Xəbər lenti

 
Rusiyanın KTMT öhdəliklərini bəhanə gətirərək təşkilatın hər hansı üzvündə baş verən siyasi proseslərə müdaxilə edə bilməz.
 
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Rusiyanın Qazaxıstana hərbi müdaxiləsini şərh edərkən belə deyib.
 
Partiya sədri Ovqat.com-a açıqlamasında bildirib ki, KTMT hərbi təşkilatdır və onun təyinatı üzv dövlətlərdən biri hücuma məruz qalacağı təqdirdə kollektiv müdafiəni nəzərdə tutur: “Hətta KTMT Nizamnaməsinin 5. Maddəsində açıq şəkildə bildirilir ki, bu qurum üzv dövlətlərin milli yurisdiksiyasına aid məsələlərə qarışa bilməz. Qazaxıstanda baş verən iqtişaşlar isə qaz qiymətlərinin artımından doğan narazılığın nəzarətdən çıxmasıdır. Yəni tamamilə Qazaxıstanın daxili məsələsidir. Burada hər hansı xarici qüvvənin açıq şəkildə müdaxiləsindən söhbət gedə bilməz və Qazaxıstanın siyasi hakimiyyəti də bu iddianı irəli sürmür. Odur ki, Qazaxıstan prezidenti Qasım Cömərd Tokayevin KTMT-ni köməyə çağırması da, Rusiya qoşunlarının bu ölkəyə daxil olması da heç bir hüquq normalarına sığmır və açıq şəkildə işğal nümunəsidir”.
 
İlyas İsmayılovun fikrincə, Rusiya Qazaxıstanı işğal etməklə beynəlxalq aləmə yenidən rus imperiyasını qura biləcəyinə dair mesajlar verir, Ukraynanı və digər post-sovet məkanlarını necə işğal edəcəyinin örnəyini sərgiləyir: “Sirr deyil ki, NATO və Qərb dövlətləri bir neçə gün sonra Ukrayna məsələsini Rusiya ilə müzakirəyə hazırlaşırdı. Ayın 10-da ABŞ-la, 12-də isə NATO ilə danışıqlar aparılması planlaşdırılırdı. Görünür, Rusiya bu danışıqlara daha da mürəkkəbləşdirilmiş mövzularla getmək istəyir. Ukrayna məsələsində öz istəyinə çata bilməyəcəyi təqdirdə həmin ölkədə də hibrid savaşı çıxaracağını göstərir. Hesab edirəm ki, dünya birliyi Qazaxıstanın işğalına laqeyd qalmamalıdır. Bütün dövlətlər kimliyindən asılı olmayaraq beynəlxalq hüquqa hörmət etməlidirlər”.


Ana səhifəyə qayıt        Baxış: 6 488          Tarix: 6-01-2022, 20:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma