Xəbər lenti

 
Qarabağ ətrafındakı hazırkı vəziyyəti Ermənistana rəhbərlik edən liderin şəxsiyyəti dəyişdirməyəcək.
 
Ovqat.com-un məlumatına görə, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan belə düşünür.
 
Ter-Petrosyan İLur.am saytına verdiyi açıqlamada bildirib ki, hazırkı daxili siyasi qarşıdurma aparılan çətin danışıqlarda İrəvanın  mövqelərini zəiflədir. Məhz bu səbəbdən də o, bugünkü müxalifətin məqsədlərini başa düşmək çətindir. 
 
Ter-Petrosyan Ermənistanın Baş naziri Nikol Paşinyana  “kapitulator” damğası vurulmasını da düzgün hesab etmir və həqiqəti əks etdirməyən bu damğanın Serj Sarkisyan tərəfindən Paşinyana yapışdırıldığına inanır.  
 
“Əslində isə təslim olan Paşinyan yox, Ermənistan idi. Paşinyan sadəcə Ermənistan adından kapitulyasiya aktına imza atıb. Ona görə də Paşinyanı kim – istər Robert Köçəryan, istər Serj Sarkisyan, istərsə də İşxan Saqatelyan əvəzləsə belə, onlar Ermənistanın üzərinə qoyulan öhdəlikləri olduğu kimi yerinə yetirəcəklər. Beləliklə, problem Ermənistan liderinin şəxsiyyətindən asılı deyil”.


 
O, əmindir ki, bu sadə həqiqət başa düşülməzsə və daxili siyasi təlatümlər davam edərsə, o zaman yekun sənədi kimin imzalamasından asılı olmayaraq, Ermənistan üzərinə daha ağrılı öhdəliklər qoyulacaq
 
Eks-prezidentin fikrincə, əgər müxalifət bu faktdan xəbərsizdirsə, deməli, onun ümumiyyətlə siyasətdən başı çıxmır; əgər fərqindədirsə, amma sabitliyi pozmaqda davam edirsə, deməli, tamam başqa məqsədlər güdür: “Bu da onu göstərir ki, müxalifətin məqsədləri ilə ölkənin milli maraqları arasında heç bir əlaqə yoxdur”. 
 
Bununla yanaşı, Ter-Petrosyan hakimiyyətin nümayişçilərə qarşı sərt hərəkətlərini də antimilli addım hesab edir.
 
Gələcəyə nikbinliyini itirməyən eks prezident iqtidarla müxaliflərin Ermənistan üçün yarana biləcək real təhlükənin miqyasını başa düşəcəklərinə və bir-birlərinə güzəştə gedəcəklərinə ümid edir. Ter-Petrosyan ziyalıları da Robert Köçəryanı, Serj Sarkisyan və Nikol Paşinyanı danışıqlar masasına oturtmağa və vəziyyətdən çıxış yolunu birgə tapmağa məcbur etməyə çağırıb.


 
Ermənistanın paytaxtında və müxtəlif şəhərlərində hakimiyyətə qarşı etiraz aksiyalarının təşkilatçısı, “Müqavimət” hərəkatının koordinatoru İşxan Saqatelyan isə Levon Ter-Petrosyanın ümidlərini alt-üst edib. Saqatelyanın fikrincə, tarix Ter-Petrosyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı arqumentlərini təkzib edib və onların mümkünsüzlüyünü göstərib.
 
Dünən İrəvanda keçirilən mitinqdə çıxış edən Saqatelyan onu da bildirib ki, Ter-Petrosyan 90-cı illərdə də Qarabağla bağlı güzəştlərdə israr edir və bu güzəştlərə gedilməsə Ermənistanın inkişaf edə bilməyəcəyini bildirirdi: “Lakin Ter-Petrosyandan sonra yeni qüvvələr hakimiyyətə gəldi və ondan sonra keçən 20 il ərzində Ermənistan heç nədə güzəştə getmədən davamlı inkişafını davam etdirdi”.
 
Saqatelyan həmçinin qeyd edib ki, Ter-Petrosyanın erməni siyasilərini danışıqlar masası arxasına əyləşməyə çağırışı da yersizdir və müxalifətin Paşinyanla danışacağı heç nə yoxdur.


 
Xatırladaq ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar, müxtəlif dövlət binalarına yürüş keçirirlər.
 
Etiraz aksiyalarının artmasına Ermənistanın baş nazirinin Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı bir neçə səs-küylü bəyanatı səbəb olub. Bunlardan ən əsası isə, xarici havadarlarının erməni tərəfinə Qarabağla əlaqədar hədəflərini aşağı endirməsini tələb etməsi ilə bağlı fikirlərdir. Paşinyanın fikrincə, beynəlxalq güc mərkəzləri əks halda Ermənistanı dəstəkləyəcəklərini, Azərbaycan qarşısında müdafiəsiz buraxacaqlarını açıq bəyan edirlər.


 
Maraqlıdır ki, mitinqlərin yenidən başladığı gün – mayın 2-də Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan ABŞ-a 4 günlük səfərə gedib. Bəzi təxminlərə görə, rəsmi İrəvan da əslində bu səfər ərəfəsində etiraz mitinqlərinin keçirilməsində maraqlı idi. Çünki Vaşinqtondakı tərəf müqabillərinə “xalq güzəştlərə hazır deyil” bəhanəsini çatdırmaq istəyir və prosesləri öz xeyirlərinə dəyişməyə çalışırlar. Bu arqument Rusiyanın post-sovet ərazilərində yürütdüyü separatizmi dəstəkləmə siyasətinə haqq qazandırdığın üçün Qərb ölkələrinin ermənilərlə razılaşması mümkün görünmür
 
Bu mənada İrəvandakı vəziyyəti sabitləşdirmək üçün Ter-Petrosyanı meydana çıxarılması da Ararat Mirzoyanın Vaşinqtondan aldığı cavabla əlaqədar ola bilər. 
 
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 288          Tarix: 6-05-2022, 08:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma