanın Qarabağ bölgəsində qurduğu rejimi müvafiq olaraq 1 səs əleyhinə olmaqla 305 səs çoxluğu ilə və 3 səs əleyhinə olmaqla 188 səs çoxluğu ilə tanıdı və Azərbaycan və Türkiyənin “təcavüzkar siyasətini” tənqid etdi.
 
Belçika Parlamenti də “Türkiyə hakimiyyətinin dəstəyi ilə” Ermənistanın hərbi işğalı altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərə qarşı Azərbaycanın “hərbi təcavüzünü” tənqid edən qətnamə qəbul etməyə hazır olduğunu bildirdi. Sənəd həmçinin Azərbaycanı “mülki əhaliyə ziyan vurmaqda və kaset və fosfor bombalarından istifadə etməkdə” günahlandırdı. Bundan əlavə, qətnamədə Azərbaycan və Türkiyə hərbi qüvvələrinin Ermənistanın hərbi işğalına məruz qalan Azərbaycan ərazilərindən çıxarılması tələb olunurdu. Eyni zamanda, müqəddimədə qeyd olunur ki, ermənilər həmin ərazidə öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Belçika Federal Parlamentinin Xarici Əlaqələr Komitəsi qətnamə qəbul etsə də, Belçika Parlamenti Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu təsdiqlədi.
 
Bundan əlavə, ABŞ-ın bir neçə ştatı, Cənubi Avstraliyanın Qanunverici Şurası və erməni diasporunun çoxluq təşkil etdiyi şəhərlərin məclisləri işğalçı rejimin tanınmasına qərar verdi. Buna baxmayaraq, bu qərarlar heç bir əhəmiyyətli qüvvəyə malik deyildi.
 
Yuxarıda qeyd edildiyi kimi, bəyanatın imzalanması Ermənistan hökuməti ilə diaspor təşkilatlarının nümayəndələri arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb oldu. Rusiya Erməniləri Birliyi və “Daşnaksütyun” Erməni İnqilab Federasiyası hökuməti tənqid edən və hakim partiyanı istefaya çağıran ilk təşkilatlardan idi. Bəyanatın imzalanmasından dərhal sonra Erməni Birliyi sədr A.Abraamyanın başçılığı ilə 50 regional şöbəsinin rəhbəri ilə virtual görüş keçirdi. Nəticədə, noyabrın 11-də təşkilat sədr adından bir bəyanat yayaraq Baş Nazir Paşinyanı “ölkəni idarə edə bilməməkdə və bacarıqsızlıqda” günahlandırdı.


 
Təşkilatın regional bölmələrinin rəhbərləri Ermənistandakı siyasi proseslərdə fəal iştirak etməyi zəruri hesab etdilər. Bu məsələ 2021-ci ilin aprelində keçirilən video konfrans zamanı müzakirə edildi. Ara Abraamyanın başçılığı ilə keçirilən görüşdə tərəflər Ermənistanın daxili siyasi vəziyyəti, xüsusilə növbədənkənar parlament seçkiləri ilə bağlı məsələləri müzakirə etdilər. “Ermənistanı kənarında olduğu uçurumdan dərhal və birgə xilas etməliyik. Dövlətimizin tarixin ən çətin dövrlərindən birini geridə qoyması üçün hər cür səy göstərməliyik”, – deyə Ara Abraamyan iclas iştirakçılarına müraciət edərək bildirdi. Birliyin bölgə şöbələrinin rəhbərləri, sədrin seçkilərdə iştirak etmək qərarına fəal dəstək verdiklərini bildirdilər.
 
Daha əvvəl mövcud rejimin nümayəndələrini dəstəkləyən radikal “Daşnaksütyun” partiyasının xaricdəki nümayəndələri də Ermənistanın indiki hakimiyyətinə qarşı çıxdılar. Partiya üzvləri mövcud vəziyyətə görə hökuməti günahlandırdı və Ermənistanda Erməni İnqilab Federasiyasına dəstəyini ifadə etdi. Partiya nümayəndələri hökumətin Azərbaycan – Türkiyə maraqlarına xidmət edən anti-milli siyasətini də tənqid etdilər. 2021-ci ilin aprelində partiyanın İrəvandakı nümayəndəliyi fürsətdən istifadə edərək 20 iyun 2021-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqladı. Digər 15 diaspor təşkilatı, o cümlədən Erməni Ümumi Xeyriyyəçi Birliyi (AGBU) Nikol Paşinyanın istefası ilə bağlı oxşar müraciətlər etdi. AGBU-nun nümayəndələri, yeni hökumətin nə indiki, nə də keçmiş hakimiyyətlə heç bir əlaqəsinin olmamalı olduğunu qeyd edərək, Baş Naziri öz iradəsi ilə istefa verməyə çağırdılar. Buna baxmayaraq, seçkilərdən dərhal sonra AGBU nümayəndələri bu hadisənin “milli sağalma”, eləcə də Ermənistanla diaspora arasında səmərəli əməkdaşlığa doğru ilk addım olacağına ümid etdiklərini bildirərək Baş Naziri qələbəsi münasibətilə təbrik etdilər. 
 
Diaspora nümayəndələri həmçinin hökuməti müharibə zamanı “Hayastan” Vəqfi tərəfindən yığılan pulları mənimsəməkdə ittiham etdilər. Müxtəlif mənbələrə və mətbuatda yayılan məlumatlara görə, heç bir dəlil tapılmasa da, dövlət məmurları vəqf tərəfindən ayrılan məbləğin demək olar ki, hamısını mənimsəyiblər. Təqsirləndirilənlər arasında fondun nümayəndələri də var idi. 
 
Nikol Paşinyanın 2021-ci ilin yanvarında Moskvaya səfəri, İlham Əliyev və Vladimir Putinlə görüşü erməni diasporunun nümayəndələri tərəfindən kəskin tənqidlərə məruz qaldı. Görüşdən əvvəl Rusiyadakı Erməni Birliyinin sədri Ara Abraamyan Ermənistan Baş Nazirinə açıq məktub göndərərək, erməni millətinin Nikol Paşinyanın yeni sənədlər imzalamaq əvəzinə istefa verəcəyini gözlədiyini qeyd edərək onu xalqın etibarından sui-istifadə etməkdə günahlandırdı. Bundan əlavə, erməni təşkilatlarının nümayəndələri Rusiyadakı Erməni Birliyinə məxsus bir binada görüş keçirərək həmyerlilərini Ermənistan Respublikasının Rusiyadakı səfirliyi qarşısında təşkilatın nümayəndələri tərəfindən hazırlanmış ərizəni imzalayaraq etirazlarını bildirməyə çağırdılar. Petisiyanın mətninə əsasən, diaspor nümayəndələri Paşinyanı Azərbaycan tərəfi ilə bütün şifahi və yazılı razılaşmaların məzmununu açıqlamağa, başqa sənədlərin imzalanmasından imtina etməyə və böhranın dərinləşməsinin qarşısını almaq üçün 10 noyabr 2020-ci il tarixli üçtərəfli müqavilənin icrasını dayandırmağa çağırırdı.


 
Erməni diasporunun nümayəndələri Ermənistan Prezidenti Armen Sarkisyan və diaspora işləri üzrə ali komissar Zare Sinanyanı da tənqid ediblər. Üçtərəfli bəyanat haqda məlumatı mətbuatdan alması və danışıqlar prosesində iştirak etməməsi ilə bağlı açıqlamasına baxmayaraq, Armen Sarkisyan da diaspor tərəfindən qınandı. Prezident Moskvaya səfəri zamanı bəzi diaspor nümayəndələri ilə görüş keçirdi və bu, ittihamları daha da artırdı. Sarkisyan həmçinin vətənə xəyanətdə suçlandı və o, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı qınamaqda neytral mövqe sərgilədi.
 
Seçki kampaniyası zamanı konqresmenlərin və senatorların əksəriyyəti ilə fəal ünsiyyət quran, ABŞ-ın ən görkəmli erməni təşkilatı olan Amerika Erməni Milli Komitəsi Qərb bölgəsinin kommunikasiya direktoru Aleks Qalitski qəribə bir formada öz rəsmi Tvitter hesabında Nikol Paşinyanı “demaqoq-populist” adlandıraraq rusiyapərəst Robert Köçəryanın namizədliyini dəstəklədi. Ancaq bir müddət sonra tvit silindi. Diaspora işləri üzrə ali komissar Zare Sinanyan 44 günlük müharibədən əvvəl də səmərəsiz siyasətdə ittiham olunurdu. Bu problem Zare Sinanyan Ermənistanın diaspora üzvlərini vətənə qaytarmaq istəmədiyini açıqladığı zaman ortaya çıxmışdı. Nəticədə, hakim partiya tərəfindən üçtərəfli müqavilənin imzalanması ona da təsir etdi. Erməni İnqilab Federasiyası son açıqlamasında Zare Sinanyanı Nikol Paşinyanın “dağıdıcı siyasətini” dəstəkləməkdə günahlandırdı. May ayında ABŞ-a səfəri zamanı diaspor işləri üzrə ali komissar diaspor üzvləri ilə görüşməli və diasporla Ermənistan münasibətlərini müzakirə etməli idi. Lakin mediada yayılan məlumatlara görə, diaspor nümayəndələrinin əksəriyyəti Sinanyanı “Hayastan” Vəqfi tərəfindən toplanan pulları oğurlamaqda ittiham edərək onunla görüşməkdən imtina etdilər.
 
Erməni Milli Konqresi (A.N.C. International) Xarici İşlər nazirinə qarşı da ittihamlar irəli sürdü. Fevral ayında Milli Assambleyada hökumət nümayəndələri ilə keçirilən sual-cavab görüşündə yeni təyin olunmuş Xarici İşlər naziri Ara Ayvazyan Ermənistan – Azərbaycan münaqişəsinin həlli nəticəsində Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılmalı olduğunu vurğuladı.


 
Xarici İşlər nazirinin bu açıqlaması erməni diasporunun kəskin reaksiyasına səbəb oldu. Erməni Milli Konqresi bəyanat yayaraq hökuməti Türkiyə və Azərbaycanla əlaqələr qurmaqda və Azərbaycanı Qarabağ bölgəsində yaşayan ermənilərin yaratdığı keçmiş rejimin təhlükəsizliyinə zəmanət verməkdən imtina etməkdə günahlandırdı. Bundan əlavə, erməni diaspor nümayəndələrinin fikrincə, Ermənistan hökuməti Türkiyə ilə əməkdaşlıq qurmaq üçün Ermənistan – Azərbaycan münaqişəsindən başqa heç bir maneə görmür və bununla da onlar dolayı yolla “erməni soyqırımı” məsələsinə işarə etdilər. Bu bəyanat diaspor nümayəndələrinin nəinki bölgədə sülh qurmağa meylli olmadıqlarını, hətta bunun əleyhinə fəal şəkildə çalışdıqlarını sübut edir. 
 
44 günlük müharibədə Ermənistanın ağır məğlubiyyəti, daha doğrusu Ermənistanın təslim olması mənasını verən üçtərəfli bəyanatın imzalanması hökumətlə diaspor arasındakı münasibətlərə təsir etdi. Bəzi diaspor üzvləri məğlubiyyətdə Paşinyanı və onun populist xarici siyasətini günahlandırarkən, digərləri indiki vəziyyətə görə Ermənistanın keçmiş korrupsiyalaşmış siyasi rəhbərliyini ittiham etdi. Azərbaycan və Türkiyə ilə regional kommunikasiya və nəqliyyat əlaqələrinin açılması perspektivi diaspor tərəfindən ədavətlə qarşılandı. Onu da qeyd etmək lazımdır ki, erməni diasporunun nümayəndələri müharibənin nəticələrindən dərs almadılar, bölgədə sülhün bərqərar olmasına və nəqliyyat dəhlizlərinin açılmasına fəal şəkildə mane olmağa davam etdilər. Baş Nazirə ünvanlanan bütün ittihamların əsas səbəbi diasporun hökumətin Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələr qurmasından qorxmasıdır. Erməni Komitəsinin açıqlamasından bəlli oldu ki, diaspor nümayəndələri hökumətin Türkiyə və ya Azərbaycanla sərhədlərin açılması istiqamətində atdığı hər bir addımı itki kimi qəbul edirlər. Seçkilər zamanı Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan bloku”na dəstək verməklə diaspor təşkilatları bölgədə sülhə nail olmaq istəmədiklərini nümayiş etdirdilər. Seçkilərin nəticələri əslində Ermənistan vətəndaşlarının sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyindən xəbər verir və qisas ideyasının ölkə daxilində o qədər də populyar olmadığını göstərir. Diaspor nümayəndələri əksinə, özlərini müstəqil siyasi ünsür hesab etdikləri üçün qisas tələb etməyə davam edəcəklər. Qeyd etmək lazımdır ki, erməni diasporunun bu cür mövqeyi regionda sülhün bərqərar edilməsinə maneələr yaratmaqla bərabər mənfi nəticələrə gətirib çıxara bilər.


 
Nüfuzlu erməni lobbisinin məskunlaşdığı bəzi ölkələrin 44 günlük müharibə zamanı Ermənistana dəstəklərini açıq şəkildə bəyan etməməsi və bununla da diasporun gözlənildiyi qədər təsir gücünə malik olmamasının sübutu daha böyük narazılığa səbəb oldu, lakin bu, açıq şəkildə ifadə edilmədi.
 
İqtisadi təsirlər
 
Müharibənin yekunu olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Lakin 1990-cı illərin əvvəllərində baş vermiş (1988–1994) Birinci Qarabağ müharibəsi nəticəsində erməni işğalı regional əməkdaşlığa və inkişafa mənfi təsir göstərmişdi. İşğal səbəbindən Azərbaycan öz ərazilərinin 20 faizi üzərində nəzarəti itirdi və bu, bölgə ölkələri ilə bölgədə maraqları olan xarici güclər arasında iqtisadi və siyasi əlaqələrin pisləşməsinə səbəb oldu. İşğaldan sonra Azərbaycan və Türkiyə Ermənistanla siyasi əlaqələrini dayandırdı və bu ölkə ilə sərhədlərini bağladı. Siyasi nəticələrlə yanaşı, 44 günlük müharibənin bölgə üçün əhəmiyyətli iqtisadi təsirləri də var. Noyabr bəyanatının 9-cu bəndinin həyata keçirilməsi erməni işğalı zamanı bağlanan ənənəvi yolların bərpasına səbəb olacaq, regional iqtisadi əlaqələrin və əməkdaşlığın inkişafını sürətləndirəcək.
 
44 günlük müharibənin iqtisadi təsirlərinin əhəmiyyətini başa düşmək üçün Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaranan iqtisadi problemlərə nəzər salmaq kifayət edər. Xüsusilə 44 günlük müharibədən sonrakı yeni iqtisadi vəziyyət mövcud regional əməkdaşlıq problemlərinin bir çoxunu həll etmək üçün imkanlar yaratdı. Erməni işğalı zamanı bölgə ölkələrinin iqtisadiyyatı və iqtisadi əlaqələri böyük zərər gördü. Azərbaycan və Türkiyənin Ermənistanla sərhədləri bağlandığı üçün Ermənistanın bu ölkələrlə iqtisadi əlaqələri dayandırıdı.
 
Sovet İttifaqı dağıldıqdan sonra post Sovet ölkələri digər ölkələrlə iqtisadi əlaqələrini müstəqil şəkildə inkişaf etdirmək imkanına malik olsalar da, Ermənistan zərərli yol tutdu. Milliyyətçi və qanunsuz ərazi iddiaları səbəbindən bu ölkə Türkiyənin böyük bazarına, Azərbaycanın və beynəlxalq tərəfdaşlarının başlatdığı enerji və infrastruktur layihələrinə çıxış imkanını itirdi, həmçinin Ermənistanın Rusiya və İrandan iqtisadi asılılığını artırdı. Halbuki Gürcüstanla kommunikasiyasının olmaması, beynəlxalq sanksiyalarla üzləşməsi səbəbindən İran regionda məhdud iqtisadi təsirə malikdir. Ermənistan həm də əsas ticarət tərəfdaşlarına mal daşımaq məqsədilə etibarlı quru yollarından istifadə etmək imkanını itirdi. İqtisadi inkişafa təkan verəcəyini düşündüyü Avrasiya İqtisadi Birliyinə üzv olduqdan sonra da Ermənistanın işğalçılıq siyasəti və üzv ölkələrlə etibarlı quru əlaqələrinin olmaması birlik ölkələri ilə dayanıqlı iqtisadi əlaqələr qurmasına imkan vermədi. İşğal nəticəsində yaranan bütün iqtisadi maneələr Ermənistanı təcrid vəziyyətinə saldı və onun iqtisadi və sosial inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdi. Nəticədə Ermənistan son 30 ildə ciddi xarici miqrasiya, işsizlik və maliyyə problemləri ilə üzləşdi.


 
Erməni işğalı Azərbaycanın iqtisadi inkişaf və istehsalda əhəmiyyətli rol oynayan ərazilərinin 20% -ni itirməsinə səbəb oldu. Sovet dövrü ilə müqayisədə Azərbaycan iqtisadiyyatı işğal nəticəsində itirilən ərazilərdəki müəssisələrin bağlanması səbəbilə taxıl gəlirlərinin təxminən 24% -ni, spirt istehsalının 41% -ni, kartof istehsalının 46% -ni, ət istehsalının 18% -ni və süd istehsalının 34% -ni itirdi. Müxtəlif iqtisadi sektorlarda istehsalın əhəmiyyətli dərəcədə azalması Azərbaycanda Ümumi Daxili Məhsulunun (ÜDM) 60% azalmasına səbəb oldu. Kənd təsərrüfatı sektorunda ÜDM -in azalması təxminən 43%, sənaye sektorunda isə təxminən 60% oldu. İşğal olunmuş ərazilər çoxsaylı təbii sərvətlərə malik olduğundan Ermənistan bu sərvətləri erməni və xarici şirkətlərin iştirakı ilə qanunsuz olaraq istismar etdi. Qeyri-qanuni rejim mineralları, əlvan və qara metalları, mineral suları, şirin su ehtiyatlarını və meşə sahələrini amansızcasına mənimsədi, bitki və faunanı sistemli şəkildə məhv etdi. Rəsmi məlumatlara görə, əvvəllər işğal olunmuş ərazilərdə 163 müxtəlif növ faydalı qazıntılar yatağı yerləşirdi. İşğal zamanı qeyri -qanuni və intensiv mədən işləri əsasən Qarabağın qızıl, gümüş, mis, molibden və civə yataqlarını hədəfə aldı. Qanunsuz fəaliyyətdən əldə edilən maliyyə vasitələri əvvəllər işğal altında olmuş ərazilərdə mövcud olan qanunsuz rejimin maliyyə təhlükəsizliyini təmin etməyə xidmət edirdi. Təbii sərvətlərin qanunsuz istismarı zamanı zəhərli tullantıların yerli su anbarlarına və çaylara axıdılmasının qarşısını almaq üçün heç bir tədbir görülmədi. Bu da öz növbəsində faydalı qazıntı və digər yataqların məhvinə, geniş  ərazilərin zəhərlənməsinə və deqradasiyasına, içməli su mənbələrinin keyfiyyətinin kəskin şəkildə aşağı düşməsinə səbəb oldu.
 
Erməni şirkətləri ilə yanaşı, Rusiya, Fransa, ABŞ, Böyük Britaniya, Almaniya və Hollandiyadan olan xarici şirkətlər də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış, lakin o dövrdə işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətə başladılar. Qarabağın təbii sərvətlərinin istismarında iştirak edən şirkətlərə “Vallex Group”, “Base Metals”, “GeoProMining”, “GoldStar”, “Aurubis AG”, “Caterpillar”, “FLSmidth & Co.”, “Tashir Group” və başqaları daxildir. Qeyd olunan iqtisadi problemlərlə yanaşı, Azərbaycan Naxçıvan Muxtar Respublikası (MR) ilə birbaşa quru əlaqəsini itirdi. Nəticədə Naxçıvan MR humanitar və iqtisadi böhran yaşayan, dənizə çıxışı olmayan anklava çevrildi. Naxçıvana mal və sərnişin daşımalarını həyata keçirmək üçün Azərbaycan İran üzərindən keçməklə hava nəqliyyatı və ya quru yollarından istifadə etməli idi. 1990 -cı illərin əvvəllərindəki işğal səbəbiylə Azərbaycan sonradan əsas iqtisadi və ticarət tərəfdaşlarından birinə çevrilən Türkiyə ilə etibarlı quru əlaqəsini itirdi. Beləliklə, Azərbaycan Gürcüstan və İranın hava məkanından istifadə etməklə Türkiyəyə çatmalı idi ki, bu da malların və sərnişinlərin gediş məsafəsini artırdı


 
Rusiya üçün bəzi siyasi imkanlar açmasına baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi bu ölkənin bölgədəki əsas tərəfdaşlarından biri olan Ermənistanla quru yolu ilə əlaqəsinin qarşısını kəsən maneə oldu. Bu, Gürcüstanla siyasi münasibətlərinin pisləşməsindən sonra Rusiya üçün daha ciddi problemə çevrildi, nəticədə əvvəllər Rusiyanı Abxaziya vasitəsilə Ermənistana bağlayan yeganə dəmir yolu bağlandı. Bu dəmir yolu bağlanandan sonra Yuxarı Lars şosesi Rusiya ilə Ermənistan arasında yüklərin daşınması üçün yeganə quru yolu oldu. Lakin bu magistral yol həm siyasi problemlər, həm də hava şəraiti səbəbindən mütəmadi olaraq bağlanır. Beləliklə, münaqişə səbəbindən regional nəqliyyat marşrutlarının bağlanması Rusiya ilə Ermənistan arasındakı iqtisadi münasibətlərə mənfi təsir göstərdi.
 
Ermənistan-Azərbaycan münaqişəsi Türkiyəyə də təsirsiz ötüşmədi, münaqişə şərqdəki nəqliyyat yollarının inkişafına və istifadəsinə əngəl törədən əsas səbəblərdən biri oldu. Türkiyənin Naxçıvan MR vasitəsilə Azərbaycanla yeganə quru əlaqəsi Ermənistanın ərazisi olan Zəngəzur bölgəsindən keçdiyi üçün kəsildi. Sərhəd bağlandığı üçün Türkiyə əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycanla əlaqə yaratmaq məqsədilə bu marşrutdan istifadə edə bilmədi. Bunun əvəzinə, Gürcüstan ərazisindən keçən magistral yollardan istifadə etməli, beləliklə məsafəni uzatmalı və səyahət müddətini artırmalı idi. Həmçinin Ermənistanla sərhədin bağlanması Türkiyənin enerji resurslarına asanlıqla çıxış əldə etməsi üçün əlavə problemlər də yaratdı, bu da öz növbəsində neft və qaz kəmərlərinin Gürcüstan ərazisindən çəkilməsinə səbəb oldu.
 
Münaqişənin yaratdığı yuxarıda qeyd olunan problemlərin olmasına baxmayaraq, onu da xatırlatmaq yerinə düşər ki, erməni işğalı dövründə regional ölkələr Ermənistanın iştirakı olmadan əhəmiyyətli beynəlxalq nəqliyyat və enerji layihələrini birlikdə inkişaf etdirə bildilər. Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri və Bakı –Tbilisi – Qars dəmir yolu xətti belə layihələrdəndir. Bu layihələri birgə həyata keçirməklə Azərbaycan, Gürcüstan və Türkiyə Orta Dəhliz və “Şimal – Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq nəqliyyat layihələrinin əsas oyunçularına çevrildilər. Bu da öz növbəsində beynəlxalq iqtisadi münasibətlər sistemində Cənubi Qafqazın mövqeyini gücləndirdi. Lakin Ermənistanın qonşularına qarşı təcavüzkar siyasəti gələcəkdə iqtisadi əlaqələrin inkişafına və bölgədə nəqliyyat şəbəkəsinin genişlənməsinə mane oldu. Hazırda münaqişə bitdikdən və Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni geosiyasi və geoiqtisadi vəziyyət Cənubi Qafqazda mövcud olan bütün iqtisadi maneələrin aradan qaldırılması və tam regional inteqrasiya üçün imkanlar yaratdı. Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, artıq bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək. 

İqtisadi baxımdan bəyanatın ən vacib elementi Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisi arasında Zəngəzur dəhlizi ilə nəqliyyat əlaqələrinin bərpasıdır, çünki bu dəhliz əhəmiyyətli nəqliyyat imkanları vəd edir. Bütün iqtisadi əlaqələrin bərpası və Zəngəzur Dəhlizinin qurulması region ölkələrinə yuxarıda qeyd olunan iqtisadi problemləri və maneələri aradan qaldırmağa imkanı verir. Bu xüsusda yeni qurulan Zəngəzur Dəhlizi Naxçıvan MR-ni iqtisadi blokadadan azad edəcək. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa əlaqənin bərpası həm Naxçıvan, həm də Azərbaycanın iqtisadi inkişaf üçün yeni imkanlar yaradaraq səyahət müddətini və nəqliyyat xərclərini azaldacaq.


 
Digər məqam ondan ibarətdir ki, Azərbaycan işğal olunmuş əraziləri azad etməklə Qarabağdakı erməni işğalçıları tərəfindən qanunsuz olaraq istismar olunan zəngin təbii sərvətlərə nəzarəti də əlinə aldı. Qarabağ bərpa edildikdən sonra Azərbaycan orada stabil və müasir iqtisadiyyat yarada biləcək, bu da yaxın illərdə Azərbaycanın iqtisadi inkişafına töhfə verəcək.
 
Yeni Zəngəzur dəhlizinin açılması ilə Türkiyə Gürcüstan və İran ərazilərindən keçmədən Azərbaycana birbaşa çıxış əldə edə biləcək. Azərbaycan ilə Türkiyə arasında yeni dəhlizdən keçməklə bərpa ediləcək yeni quru yolunu Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmir yolu ilə müqayisə etsək, yeni yol təxminən 340 km qısa olacaq. Beləliklə, daha qısa nəqliyyat məsafəsi və daha az nəqliyyat xərcləri Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarətin daha da artmasına səbəb olacaq. Yeni dəhliz ziyarətçilərin daha etibarlı və rahat hərəkətini təmin edəcəyi üçün iki ölkə arasındakı turizm əlaqələrinə də müsbət təsir edəcək. Geniş mənada yeni dəhliz Türkiyənin Orta Asiyadakı türk dünyası ilə əlaqəsi üçün alternativ və daha qısa yoldur. Ona görə də Azərbaycan ərazilərinin azad edilməsi və kommunikasiyaların bərpası türk ölkələri arasında əlaqələr üçün yeni inkişaf perspektivləri açacaq.
 
Türkiyə həmçinin yük daşımalarını genişləndirmək və Bakı-Tbilisi-Qars dəmir yolunun tutumunu artırmaq üçün Naxçıvana yeni dəmir yolu çəkməyi planlaşdırır. 230 km uzunluğunda olacaq yeni dəmir yolu Türkiyənin Qars şəhərindən başlayaraq Naxçıvan MR-ə qədər davam edəcək. Oradan bu xətt İran, Əfqanıstan və Pakistana qədər davam edən dəmir yolu xətlərinə bağlana və Zəngəzur Dəhlizi vasitəsilə Azərbaycanın dəmir yolu şəbəkəsinə qoşula bilər. Qars-Naxçıvan dəmir yolunun Zəngəzur dəhlizinə qoşulması Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrini də gücləndirəcək.
 
Rusiya da Cənubi Qafqazda kommunikasiyaların açılmasından əhəmiyyətli dərəcədə faydalanacaq. Rusiya üçün Zəngəzur Dəhlizi region ölkələrinə alternativ quru yolu yaradır. Azərbaycan dəmir yollarından istifadə etməklə Rusiya qatarları yeni dəhlizdən keçərək Naxçıvan Muxtar Respublikasına asanlıqla gedə, oradan da Türkiyə, İran və Ermənistana gedən xətlərə yönəldilə bilər. Zəngəzur dəhlizindən keçməklə Rusiya Yaxın Şərq bazarlarına alternativ bir yol əldə edəcək və yeni dəhlizdən, eləcə də Cənubi Qafqazda mövcud olacaq digər marşrutlardan istifadə edərək Rusiya Ermənistana birbaşa çıxış imkanına nail olacaq.


 
Əlaqələrin bərpasının bütün qeyd olunan üstünlükləri Rusiyanın Türkiyə, İran, Ermənistan və Yaxın Şərq ölkələri ilə iqtisadi əlaqələrinə müsbət təsir göstərəcək. Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən əl çəkəcəyi, sülh siyasəti və əməkdaşlığı seçəcəyi təqdirdə bütün yolların bərpası, o cümlədən Zəngəzur Dəhlizinin yaradılması bu ölkəyə əhəmiyyətli iqtisadi üstünlüklər verir. Zəngəzur Dəhlizi və digər ənənəvi marşrutlardan istifadə etməklə Ermənistan iqtisadi təcridə son qoya və regional nəqliyyat layihələrinə qoşula bilər
 
Kommunikasiyaların bərpası Ermənistanın əsas iqtisadi problemlərindən birini – Avrasiya İqtisadi Birliyinin (EAEU) bazarları ilə quru əlaqəsinin olmaması problemini də həll edə bilər. Bu səbəbdən Ermənistan Aİİ, o cümlədən Rusiya ilə ticarət əlaqələrini gücləndirmək şansı əldə edəcək. Yeni vəziyyət Ermənistan üçün İranla iqtisadi əlaqələri inkişaf etdirmək imkanı da yaradır. Münaqişə səbəbindən Ermənistan Azərbaycan ərazisindən keçən və ölkəni İrana birləşdirən dəmiryoluna çıxışını itirdi və Ermənistan ərazisindən İrana alternativ dəmir yolu çəkmək cəhdləri uğursuz oldu. İndi bu dəmir yolunun bərpası Ermənistanla İran arasında ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək.
 
Qeyd olunan bütün amillər göstərir ki, 44 günlük müharibə və Ermənistan – Azərbaycan münaqişəsinin sona çatması Cənubi Qafqaz və onun qonşuları üçün mühüm iqtisadi təsirlərə malikdir. Münaqişə səbəbindən bölgə ölkələri arasında dayandırılan kommunikasiya və iqtisadi əlaqələrin bərpası bölgənin son 30 ildə formalaşan geoiqtisadi xəritəsini dəyişdirəcək. Bölgədə nəqliyyat şəbəkəsinin genişlənməsi region ölkələrinin qonşu və digər ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək üçün yeni imkanlar açacaq. Bu da öz növbəsində Cənubi Qafqaz ölkələrinin beynəlxalq iqtisadi əlaqələr sistemində və beynəlxalq Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövqelərini gücləndirəcək. 
 
Bölgədə davamlı sülhün qurulması iş mühitinə də müsbət təsir edəcək və bölgə ölkələrinə daha çox investisiya cəlb etməyə imkan verəcəkdir. Buna görə də 44 günlük müharibə Cənubi Qafqazda davamlı təhlükəsizlik mühitini formalaşdırmaqla yanaşı regional əməkdaşlıq imkanlardan istifadənin qarşısının alan əsas problemi həll etmiş oldu. Eyni zamanda, münaqişədən sonrakı dövrdə qeyd olunan bütün iqtisadi fürsətlər yeni, zərərli milliyyətçi qarşıdurmaların yaranmasının qarşısını alacaq.
 
Müharibənin beynəlxalq münasibətlərə təsirləri
 
44 günlük müharibə Cənubi Qafqazın geosiyasətində ciddi dəyişikliyə səbəb oldu, ənənəvi güc balansını dəyişdi və regional sülh və təhlükəsizlik üçün yeni imkanlar və çağırışlar yaratdı. Müharibə öz təsirlərini bölgənin iqtisadiyyatı, nəqliyyat, rabitə, regionlararası inteqrasiya və s. sahələr də daxil olmaqla digər sahələrə də göstərdi. Müharibənin bölgə üçün birbaşa və potensial nəticələri yerli və xarici müşahidəçilər tərəfindən geniş şəkildə öyrənilib. Lakin bir sıra səbəblərə görə bu müharibənin daha geniş mənada beynəlxalq münasibətlərə təsiri az tədqiq edilib. Halbuki, bu hadisə gələcəkdə dövlətlərarası münasibətlərin qurulması, eyni zamanda dövlətdaxili təhdidlərə təsir etmək potensialı səbəbindən daha çox diqqətə layiqdir.


 
Bu bölüm 44 günlük müharibənin beynəlxalq münasibətlərə təsirlərini geniş və dərin təhlil etmək niyyətində deyil. Daha doğrusu, bölüm bu mövzuda gələcəkdə araşdırmaların aparılmasına təşviq etməyi hədəfləyir və bu məsələ ilə bağlı proseslərin qısa icmalını təqdim edir. Burada göstərilir ki, beynəlxalq vasitəçilərin apardığı danışıqlarının uğursuz olması və nəticədə müharibənin başlaması İkinci Dünya Müharibəsindən sonra təsbit olunmuş beynəlxalq hüquqi nizamın və beynəlxalq problemlərin çoxtərəfli həlli prinsiplərinin iflasa uğramasının başqa bir sübutudur. Döyüş təyyarələri kimi müasir texnologiyalardan da istifadə edilməklə aparılan hərbi əməliyyatlar müasir müharibə anlayışına təsir etdi və bir çox dövlətləri müdafiə strategiyalarına yenidən baxmağa məcbur etdi. Bu yeni vəziyyət və Azərbaycanın hərbi uğuru bəzi böyük dövlətlərin ciddi təzyiqlərinə baxmayaraq, daha geniş bölgənin kiçik dövlətlərini daha böyük dövlətlərlə qarşıdurmalarda cəsarətləndirdi.
 
Beynəlxalq siyasətdə Makiavelli vizyonunun yenidən təsdiqi
 
Beynəlxalq hüquqa üzrə realist nəzəriyyəçilərin xüsusilə, zəiflərin əziyyət çəkdiyi, güclülərin isə istədiklərini etdiklərinə dair köklü inanca skeptik yanaşmaları Ermənistan-Azərbaycan münaqişəsinin timsalında növbəti sınağından uğurla keçdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri və BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa İnsan Haqları Məhkəməsi və s. qurumların qərarları da daxil olmaqla, beynəlxalq səviyyədə qəbul edilmiş çoxsaylı sənədlər Ermənistan Respublikası tərəfindən ardıcıl olaraq rədd edilirdi. Bu sənədlərin tələblərinə tamamilə əks olaraq, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini 30 ilə qədər müddətdə işğal altında saxladı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarından kobud şəkildə sui-istifadə etdi. Azərbaycan isə əksinə bu danışıqlarda fəal iştirak etdi və sülh yolu ilə irəliləyişə ümid bəslədi. Həm Azərbaycan hökuməti, həm də cəmiyyət uzun illər beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan Silahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsindən zorla qovulmuş 700 mindən çox azərbaycanlının hüquqlarının pozulmasına cəlb etmək üçün mübarizə apardı. Hər il beynəlxalq təşkilatlar bu ərazilərin işğaldan azad edilməsini tələb edən bir sıra yeni sənədlər qəbul edirdi, hər il müxtəlif dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyirdi. Hətta 44 günlük müharibə zamanı və müharibədən sonra açıq-aşkar Azərbaycan əleyhinə mövqe tutan Fransa kimi dövlətlər də müharibədən əvvəl Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirənlər arasında idilər. Lakin bütün bunların prosesə heç bir təsiri olmadı. Ermənistan Qarabağ bölgəsinə yeni yollar çəkmək, hərbi istehkamları gücləndirmək və erməni diasporundan daha çox sərmayə cəlb etməklə işğal olunmuş əraziləri yavaş -yavaş özünə birləşdirmək prosesini davam etdirdi. Ermənistan Respublikasının beynəlxalq hüquqa və sülh danışıqlarına bu qədər sayğısız yanaşması bir çox səbəblərdən qaynaqlanır. 
 
Birincisi, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olmaqla və əsas müttəfiqi olan Rusiyadan əhəmiyyətli hərbi dəstək almaqla Ermənistan və onun liderləri əmin idilər ki, Azərbaycan Rusiyanın mümkün reaksiyasından qorxduğu üçün heç vaxt Ermənistanla hərbi qarşıdurmaya cəsarət etməyəcək
 
İkincisi, BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla beynəlxalq hüquqa riayət etmək üçün Ermənistana beynəlxalq təzyiqin olmaması İrəvanın özünü Azərbaycana qarşı kart-blanş kimi hiss etməsinin əsas səbəbi idi. Ümumilikdə beynəlxalq hüquqi nizama və indiki halda Cənubi Qafqazda sülhə və təhlükəsizliyə vurulan ziyan qarşılığında beynəlxalq birlik heç vaxt Küveytin Səddam Hüseyn tərəfindən işğalına qarşı göstərdiyi qətiyyəti Ermənistanın qanunsuz fəaliyyətinə qarşı nümayiş etdirmədi. Beləliklə, erməni liderlər 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsindən sonra qurulan status- kvonun gələcək onilliklər ərzində dəyişməz qalacağına və bu zaman işğalı geriyə dönüşü olmayan vəziyyətə gətirəcəklərinə ümid edirdilər. Beləliklə, 44 günlük müharibədən əvvəlki illərdə Ermənistan danışıqlar prosesində irəliləyişə nail olunması üçün heç bir şans saxlamadı. İşğal olunmuş Qarabağı Ermənistanın bir hissəsi elan edən Baş Nazir Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyərək münaqişənin sülh yolu ilə həlli üçün bütün beynəlxalq səyləri boşa çıxardı. Xarici siyasətdə təcrübəsiz olan Paşinyan Qarabağı ilhaq etməklə bağlı əsl məqsədlərini gizlədərək danışıqları “müvəffəqiyyətlə” irəli aparan sələflərinin incə siyasi oyunlarını təkrarlaya bilmədi. Eyni zamanda, Paşinyanın müdafiə naziri David Tonoyan yeni ərazilər üçün yeni müharibə” doktrinasını elan edərək hərbi eskalasiya olacağı təqdirdə, daha çox Azərbaycan ərazilərini işğal etmək niyyətində olduqlarını bildirdi. Bununla da o, siyasi atmosferi daha da ağırlaşdırdı və sülh danışıqlarının düşdüyü tabuta daha bir mismar vurdu.


 
Azərbaycan beynəlxalq münasibətlərin necə işlədiyini anlamaqda heç vaxt sadəlövhlük nümayiş etdirməyib. Azərbaycan hökuməti “bütün yumurtaları bir səbətə yığmayacaq qədər” ehtiyatlı idi. Hökumət beynəlxalq təşkilatlarda fəal iş görməklə yanaşı, büdcəsinin əhəmiyyətli hissəsini Silahlı Qüvvələrinin modernizasiyası üçün ayırdı. Məsələn, Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) açıqladığı son məlumatlara görə, Bakı 2011-2020-ci illər ərzində 3.274 milyard dollarlıq silah idxal etdiyi halda, Ermənistan eyni  dövrdə 398 milyon dollar dəyərində silah əldə edib. Bu böyük hərbi güc Azərbaycanın zəngin neft və qaz ehtiyatlarından əldə etdiyi gəlirlər sayəsində mümkün olsa da, eyni zamanda Bakının İrəvanla sülh danışıqlarının əsl mahiyyəti barədə ayıq-sayıq olduğunu nümayiş etdirir. 44 günlük müharibənin başlaması uzun illər ərzində beynəlxalq vasitəçilərin apardığı danışıqlar da daxil olmaqla sülh səylərinin uğursuzluğu nəticəsində baş verdi. Bunun fonunda Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin təxribatına qətiyyətlə reaksiya verdi və 27 sentyabr 2020 -ci ildə zəfərlə nəticələnən əks hücum əməliyyatına başladı. Müharibə münaqişəyə son qoydu və Azərbaycan 90-cı illərin əvvəllərindən Ermənistanın qanunsuz olaraq nəzarətdə saxladığı Azərbaycan ərazilərini işğaldan azad etdi. Bu, Azərbaycanın uzun illər beynəlxalq təşkilatlar çərçivəsində apardığı diplomatik mübarizənin nəticəsi idi. Müharibə bir tərəfdən ədalətin zəfər çalmasından xəbər verərkən, digər tərəfdən münaqişənin hərbi yolla həlli, təəssüf ki, beynəlxalq hüquqi nizam üçün başqa bir fəlakətin carçısı idi. Azərbaycan BMT Nizamnaməsinin özünümüdafiə bəndinə (51-ci maddə) istinad edərək Ermənistanla münaqişənin hərbi yolla həllini heç vaxt istisna etməmişdi. Beynəlxalq ictimaiyyət əksinə, bu son çarənin gündəmdən çıxarılmasının zəruriliyini ardıcıl olaraq israr edir və tərəfləri danışıqlar yolu ilə nəticə əldə etməyə inandırmağa çalışırdı. ABŞ, Rusiya və Fransa 1990-cı illərdə münaqişənin sülh yolu ilə həllini koordinasiya etmək üçün qurulan beynəlxalq missiyanın (yəni ATƏT-in Minsk qrupu) aparıcı (həmsədr) üzvləri idi. Bu vəziyyətdə Ermənistan – Azərbaycan münaqişəsi həm də beynəlxalq problemlərin çoxtərəfli həlli prinsipi üçün sınağa çevrildi. Üç həmsədr ölkənin nümayəndələri münaqişə ölkələrinə saysız-hesabsız səfərlər etdilər, yüksək səviyyəli görüşlər təşkil etdilər, müxtəlif həll formulları təklif etdilər, ancaq bu prosesdə heç bir nəticə əldə olunmadı. Onların uğursuzluğu təkcə yerli amillərdən asılı deyildi, həm də işğalçı dövlətə beynəlxalq hüquqa riayət etmək və silahlı qüvvələrini qonşusunun beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq üçün təzyiq göstərmək istəməmələrindən irəli gəlirdi. Buna həm də həmsədr ölkələrin regionla bağlı tez-tez ziddiyyət təşkil edən geosiyasi maraqları da təsir edirdi.


Ermənistanın və İranın ümid bağladığı Yuxarı Lars yolu (Üstəlik, ən yaxşı halı)

Əslində, postsovet məkanındakı digər ərazi münaqişələri ilə müqayisədə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq vasitəçilik yolu ilə həll olunma şansı daha çox idi. Krım, Abxaziya və Cənubi Osetiya kimi digər regional münaqişələr onları yaxın gələcəkdə həllini mümkünsüz edən əhəmiyyətli geosiyasi köklərə malikdir. Onlardan fərqli olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin heç bir geosiyasi kökü yox idi və bu münaqişə Qərblə Rusiyanın bölgədəki ərazi münaqişələrinin sülh yolu ilə həllində əməkdaşlıq imkanları üçün bir şans idi. Bu əməkdaşlıq beynəlxalq münasibətlərin gələcəyi və dünyanın münaqişədən təsirlənmiş bölgələrinin gələcəyi üçün çox perspektivli bir presedent yaradardı. Bu şans təəssüf ki, əldən verildi. Böyük dövlətlər öz şəxsi maraqlarını və geosiyasi gündəmlərini kənara qoymaqdan, ədaləti və beynəlxalq hüququ müdafiə etməkdən imtina etdilər. Onlar 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsindən sonra qurulmuş status-kvonu üstün tutaraq, Ermənistanın qanunsuz işğalının qurbanı olan bir milyona yaxın azərbaycanlının səsinə məhəl qoymadılar. Təəssüf ki, XX əsrin və yaxın tarixin dəhşətli müharibələrinə baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də beynəlxalq hüquq və konvensiyaları pozmaq üçün özlərini kifayət qədər güclü hesab edən ölkələrə qarşı qətiyyətli addımlar atmayıb.
 
Dünyadakı hərbi strateqləri üçün həyəcan təbili və kiçik dövlətlər üçün stimul 
 
44 günlük müharibə cəmi altı həftə davam etsə də, itkilər baxımından postsovet bölgəsinin ən böyük müharibələrindən biri idi. Rəsmi məlumatlara görə, müharibədə hər iki tərəfdən yeddi minə qədər döyüşçü və yüzdən çox mülki şəxs həyatını itirdi, qeyri-rəsmi statistikada isə itkilərin sayının on mindən çox olduğu bildirilir. Müharibənin bu qədər qısa müddətdə vurduğu itkilər Ukrayna – Rusiya müharibəsi ilə müqayisə olunur (6 aprel 2014 -cü ildən 15 fevral 2020 -ci il tarixinə qədər 14000 minə yaxın insan həyatını itirdi), lakin post-Sovet dövrünə baxsaq, hərbi əməliyyatların intensivliyi müqayisə olunmazdır. Buna baxmayaraq, bir çox hərbi mütəxəssisin fikrinə görə, müharibədə ən müasir hərbi texnlologiyalardan istifadə olunmasaydı, bu, daha çox insan itkisi ilə nəticələnəcəkdi. Müharibənin bu aspekti, yəni, xüsusilə Azərbaycan tərəfdən “dronlar” kimi tanınan pilotsuz uçuş aparatlarının da daxil olduğu müasir hərbi texnologiyanın istifadəsi tez bir zamanda dünyanın hər yerindən olan hərbi ekspertlərin və strateqlərin diqqətini çəkdi. Bir çox müşahidəçilər müharibəni tarixdə ilk dəfə olaraq pilotsuz uçuş aparatlarından istifadə edərək hərbi məqsədlərə nail olunan müharibə kimi qiymətləndirdi və bunu hərbi strategiyada çoxdan gözlənilən bir inqilab olaraq xarakterizə etdilər. Bu, həqiqətən də dövrümüzün yüksək texnologiyalı avadanlıqlarının əvvəlki dövrün adi silahlarına qarşı istifadəsi baxımından bir inqilab idi. Bu müharibə pilotsuz uçuş aparatlarının ənənəvi aviasiyadan üstünlüyünü də nümayiş etdirdi. Bir müşahidəçi haqlı olaraq bu barədə qeyd edir: “Pilotsuz döyüş və kəşfiyyat təyyarələrinin ənənəvi aviasiyadan qat-qat ucuz olduğu məlum olsa da, bu, aviasiyanın pilotsuz uçuş aparatları ilə əvəz olunduğu ilk müharibə idi. Burada hərbi təyyarənin qiymətindən başqa pilotların hazırlanması məsələsi də var. Türkiyənin belə F-16 təyyarələrini idarə edə bilən yalnız bir neçə təlim keçmiş pilotu var”.
 
Məhz bu səbəbdən əksər dövlətlər bu müharibədən nəticə çıxararaq öz müdafiə strategiyalarını yenidən nəzərdən keçirdilər. Məsələn, bir qrup ABŞ hərbi mütəxəssisi, ABŞ-ın 44 günlük müharibədən çıxara biləcəyi bir sıra dərslər müəyyən edib. Onlar qeyd edirlər ki, ABŞ-ın və yaxın rəqiblərinin hərbi imkanları Azərbaycan və ya Ermənistandan çox fərqlidir, buna görə də ABŞ Rusiya və Çin kimi əsas rəqiblərinin Cənubi Qafqazdakı kiçik respublikalar ilə eyni şəkildə mübarizə aparacağını gözləmir, lakin kiçik dövlətlər pilotsuz uçuş aparatları sayəsində məhdud şəraitdə taktiki hava üstünlüyünə nail ola bilərlər. Həmçinin yeni texnologiyaların dövlətlərin hərbi strategiyalarına və ABŞ-ın müdafiə siyasətinə potensial təsirləri də vurğulanır:
 
“Aviasiya imkanları məhdud və rəqibləri ilə bərabər səviyyədə olmayan ölkələr üstünlük əldə edə bilmək üçün pilotsuz uçuş aparatlarının tətbiq edilə biləcəyi zəif nöqtələri müəyyənləşdirməyə çalışacaqlar. Rusiya və Çinin insan tərəfindən idarə olunan sistemlərə ISR [kəşfiyyat, müşahidə, araşdırma] və hədəfəalma missiyalarını əlavə etməklə yanaşı insanlı-insansız qarışıq heyətlər quracağı da gözlənilir. ABŞ ordusu Rusiya və ya Çin qüvvələri ilə birbaşa münaqişədə olmasa da, dünyanın hər yerində mövcud olan proksilərin eyni qabiliyyət səviyyəsinə malik TPP sistemlərindən [taktika, metod və prosedurlar] istifadə edəcəyi ehtimal edilir”.


 
Müəlliflər bu müşahidələrə əsaslanaraq ABŞ rəhbərliyini Ermənistan – Azərbaycan müharibəsindən dərslər çıxarmamağın səbəb ola biləcəyi nəticələrlə bağlı xəbərdarlıq edirlər. Onların dediklərindən aşağıdakıları sitat gətirmək yerinə düşər:

ABŞ ordusu gələcəkdə döyüş meydanına effektli hazırlaşmaq üçün Dağlıq Qarabağdan gələn xəbərdarlığı diqqətlə izləməlidir. Bununla belə, Müdafiə Departamenti bu münaqişədən alınan yalnız taktiki dərslərə baxmamalıdır. Departament münaqişənin daha geniş strateji təsirlərini, o cümlədən az itki və az risklə öz taleyini dəyişmək istəyən ölkələrdə mövcud olan digər dondurulmuş münaqişələrin qızışma ehtimalını nəzərdən keçirməlidir”.
 
Azərbaycanın müharibədə istifadə etdiyi hərbi taktika və strategiyalar, o cümlədən, burada sınaqdan keçirilmiş pilotsuz döyüş təyyarələri heç də hər kəs tərəfindən təhlükə kimi qəbul edilmir. Böyük dövlətlərlə münaqişədə olan kiçik dövlətlər üçün bu, daha qətiyyətli müdafiə siyasəti qurmaq üçün əla fürsətdir. Bir çox mütəxəssis Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində Rusiyanın müttəfiqi olan Ermənistan üzərində hərbi qələbəsinin digər post Sovet dövlətlərinin müdafiə strategiyalarına necə təsir edəcəyini maraqla təhlil edib. Azərbaycanın Türkiyə və İsrail PUA-ları ilə Ermənistanın Sovet/Rus silahları üzərində böyük bir üstünlük qazanması qonşu bölgədə potensial hərbi inqilab ümidi doğurub. Ukrayna, Polşa və Latviya da daxil olmaqla bir çox region ölkələri türk pilotsuz döyüş təyyarələrinin alınmasında maraqlı olduqlarını bildiriblər.
 
Bir tərəfdən bu hərbi vəziyyət kiçik dövlətlərin daha güclü rəqiblərə qarşı daha təsirli müdafiə xətləri qurmasına şərait yaradacaq. Bu, həmin dövlətləri onları təhdid edən dövlətlərin hərbi təzyiqinə qarşı gücləndirəcək, daha inamlı və müstəqil xarici siyasət yürütməyə imkan verəcək. Digər tərəfdən, daha kiçik dövlətlərin müasir texnologiyalarla silahlanması və yeni reallıqlara uyğun olaraq müdafiə strategiyalarına yenidən baxması onlara qarşı böyük güclərin planlaşdırdığı təcavüzün xərclərini kəskin şəkildə artırmaq potensialına malikdir, bu da nəticədə böyük qüvvələrin hərbi gücdən istifadəsini mürəkkəbləşdirir.
 
Yekun Qeydlər
 
Bu hesabatda 44 günlük müharibənin mülahizə və nəticələrinə fərqli bucaqlardan nəzər salınır. Beynəlxalq vasitəçilərin münaqişənin həllini asanlaşdıra bilməməsi, Ermənistana təzyiq göstərməməsi və sonuncunun pozucu davranışları müharibənin baş verməsini şərtləndirən əsas amillərdir. Hesabatda 44 günlük müharibə, onun Ermənistan-diaspor münasibətlərinə təsiri, müharibənin geniş mənada regionun iqtisadi və ümumilikdə beynəlxalq əlaqələrə təsirləri tədqiq olunub. Öz ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan post Sovet məkanının işğal tarixini yenidən yazıb və beynəlxalq hüquq və normalara etinasızlığı aradan qaldırıb. Üstəlik, müharibə göstərdi ki, diplomatik təşəbbüslərin və danışıqların uğursuzluğa düçar olması münaqişənin hərbi yolla həllini qaçılmaz edir. “Münaqişənin hərbi yolla həlli ola bilməz” kimi geniş yayılmış mif tamamilə dağıdılıb. Bu şüar ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən sülh prosesi boyunca dəfələrlə təkrarlanıb, lakin təəssüf ki, bu, yalnız Ermənistanın xeyrinə işləyib. Bu ölkə Azərbaycan ərazilərinin işğalını davam etdirib və beynəlxalq hüququ pozduğuna görə beynəlxalq təzyiqin olmaması səbəbindən cəzasız qalıb. Lakin Azərbaycan sülh təşəbbüsləri iflasa uğrayacağı təqdirdə münaqişənin hərbi yolla həllinin mümkünlüyünü heç zaman istisna etməyib. Prezident İlham Əliyev 44 günlük müharibə boyu dünya mediasına verdiyi çoxsaylı müsahibələr zamanı dəfələrlə bildirib ki, dünya ictimaiyyətinin Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün Ermənistana təzyiq göstərə bilməməsi, 30 ilə yaxın davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyişim olmaması və Ermənistan Baş Naziri Nikol Paşinyanın getdikcə artan militarist mövqeyi müharibəni qaçılmaz edib. Beynəlxalq perspektivdən bu hesabatda 44 günlük müharibənin beynəlxalq əlaqələr üçün üç əsas nəticəsi müəyyən edilir.


 
Birincisi, təəssüf ki, müharibədən əvvəl Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının uğursuz olması və beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa əməl etməsi üçün Ermənistana təzyiq göstərmək istəməməsi Makiavelli vizyonunu təsdiqləyən növbəti nümunədir. Bu baxımdan Ermənistan liderlərinin beynəlxalq hüquqa məhəl qoymaması və beynəlxalq reaksiyanın olmaması səbəbindən onların cəzasız qalması nəinki iki Cənubi Qafqaz ölkəsi arasındakı sülh prosesinə, həmçinin beynəlxalq hüquqi nizama və ona olan inama zərbə təşkil edib.
 
Hesabata əsasən, müharibənin ikinci təsiri daha çox hərbi xarakter daşıyır. Bildirilir ki, son onilliklər ərzində baş vermiş texnoloji inqilabların həyatımızın bütün sahələrini sürətlə dəyişdiyi kimi hərbi sahədən də yan ötməyib. Azərbaycanın 44 günlük müharibədə əsasən müasir silahlanmaya görə qalib gəlməsi bu inqilabın göstəricisidir. Bəzi ölkələr bu inqilaba çağırış kimi baxsalar da, digərləri bunu imkan kimi dəyərləndirir.
 
Yazıda qeyd olunan İkinci Qarabağ müharibəsinin 3-cü təsiri kiçik dövlətlərin böyük güclər qarşısında öz milli maraqlarını müdafiə etmək baxımından daha çox güclənmək potensialı ilə bağlıdır. Bu yeni vəziyyət nəinki kiçik ölkələrin müdafiə imkanlarını artıracaq, həmçinin böyük dövlətlərin hərbi müdafiə xərclərini azaldacaq və onları danışıqlar vasitəsi ilə həll yolunu axtarmağa sövq edəcək.
 
 
Tərcümə edən: Rəfiqə Karvardin 
Redaktə edən: Məlahət Nəcəfova
 


Ana səhifəyə qayıt        Baxış: 12 494          Tarix: 19-10-2021, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma