Xəbər lenti


Dünya boyunca azərbaycanlıların bir oyanış, toparlanma, qalxınma prosesi gedir. Əlbəttə, səbəbsiz deyil. İyulun 12-də Ermənistanın Tovuzda törətdiyi təxribatlar, biri general olmaqla 11 hərbçimizi şəhid etmələri, 1 mülki vətəndaşımızı qətlə yetirmələri Azərbaycan xalqını son dərəcə hiddətləndirdi. Həm Azərbaycanın daxilində - paytaxt Bakıda və bir sıra regionlarda, həm də xaricdəki azərbaycanlılar ordumuza, dövlətimizə dəstək, erməni təxribatlarına qəzəb ifadə edərək ayağa qalxdılar, aksiyalar, yürüşlər keçirdilər.

Amerikada, Avropada soydaşlarımız haqq səsimizi dünyaya çatdırmaq istəyərkən, növbəti erməni təxribatları başladı.

Azərbaycanlılara qarşı xain hücumlar təşkil olundu. Mənzərə bundan ibarətdir: ermənilər Amerikada, Avropada, Rusiyada da azərbaycanlılara qarşı təxribatlar törədir, soydaşlarımıza hücum çəkir, onları döyərək, qanına qəltan edirlər. Los-Anceles, Brüsseldə baş verənlərdən sonra Rusiya, habelə digər MDB, Avropa ölkələrində də azərbaycanlılara hücum edilir, onların obyektlərinə basqın olunur, dağıdılır. Hətta ermənilər Kiyevdə artıq azərbaycanlılara güllə də atırlar! Bizim soydaşlarımız da onlara layiqincə reaksiyalar, cavablar verirlər. Proseslərin gedişatı, inkişafı hər kəsin gözü önündədir və geniş izahlar verməyə ehtiyac yoxdur.


Faktiki olaraq hazırda bütün dünya çapında azərbaycanlılarla ermənilər arasında böyük bir çatışma gedir. İndiyədək heç zaman bu miqyasda olmamışdı proseslər. Dünyanın hər yerində bir Azərbaycan, Qarabağ davası gedir. Bu, azərbaycanlıların milli, torpaq, qürur davasıdır!


Belə bir məqamda Amerikada, Avropada yaşayan, əllərində onlayn tv-ləri olan, zaman-zaman “ağıllı” məsləhətlər verən, vətənpərvərlikdən dəm vuan, tənqidlər edən mühacir azərbaycanlıların bir qismi tam antimilli bir mövqe tutdu. Çatlaq səslər gəldi onlardan.


Millətin yanında olduğunu bəyan eləmədilər, erməniləri qətiyyən pisləmədilər. Media savaşı açmadılar. Bəziləri özünü hətta lap “ağıllı” göstərərək, “Vətənşüvənlik pikdə: xaricdə ermənilərlə azərbaycanlıları kim vuruşdurur”  tipində absurd mövqe qoydular. Bəli, bunu o məşhur Sevinc Osmanqızı yazıb! Milli Şuranın, Cəmil Həsənlinin, Əli Kərimlinin gözünün işığı, platforması olan media quruluşları erməniləri unudub, rəsmi Bakını ittiham etdilər, etməkdədirlər.


Özlərini “vətən fədaisi”, Azərbaycan, “demokratiya sevdalısı” göstərən Orduxan Teymurxan, Vidadi İsgəndərli kimiləri isə soydaşlarımıza dəstək vermələri bir yana, tamamilə anti-Azərbaycan, erməni mövqeyindən çıxış etdilər özlərinin youtube kanallarında. Dövlətimizə həqarət yağdırdılar. Ermənilərə qarşı dinmədilər, danışmadılar, yalnız Azərbaycana qənim kəsildiklərini nümayiş etdirdilər. Erməni bloggerlər öz dövlətinə, millətinə qarşı belə hərəkət edərdimi? Amma bu nadan “azərbaycanlılar”lar Azərbaycana qarşı belə davrandılar.
 


Nə aydın olur? Bir daha bəlli olur ki, bu adamlar Avropada ermənipərərst qüvvələrə bağlıdırlar, maddən onlardan qidalanırlar. Əvvəllər də qeyd edildiyi kimi, müəyyən bir dairələrin casus şəbəkələrinin üzvü kimi çalışırlar.

Təsəvvür edin, azərbaycanlıların dünya miqyasında milli davası gedir, adamlar əllərindəki media, sosial şəbəkə resurslarını soydaşlarımızın tribunasına çevirmək, haqq davasına qoşulmaq əvəzinə “azərbaycanlılarla erməniləri kim dalaşdırır”, "bu cür toqquşmalar Əliyevə sərf edir" başlıqları ilə reportajlar yayırlar. Necə yəni kim dalaşdırır? Ermənilər azərbaycanlılara 100 ildən çoxdur savaş açıblar axı, “yaddaşsız” adam! Onlar hətta bu sualı verən jurnalist Sevinc Osmanqızının atasını şəhid ediblər, unudub, deyəsən?!


Sanki ermənilərlə 2020-ci ilin 12 iyulunda təsadüfən başlayıb, sakitləşdirmək yerinə kimlərsə daha da qızışdırır...

Təxribatçı, cinayətkar məhz ermənilər və Ermənistandır. Ermənilər Azərbaycanın torpaqlarını 200 ildir zəbt, işğal edib, tarixi ərazilərimizdə dövlət qurublar, Dağlıq Qarabağı isə 30 ildir işğalda saxlayırlar. Üstəlik, Türkiyə torpaqlarına, Ağrı dağa da iddia edirlər. Daha aydın olmayan nə var axı?! İndi də ermənilər ənənəvi işğalçılıq, təxribatçılıq missiyalarını davam etdirirlər. Fərqlilik ondadır ki, indi azərbaycanlılar dünyanın hər yerində bir araya gələrək, yumruq kimi birləşərək, ermənilərə qarşı savaşırlar.
Bu davaya dünyanın hər yerində bütün azərbaycanlılar qoşulub, milli dava statusunu alıb. Millətin bütün fərdləri imkanlarını səfərbər edib. Xaricdəki biznes strukturlarının rəhbərləri erməniləri iqtisadi olaraq çökdürmək üçün onlara embarqolar qoyur, diaspor təşkilatları, fəalları həqiqətləri çatdırmaq üçün bütün mümkün variantlardan istifadə edir, sadə azərbaycanlılar küçələrə, nümayişlərə çıxırlar


Siyasi mövqeyindən, baxışlarından asılı olmayaraq xaricdəki azərbaycanlılar birgə müqavimət təşkil edir Azərbaycan, Qarabağ naminə. Əlbəttə, onların arasında Avropadakı, Amerikadakı klassik müxalifətçilər də var. Xalq hərəkatından çıxan şəxslər və onların övladları – vətənə, Azərbaycana bağlı olan hər kim varsa, bu prosesdə ön sıralarda yer alır. Məsələn, bu hakimiyyətə qarşı kəskin müxalifətdə olan mühacir Mirzə Sakitin oğlu Cahandar Brüsseldə ermənilərlə şir kimi vuruşub.


Ancaq xaricdə zaman-zaman özünü “ağıllı”, “lokomativ” kimi sırımağa çalışan, əllərində onlayn media imkanları olan bəziləri öz niyyətlərini, məqsədlərini və missiyalarını bu prosesdə tam ifşa etmiş oldular. Bu sınaq dövründə davranışları ilə təsdiq etdilər ki, məhz Azərbaycan dövlətinə qarşıdırlar, məqsədləri dövlətimizi qaralamaq, zəif düşürmək, hədəfə çıxarmaqdır. Haradan qidalandıqları, kimlərin oyununu oynadıqlarını da erməni təxribatlarına haqq qazandırmaqları, ermənilərin yanında olmaqları ilə sübuta yetirirlər.
“Yeni Müsavat”





Ana səhifəyə qayıt        Baxış: 3 152          Tarix: 25-07-2020, 18:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma