Xəbər lenti
Dünən, 19:25

 

“Onun bu gün təbliğ etdiyi siyasi qüvvələr vaxtilə atası Osman Mirzəyevin təmsil olunduğu iqtidara qarşı çıxıblar”

“Əgər Sevinc Osmanqızının atası rəhmətlik Osman Mirzəyev bu gün sağ olsaydı, qızının hərəkətlərinə əsla haqq qazandırmazdı, onu dəstəkləməzdi”.

Ovqat.com xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Azərbaycanın sabiq Prezidenti Ayaz Mütəllibov bildirib.

A.Mütəllibov Sevinc Osmanqızını siyasi oyunlara qoşulduğuna görə qınayıb:

“Rəhmətlik Osman Mirzəyev çox alicənab və Vətənini sevən insan idi. O, çox ehtiyatlı adam olub. Mən onu hər zaman yaxşı şəxsiyyət kimi qəbul etmişəm. Bu gün də belə qəbul edirəm. Ona görə də inanmıram ki, bu gün mərhum Osman Mirzəyev sağ olsaydı, qızının hərəkətlərinə əsla dəstək verməzdi. Əksinə, onu bu yoldan çəkindirməyə çalışardı. Bilmirəm ki, bu, onun şəxsi incikliyinin və yaxud nəyinsə nəticəsidir. Amma Sevinc Osmanqızı bu cür hərəkətləri ilə atasının adına xələl gətirir. Bunu belə düşünmək olar. Zənnimcə, onun siyasi söhbətlərə qoşulması düzgün deyil”.

"Sevinc Osmanqızı atasının adına xələl gətirir"

Sabiq Prezident qeyd edib ki, indi Sevinc Osmanqızının təbliğ etdiyi siyasi qüvvələr vaxtilə mərhum Osman Mirzəyevin təmsil olunduğu iqtidara qarşı çıxmış şəxslər olublar:

“Rəhmətlik Osman Mirzəyev mənim komandamın sadiq üzvlərindən biri olub. Mən onun təcrübəsinə hər zaman yüksək qiymət vermişəm. Əminəm ki, rəhmətlik Osman Mirzəyev bu gün yaşasaydı, yenə dəyişməyəcəkdi. Rəhmətlik yerini bilən və Azərbaycanın müstəqilliyi uğrunda çalışan ziyalı insan idi. Bu cür şəxslər isə adətən iqtidaryönümlü olurlar. Osman Mirzəyev Prezident Administrasiyasında da işləyib. Əgər iqtidarı istəməsəydi, Prezident Administrasiyasında işləməzdi. Mən Sevinc Osmanqızına Azərbaycana münasibətdə ehtiyatlı olmağı tövsiyə edirəm. Çünki Azərbaycana qarşı olan xarici qüvvələr fəaliyyətdədir. Xoşagəlməz hadisələr baş verir. Hər bir azərbaycanlı, o cümlədən Sevinc Osmanqızı yaxşı-yaxşı düşünməlidir, ehtiyatlı olmalıdır, onun hərəkətləri Azərbaycana ziyan vura bilər. Şübhəsiz ki, bu cür adamlardan istifadə etməyə çalışan qüvvələr də var. Onlara alət olmamalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 685          Tarix: 14-08-2019, 03:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma