Xəbər lenti


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ceyms Vulen onu “tac üstündə almaz” adlandırıb və bildirib ki, Dmitri Polyakov 25 il ərzində amerikalı kəşfiyyatçıları məxfi informasiyalarla təmin edərək sovet xüsusi xidmət orqanlarının fəaliyyətini iflic vəziyyətinə salıb.

Faktlar da sübut edir ki, SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin generalı Dmitri Polyakov amerikalılara işləyən ən “məhsuldar” agent olub. Məhz onun sayəsində 25 il ərzində 20-dən artıq sovet kəşfiyyatçısı, minlərlə agent  ələ keçib. Ümumilikdə Polyakov xarici ölkələrdən və SSRİ-dən olan 15 min agenti satıb, ABŞ-a 25 qutu məxfi sənəd keçirib. Bunların arasında qərargah sənədləri, silahlanma haqqında göstəriciləri əks etdirən sənədlər, SSRİ-nin strateji planları, agentlərin məxfi qovluqları yer alıb.
Dmitri Polyakov 1921-ci ildə Ukraynada anadan olub. Orta məktəbi bitirdikdən sonra artilleriya məktəbində təhsil alıb. Sovet-alman müharibəsində Ukrayna və cənub cəbhəsində hərbi xidmətdə olub, döyüş əməliyyatlarında iştirak edib, dəflərlə yüksək dövlət mükafatları ilə təltif olunub.

Müharibədən sonra Dmitri Polyakov Frunza adına Hərbi Akademiyada təhsilini davam etdirib. Eyni zamanda o, Baş Qərargahın xüsusi kurslarını da keçib. Akademiyanı bitirdikdən sonra Dmitri Polyakovu Baş Kəşfiyyat İdarəsinə xidmətə qəbul ediblər.
1951-1959-cu illərdə Dmitri Polyakov BMT-də SSRİ nümayəndəliyində hərbi ataşe vəzifəsinə göndərilib. Bu, onun rəsmi vəzifəsi olub, əslində isə Polyakov Baş Kəşfiyyat İdarəsinin ABŞ-dakı rezidentinin müavini vəzifəsini icra edib və bu, məxfi saxlanılıb.
1961-ci ildə Dmitri Polyakov könüllü olaraq ABŞ Federal Təhqiqatlar Bürosuna əməkdaşlıq təklif edib. FTB təklifi dərhal qəbul edərək onu Mərkəzi Kəşfiyyat İdarəsinə ötürüb.

Polyakov sonralar bu addımı nəyə görə atdığını açıqlayarkən bildirib ki, o, sovet rejimini, Xruşşovun apardığı siyasəti qəbul edə bilmədiyindən buna məcbur olub. Amma onun xəyanətinin başqa səbəbi də olub.
Belə ki, Polyakov ABŞ-da işləyərkən onun oğlu dünyaya gəlib. Üç aydan sonra yeni doğulmuş körpədə ağır xəstəlik aşkar olunub. Uşağın müalicəsi üçün 400 dollar pul lazım olub ki, Polyakovun ailə büdcəsində həmin vəsait olmayıb. Belə çətin bir məqamda Polyakov kömək üçün Amerikadan SSRİ-dəki rəhbərliyinə müraciət edib. Müraciətin cavabı müxtəlif bəhanələrlə uzadılıb və sonda ona heç bir kömək göstərilməyib. Polyakovun oğlu xəstəlikdən ölüb. Bu hadisə onu son dərəcə sarsıdıb. Bununlada o, incik sovet vətəndaşı kimi Mərkəzi Kəşfiyyat İdarəsinə işləməyə başlayıb.

Təkcə 26 noyabr 1961-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə məxfi görüşündə Dmitri Polyakov SSRİ DTK-sının və Baş Kəşfiyyat İdarəsinin Amerikada gizli fəaliyyət göstərən 47 əməkdaşının adını açıqlayıb, onların fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
1973-cü ildə Dmitri Polyakov Hindistana sovet kəşfiyyatının rezidenti vəzifəsinə göndərilib, daha sonra  xidmətini Birmada davam etdirib.
1980-ci ildə səhhətində problem yarananda Polyakov Baş Kəşfiyyat İdarəsinin kadrlar idarəsində kabinet işinə keçib. Burada onun bütün kadr sənədlərinə çıxış imkanları yaranıb. Polyakov bu vəzifədə də amerikalıları informasiyalarla təmin etməyi davam etdirib.
Həmin ərəfədə Polyakov ABŞ rəsmilərindən təklif alıb. Onu təhlükəsiz və məxfi şəkildə Vaşinqtona keçirməyi vəd ediblər. Sovet generalı isə bu təklifdən imtina edib.

Dmitri Polyakovun ABŞ-a casusluq etməsi yalnız 25 ildən sonra açılıb. SSRİ DTK-sına işləyən amerikalı kəşfiyyatçılar Oldriç Emsom və Robert Xanssenomun verdiyi informasiyalar yoxlanıldıqdan sonra 7 iyul 1986-cı ildə Dmitri Polyakov həbs edilib. Bir ildən artıq davam edən istintaqdan sonra onun 27 noyabr 1987-ci ildə istintaq materialları SSRİ Ali Məhkəməsinə təqdim edilib. Məhkəmə Dmitri Polyakov haqqında ən ağır hökmü, güllələnmə hökmünü çıxarıb. Hökm 15 mart 1988-ci ildə icra olunub.

Qeyd edək ki, Amerikaya xidmət etdiyi 25 il ərzində Polyakov ABŞ-ın birinci şəxsləri tərəfindən də tanınıb və onun xidmətləri ABŞ rəsmləri tərəfindən yüksək dəyərləndirilib. O, ABŞ-ın yüksək dairələrində o qədər böyük nüfuza sahib olub ki, hətta ABŞ prezidenti Ronald Reyqan Mixail Qorbaçovla görüşündə sovet liderindən Dmitri Polyakovun azad olunmasını, yaxud da dəyişdirilməsini xahiş edib. Amma bu, gecikmiş xahiş olub. Belə ki, Ronald Reyqan Mixail Qorbaçova Dmitri Polyakovla bağlı müraciət edəndə artıq gec olub. Qorbaçov “artıq gecdir, Polyakov güllələnib”,- deyə amerikalı həmkarının xahişi yerinə yetirə bilməyəcəyini söyləyib.

İlham Cəmiloğlu, Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 761          Tarix: 10-07-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma