Xəbər lenti

 
Ukrayna, əhalisi dünyada ən sürətli templə azalan ölkələrdən biridir. 
 
Ovqat.com xəbər verir ki, BMT-nin hazırladığı "Demoqrafik proseslər" haqqında hesabatda belə deyilir.
 
BMT analitiklərinin proqnozlarına görə, 2050-ci ilə qədər Ukraynada əhalinin sayı 35 milyon nəfərə qədər düşə bilər. Hesabatda bunun səbəbi doğum əmsalının aşağı düşməsi, ölüm sayının yüksək olması və son zamanlar miqrasiya miqyasının artması kimi göstərilir. Ekspertlər hesab edirlər ki, rəsmi Kiyev sabit siyasi və maliyyə sistemlərinin yaradılması yolu ilə əhalinin tükənməsinin qarşısını ala bilər. 
 
Ukrayna əhalisinin son rəsmi siyahıyaalınması 2001-ci ildə keçirilib. Onun nəticələrinə görə, ölkədə 48 240 902 nəfər var idi. Ukraynanın sabiq baş naziri Nikolay Azarov da BMT analitiklərinin proqnozlarını doğrulayıb. Azarovun fikrincə, ölkədə hər il "bütöv bir şəhər vəfat edir". Siyasətçi əlavə edib ki, hazırda Ukrayna Avropanın ən yoxsul ölkəsinə çevrilib.
 
Qeyd edək ki, Ukraynanın rusyönümlü Viktor Yanukoviç hakimiyyətinin Moskvanın təzyiqi ilə 2013-cü ildə Aİ-nin Assosiasiya sazişini imzalamaqdan imtina etməsi ilə ölkədə hələ də durulmayan proseslərin başlanmasına yol açıb. Ukrayna xalqı ölkənin tərəqqisi ümidi ilə Avropa İttifaqına üzv olmasının önünü kəsən hakimiyyətə qarşı meydanlara tökülmüş və bir neçə ay davam edən etiraz aksiyaları 2014-cü ilin fevralında Viktor Yanukoviçin ölkədən qaçması ilə nəticələnmişdi. Yanukoviçin devrilməsindən sonra Moskva Ukraynanın bir sıra əyalələrindəki rus əhalini ayağa qaldırmış, Donbass və Krımı ələ keçirmişdi. Rusiyanın bu işğalçılıq siyasətinə qarşısında Avropadan və NATO-dan gözlədiyi dəstəyi ala bilməyən Ukrayna xalqı bugünkü ağır vəziyyətlə üzləşmişdir. 
 
BMT-nin hesabatından göründüyü kimi, Ukraynada Rusiyanın təzyiqi ilə yaşanan böhran ən ciddi təsirlərini əhalinin sayının azalmasında göstərir. 2001-ci ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticələrinə görə, 49 milyona yaxınlaşan Ukrayna əhalisi 2018-ci ildə Dövlət Statistika Xidməti tərəfindən açıqlanan məlumatda 42,216,766 nəfərə qədər enib. Bu, 17 ildə 6 milyon nəfərə qədər azalma deməkdir. Bu azalma Norveç (5.3 milyon) və Danimarika (5.8 milyon) kimi Avropa ölkələrinin əhalisinin sayından çoxdur. BMT-nin hesabatı özünü doğrultsa, gələcək 30 ildə sözügedən rəqəm 14 milyona qədər yüksələ bilər.

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 4 458          Tarix: 28-11-2021, 11:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma