Suriya müxalifləri paytaxt Dəməşqi də ələ keçirdilər. Ölkə diktatoru Bəşər Əsədin Suriyadan qaçdığı və hökumətin postu könüllü şəkildə müxaliflərə ötürməyə razılıq verdiyi bildirilir.
Bütün bunlardan sonra Suriyada suların durulacağını düşünmək olarmı? Ümumiyyətlə, yaxın zamanlarda bu ölkədə hansı proseslərin gedəcəyi gözlənilir? Suriyada hazırda yaşananlar Yaxın Şərq üçün nələr vəd edir?
Siyasi şərhçi Heydər Oğuzun Musavat.com-a verdiyi açıqlamaya görə, bu gecə Suriyada baş verənlər 54 illik Əsəd sülalə hakimiyyətinin tamamilə tarixə qovuşması anlamına gəlir:
“Amma bu dövlət çevrilişinin təsirləri yalnız Suriya ilə məhdudlaşmayacaq, ilk növbədə Yaxın Şərqdəki qüvvələr nisbətini kökündən dəyişəcək və nəticə etibarilə qlobal geosiyasi nizama da öz təsirini göstərəcək”.
Siyasi şərhçi Yaxın Şərqdə qüvvələr nisbətinin İranın əleyhinə dəyişiləcəyini düşünür:
“Bilirsiniz ki, Yaxın Şərqdə son zamanlara qədər İranın yürütdüyü bir strateji plan vardı. Adına “Şiə Hilalı” deyilən bu layihədə İrandan başlayıb cənubda Yəmənə, şimalda isə Livana qədər uzanan qövsvari xətt boyunca ərazilərin Tehranın nəzarəti altına alınması planlaşdırılırdı. Xüsusilə II Körfəz savaşında İraqın ABŞ tərəfindən işğalı ilə yaranmış güc boşluğunu dolduran İran öz hədəflərinə böyük ölçüdə yaxınlaşmışdı. “Şiə Hilalı”nın şimal hissəsi tamamilə onun nəzarəti altında idi. İraqa İran tərəfdarı olan Həşdi-Şabi, Suriyaya Bəşər Əsədin xeyir-duası ilə SEPAH-ın “Qüds gücü” korpusu və Livan mərkəzli Hizbullah nəzarət edirdi.
Livan isə Hizbullahın əlində idi. İran bu xətt üzərindən rahatlıqla Aralıq dənizinə və İsrailin işğalı altındakı Fələstinə çıxa bilirdi. Bu da İrana həm Oman körfəzindən Aralıq dənizinə qədər ərazilərdə ticarət dəhlizi yaratmaq, həm də İsraili zəiflətmək üçün Fələstini silahlandırmaq imkanı qazandırırdı. Fələstində fəaliyyət göstərən HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixində başlatdığı “Əl-Əqsa tufanı” əməliyyatı ilə bu plan suya düşmüş oldu. İsrail öncə Fələstində başlatdığı əks-hücum əməliyyatlarını daha sonra Livan və Suriya ərazilərində davam etdirdi. Nəticədə İrana bağlı proksilərin qüvvələri ağır zərbə aldı və 10 ildən artıqdır ki, münbit fürsət gözləyən Suriya müxaliflərini də hərəkətə gətirdi. 27 noyabr 2024-cü ildə Suriya müxaliflərinin başlatdığı genişmiqyaslı əks hücum əməliyyatı nəticəsində Bəşər Əsəd rejimi çökdü”.
Heydər Oğuz hesab edir ki, bu gün Yaxın Şərqdə İran və anti-İran qüvvələrin bir-birinə qarşı başlatdığı hücum və əks-hücum əməliyyatları qlobal kommunikasiya xətləri uğrunda mübarizədir:
“Fələstinlilərin ötən ilki “Əl-Əqsa tufanı” əməliyyatı həmin ilin 9-10 sentyabr tarixində Hindistanda keçirilən G-20 zirvəsində alınan bir qərara qarşı müharibə elanı idi. Bilirsiniz ki, həmin zirvədə İsrail, Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı və İordaniya “Yeni Ədviyyat yolu” adlanan bir komminikasiya xəttini qurmaq barədə müqavilə imzalamışdılar. Müqaviləyə əsasən, Hindistandan başlayan kommunikasiya xətti müvafiq sənədə imza atan ərəb ölkələrindən keçib İsrailə, ordan isə Yunanıstana və Avropanın digər bölgələrinə açılacaqdı. Bu isə başda Çin İran və Rusiya olmaqla bir çox ölkələrin maraqlarını təhdid edirdi. Təsadüfi deyil ki, üzərindən 1 ay keçməmiş “Əl-Əqsa tufanı” əməliyyatı başladı və həmin kommunikasiya xətti faktiki olaraq təhlükə altına düşdü.
İlk növbədə ona görə ki, bu əməliyyat İsraili Fələstinə qarşı amansız müharibəyə təşviq edəcək, nəticədə ərəb ölkələri ilə İsraili qarşı-qarşıya gətirəcəkdi. Prinsipcə, xeyli “uzaqgörənlik”lə hazırlanan bu planda yalnız bir məqam gözdən qaçırılmışdı: hədəf götürülən ərəb ölkələrinin İsrail qarşısında gözü kölgəli idi və olduqca geniş səbrləri vardı. Beləcə, ərəb ölkələrinin strateji səbri və hərəkətsizliyi nəticəsində İsrail Fələstində böyük qətliamlarla müşahidə olunan əks-hücum əməliyyatını başa çatdırıb, İrana bağlı digər qüvvələrə qarşı hərəkətə keçdi. Təbii ki, ilk hədəf Livan Hizbullahı oldu. Hizbullahın bütün idarəedici qüvvələri və hərbi bazaları yerlə yeksan olunduqdan sonra ikinci hədəf kimi Suriya seçildi. Suriyadakı SEPAH və Hizbullah qüvvələrini də sıradan çıxaran İsrail birbaşa İrana hücum etdi. 25-26 oktyabr tarixində İranın bütün strateji hərbi bazalarını, o cümlədən hava hücumundan müdafiə sistemlərini vuran İsrail onu tam müdafiəsiz hala gətirdi. Nəticədə İran və Rusiyanın çətiri altına sığınan Bəşər Əsəd rejimi də ağır yara aldı. Bu da azmış kimi, onun digər himayədarı Rusiyanın da başı Ukraynada ağır döyüşlərə qarışmışdı. Bəşər Əsədin qarşılaşdığı bu həssas vəziyyət uzun illərdən bəri Suriya diktatorunun təklənməsini gözləyən ölkə daxilindəki qüvvələri də mübarizəyə həvəsləndirdi və rejim ciddi dirəniş göstərmədən çökdü”.
Məhz bu məntiqdən çıxış edən həmsöhbətimiz Suriyada yaşanan hadisələrin Çindən İrana və Rusiyaya qədər bir çox ölkələrə təsir göstərəcəyini düşünür:
“Suriyadan sonra Qərb ölkələrinin başlıca hədəfinin İran və İraq olacağını maraqlı tərəflər də gizlətmir. Bu isə, hər şeydən əvvəl “Şiə Hilalı” proyektinin bütün tərəflərinin sıradan çıxarılması anlamına gəlir. “Şiə Hilalı”nın sıradan çıxarılması Çinin “Bir kəmər, bir Yol” layihəsinin cənub marşrutunun tarixə qovuşması, Hindistan-İran münasibətlərinin sıfırlanması deməkdir.
Bundan əlavə, “Şiə Hilalı” proyektinin iflasa uğraması Çinin Yaxın Şərqə açılımının da qarşısında ciddi əngələ çevriləcək. Məlum olduğu kimi, Çin Yaxın Şərqdən ABŞ-ı sıxışdırıb çıxarmaq və ya daha avantajlı mövqe qazanmaq üçün İranla Səudiyyə Ərəbistanını və digər körfəz ölkələrini barışdırmaq yolunu tutdu. Bu məqsədlə onları Pekində görüşdürüb aralarındakı diplomatik əlaqələri yenidən bərpa etmələrinə nail oldu. Yaxın Şərqdə yaranan yeni situasiya isə bu ölkələri yenidən məzhəbi didişmələrə sürükləyəcək və qarşı-qarşıya gətirəcək. Nəticədə yenə ən böyük zərbənin İrana dəyəcəyi gözlənilir. Böyük ehtimalla, regionda sıxışdırılan İran son çarə olaraq Hörmüz boğazını bağlamağa çalışacaq. Bu da regional gərginliyi daha da artıracaq və qlobal enerji bazarına dalğalanmalara yol açacaq. Nəticədə Suriyada başlayan gərginliyin ağır zərbəsi Avropa və Asiyanın inkişaf etmiş sənaye ölkələrindən də təsirsiz ötüşməyəcək”.
Heydər Oğuz hesab edir ki, Suriya hadisələrində ən ağır zərbə alanlardan biri də Rusiya olacaq:
“Əvvəla, Rusiyanın bu hadisələrdən məğlub kimi ayrılması onun onsuz da beşparalıq olan hərbi imicinin yerlərdə sürüklənməsinə yol açacaq və digər daha güclü düşmənlərini cəsarətləndirəcək. Bir başqa önəmli problem Rusiyanın Qara dənizdən Aralıq dənizinə çıxışında yaşanacaq. Bəllidir ki, Rusiyanın Aralıq dənizində iki strateji hərbi bazası var – Tartus Limanı və Xmeymüm hava bazası. Bu hərbi bazaların əlindən çıxması Rusiyanın Aralıq dənizinə nəzarətini itirməsi və bu dənizdə saxladığı təyyarə və gəmiləri dərhal ordan çıxarması ilə nəticələnəcək. Aralıq dənizində donanması yoxdursa, təbii ki, Qara dənizdə saxlanılan donanmaya da ehtiyac qalmayacaq. Zira Qara dəniz donanmasının əsas məqsədi Aralıq dənizə, ordan isə Süveyş kanalı ilə Hind okeanına çıxmaqdır.
Tartus limanının itirilməsi və Türkiyənin Montro Konvensiyasına əsaslanaraq Rusiya gəmilərinə qarşı tətbiq etdiyi keçiş qadağaları faktiki olaraq bu imkanı da ortadan qaldırır. Odur ki, Aralıq dənizində istinadgahını itirən Rusiya öz gəmilərini bu su hövzəsindən çıxarmalıdır. Amma haraya? Rus hərb gəmilərinin çəkiləcəyi su hövzələrindən biri Baltik dənizidir ki, o da NATO-nun tam nəzarətindədir. Digər su hövzəsi Yapon, Oxot və Berinq dənizləridir ki, bu dənizlərə çəkilmək Rusiyanın hərbi donanmasının ABŞ, Kanada və Yaponiyanın dəniz qüvvələrinin mühasirəsinə düşməsi deməkdir. Şimali Buzlu okeanına və ya Şimal dənizlərinə çəkilmək isə Aralıq dənizinə məxsus gəmilərin yemi deyil. Bu perspektiv nəinki qışda, hətta yazda və payızda donaraq buz altında qalmaq mənasına gəlir. Bir sözlə, Suriyanın tamamilə itirilməsi Rusiya üçün hərbi dəniz qüvvələrindən məhrum olmaqla nəticələnə bilər. Müasir imperializm dənizlərə nəzarət üzərində qurulduğundan Rusiyanın dənizsiz qalması imperial hədəflərdən də imtina etməsi taleyi ilə üzləşmək deməkdir”.
Nə İranın, nə Rusiyanın, nə də Çinin bu perspektivlə razılaşacağına inanan həmsöhbətimiz Suriya böhranının qlobal miqyaslı müharibələrə yol açacağından ehtiyatlanır:
“Xüsusilə, Rusiyanın Tartus limanı və Xmeymüm aeroportundan asanlıqla vaz keçəcəyini gözləmək sadəlövhlükdür. Rusiya çalışdığı qədər həmin hərbi bazanın yerləşdiyi Lazkiya əyalətini əlində saxlamağa çalışacaq. Bu məqsədlə də əyalətdə məskunlaşan ələviləri (nusayriləri) separatizmə meyllənməyə həvəsləndirəcək. Bəşər Əsədin də bu məzhəbdən olduğunu nəzərə alsaq, onun devrilməsindən Suriyada narahatlıq keçirən əsas qüvvə də nusrayrilərdir. Suriyanın 60%-ni təşkil edən sünnilərlə onsuz da “qanlı bıçaq” olan nusrayrilər tarix boyu düşmənləri ilə bir arada yaşamaq istəməyiblər. Nusayriləri Suriyaya bağlayan yeganə bağ Əsəd tayfasının hakimiyyətdə olması və öz məzhəb nümayəndələrinə hökumət orqanlarında böyük paylar verilməsi idi. İndi isə bu bağ da ortadan qalxır. Nusayrilərin bu perspektivlə razılaşması mümkün deyil.
Nəzərə alsaq ki, nusayrilərin məskunlaşdığı Lazkiya vilayəti Suriyanın Aralıq dənizinə açılan yeganə bölgəsidir, onun separatizmə yuvarlanması ölkənin tamamilə parçalanmasının da əsasını qoya bilər. Suriyanın parçalanması ilə isə nəinki ölkə xalqı, heç regional dövlətlər, o cümlədən qardaş Türkiyə də razılaşmaz. Bütün bu amillər Suriyada daxili hesablaşmaların Bəşər Əsəddən sonra da bitməyəcəyini, əksinə xarici güc mərkəzlərini regionda amansız rəqabətə cəlb edəcəyindən daha da qızışacağını göstərir”.
Heydər Oğuz Moskvanın qarşılaşdığı bu durumu şahmatdakı “zuqzvanq” vəziyyəti ilə eyniləşdirir:
“Zuqzvanq vəziyyəti tərəflərdən birinin rəqib həmləsindən sonra çıxılmaz vəziyyətdə qalmasına bənzəyir. Yəni şahmatçı rəqibin bu həmləsindən sonra istənilən gedişi etməsinə baxmayaraq mat vəziyyətinə düşür. Rusiya da Suriya müxaliflərinin məlum həmləsindən sonra Tartusdan çıxsa da, çıxmasa da məğlubiyyətlə üzləşəcək. Çıxarsa, imperial potensialını könüllü itirəcək, çıxmasa isə onu zorla çıxaracaqlar”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
Paylaş: